Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan iki il ötür.
44 günlük Vətən müharibəsi dövründə ordumuz irəlilədikcə, döyüşlərdə qələbələr qazandıqca müzəffər Azərbaycan Ordusunun gücü qarşısında aciz qalan təcavüzkar Ermənistan hərbi cinayətlər törədərək yaşayış məntəqələrini atəşə tutur, mülki şəxsləri hədəfə alırdı. 17 Oktyabr 2020-ci tarixində gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri Gəncədə dinc sakinlərin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket atəşinə tutularaq qətlə yetirilməsi Cenevrə Konvensiyasının müddəalarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozan düşmənin nə qədər qəddar və məkrli olduğunu bir daha sübut etdi.
Qeyd edək ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Ümumilikdə, bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Bu itkilər nə qədər ağır, ağrılı olsa da, xalqımızın mübarizlik ruhunu qıra bilmədi. Vətəndaşlarımız yüksək vətənpərvərlik, həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə nümayiş etdirib, milli ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərdilər. Biz isə ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmadıq. Biz müharibəni ləyaqətlə aparmışıq, biz döyüş meydanında düşmənə cavab vermişik. Bu, bir daha xalqımızın böyüklüyünü göstərdi, siyasətimizin düzgünlüyünü göstərdi.
Bütün bunların fonunda beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərə laqeyd qalmamalı, bu ölkənin cinayətkar rəhbərliyi məsuliyyətə cəlb olunmalı və törətdiyi qəddar əməllərə görə cavab verməlidir.