Qazaxıstanın Baş prokuroru Azərbaycana rəsmi səfərə gəlib
Qazaxıstanın Baş prokuroru Berik Asılovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
“Turanın səsi ” xəbər verir ki, səfər Baş prokuror Kamran Əliyevin dəvətilə baş tutub. Məqsəd MDB dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş Prokurorlarının 4-cü iclasına qatılmaq olub.
K.Əliyev qonaqla görüşdə vurğulayıb ki, etnik, tarixi, mədəni və dini ortaqlıqlar olan ölkələrimiz arasında son illərdə müxtəlif sahələrdə əlaqələrin inkişafı, ikitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsi və yeni əməkdaşlıq imkanlarının yaranmasında Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında olan qarşılıqlı etimad və dialoq mühüm rol oynayır.
Həmçinin bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq və hüquq-mühafizə orqanları arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirərək hüquqi yardım, ekstradisiya, prokurorların təlimi və digər əhəmiyyətli sahələrdə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.
B.Asılov təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib. O, iki ölkə arasında mövcud əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün çətinliklərdə bir-birinə dəstək verdiyini diqqətə çatdırıb.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.