Özbəkistanın Baş prokuroru Azərbaycana gəldi
Özbəkistanın Baş prokuroru Niqmatulla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.
“Turanın səsi ” xəbər verir ki, səfər Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvətilə baş tutub.
N.Yuldoşev Bakıda keçiriləcək MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş Prokurorlarının 4-cü iclasında iştirak edəcək.
Azərbaycanın Baş prokuroru özbək həmkarı ilə keçirdiyi görüşdə tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini, dövlət başçılarının apardıqları uzaqgörən xarici siyasət nəticəsində ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlədiyini vurğulayıb.
Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkəmizdə hüquq qaydasının möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması istiqamətində aparılan islahatlar barədə həmkarına məlumat verib.
K.Əliyev bildirib ki, işğaldan azad edilmiş Füzuli şəhərində qardaş Özbəkistan dövlətinin tikdiyi Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin keçən ay keçirilən açılış mərasimində hər iki ölkə rəhbərinin iştirakı xalqlarımız arasında olan qardaşlıq münasibətlərinin əyani sübutudur.
Özbəkistanın Baş prokuroru müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün qeyd edildiyi dövrdə ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edərək Ulu Öndərin Azərbaycan və Özbəkistan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin banisi olduğunu qeyd edib.
N.Yuldoşev iki ölkənin prokurorluq orqanları arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.