Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb.
“Turanın səsi ” in məlumatına görə, mətndə deyilir:
“Hörmətli həmvətənlər!
Sizi – Azərbaycanın yəhudi icmasını yeni il bayramınız Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfələr verən Azərbaycanda tarixən olduğu kimi, bu gün də yüksək birgəyaşayış mədəniyyəti, ayrı-ayrı xalqların və dinlərin nümayəndələri arasında nümunəvi dostluq və qardaşlıq münasibətləri hökm sürür. Müasir demokratik prinsiplər əsasında insan hüquq və azadlıqlarının təminatı, etnik azlıqların dil və mədəniyyətinin qorunub saxlanılması, multikultural dəyərlərin və tolerantlıq ənənələrinin təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin başlıca istiqamətlərindəndir.
Etnomədəni rəngarəngliyi ilə seçilən ölkəmizdə yüz illərdir məskunlaşan və Azərbaycanı özünə doğma vətən bilən yəhudi icması sülh, əmin-amanlıq şəraitində yaşayaraq heç vaxt antisemitizmə, ayrı-seçkiliyə məruz qalmamış, cəmiyyətimizin ayrılmaz hissəsinə və bərabərhüquqlu üzvünə çevrilmişdir. Əlamətdar haldır ki, yəhudi əsilli vətəndaşlarımız respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edir, ümumi evimiz olan Azərbaycanın inkişafı və tərəqqisi naminə səylərini əsirgəmirlər.
Əziz dostlar!
Roş ha-Şana yeniləşmə, xoş müjdələr, mənəvi saflıq bayramıdır. Bu əziz gün münasibətilə bir daha hamınıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!”