Bolqarıstan parlamentarisi: “Qarabağda qondarma “seçkilər” təcavüzkar separatizmin təzahürüdür”

0

Azərbaycanın Qarabağ bölgəsindəki qondarma “seçkilər” təcavüzkar separatizmin təzahürüdür.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Turanın səsi ” nə verilən məlumata görə, bunu Bolqarıstan Milli Assambleyasının Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Həmid Həmid Milli Məclisinin sədri Sahibə Qafarovaya məktubunda bildirib.

O, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri qismində son illər Cənubi Qafqaz regionunda cərəyan edən prosesləri diqqətlə izlədiyini, nəhayət regionda uzunmüddətli sülhün və sabitliyin bərqərar olması üçün zamanın yetişdiyini bildirib.

Məktubda Azərbaycanın öz ərazilərini erməni işğalından azad etdikdən sonra beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistanla münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması təşəbbüsü ilə çıxış etdiyi vurğulanıb. İstənilən anlaşmanın ölkələrin bir-birilərinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, daxili işlərə qarışmama kimi prinsiplər əsasında əldə olunmalı olduğu bildirilib.

Daha sonra beynəlxalq tərəfdaşların fəal iştirakı ilə davam edən sülh danışıqlarına təhlükə yaradan bir sıra proseslərin baş verməsi təəssüf hissi ilə qeyd olunub. Ermənistanın Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejimə dəstəyini davam etdirməsi sülh danışıqlarına xələl gətirən və regionda vəziyyətin daha da gərginləşdirilməsinə yönəlmiş addım kimi dəyərləndirilib.

Beləliklə, məktubda bu qanunsuz rejim tərəfindən 2023-cü il sentyabrın 9-da qondarma “prezident seçkiləri”nin keçirilməsi beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulması və bugünkü dünyada qəbuledilməz hal olan təcavüzkar separatizmin təzahürü kimi qiymətləndirilib.

Dostluq qrupunun rəhbəri bu “seçkilər”in beynəlxalq ictimaiyyət tərəfindən pislənməsi və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün qəti şəkildə dəstəklənməli olduğuna dair mövqeyini ifadə edib.

Sonda Həmid Həmid sülh prosesinə təhlükə yaradan istənilən addımın rədd edilməli və qarşısının alınmalı olduğunu bildirib. O, beynəlxalq ictimaiyyəti Cənubi Qafqaza çoxdan gözlənilən sülh və sabitlik gətirəcək sülh danışıqlarının konstruktiv şəkildə davam etdirilməsini dəstəkləməyə çağırıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir