Ruslar separatçıları divara dirədi: Ağdam – Xankəndi yolunun açılmasının pərdəarxası
“Son günlər Qarabağın dağlıq hissəsində baş verənlər və separatçılar arasındakı hadisələr təhlükəli ssenari ilə inkişaf edir. Belə ki, sentyabrın 9-da qondarma rejimin yeni seçilmiş “hakimiyyət orqanları” bəyan ediblər ki, “blokada”nın yaratdığı kəskin “humanitar problemlər”in yumşaldılması zərurətindən çıxış edərək, Rusiya mallarının sülhməramlıların vasitəsilə Qarabağa daxil olmasına icazə vermək qərarına gəliblər”.
“Turanın səsi ” xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Qəzet yazır ki, bu açıqlamadan sonra Ermənistan hökumətinin təbliğat maşını və Ermənistanın Sorosa yaxın dairələri hay-küy salıblar ki, separatçı xuntanın yeni “hakimiyyət”i sabiq “lider” Araik Arutyunyanın etmədiyini edərək, Ağdam vasitəsilə yüklərin qəbuluna razılıq verib.
Xatırladaq ki, iki həftəyə yaxındır ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 40 ton unla dolu olan iki yük maşını Ağdam-Xankəndi yolunda dayansa da, Qarabağ erməniləri bu yardımı qəbul etməkdən boyun qaçırırlar.
Erməni nəşri yazır ki, ruslar tanınmamış “DQR” rejimi ilə ultimatum dilində danışıblar:
“Maraqlıdır, Araik Arutyunyanın dönəmində Samvel Şahramanyanın bir çox tərəfdarları Ağdam yolunun istismarından kəskin şəkildə imtina etdiyi halda yeni “iqtidar” Ağdam vasitəsilə yüklərin qəbuluna niyə razı oldu?”
Qəzetin Qarabağdakı mənbələri qeyd edib ki, burada məsələnin məğzi fərqlidir:
“Onsuz da Samvel Babayan və onun ideoloji tərəfdarları Ağdamdan keçərək ticarətin aparılmasının əleyhinə deyillər. Onlar qeyd ediblər ki, yaxın zamanlarda Əsgəranda böyük bazar açılacaq və ruslar vasitəsilə Ağdamdan gələn yüklər məhz oraya çatacaq”.
KİV-in məlumatına görə, separatçı rejim “hakimiyyət”inin yuxarıda qeyd olunan qərarından əvvəl Samvel Şahramanyanla Rusiyanın Qarabağda müvəqqəti yerləşmiş sülhməramlı missiyasının nümayəndələri arasında uzunmüddətli danışıqlar aparılıb:
“Qərardan əvvəl bir neçə saat çətin söhbət olub. Ruslar əmin ediblər ki, bu, Laçına yolu açmaq üçün son şansdır və istənilən qərar Qarabağda yeni müharibəyə gətirib çıxara bilər. “Artsax” nümayəndələri isə qeyd edib ki, Laçın dəhlizində fasiləsiz nəqliyyatın təmin edilməsi funksiyası heç bir ilkin şərt olmadan ruslar tərəfindən təmin edilməlidir. Lakin ruslar geosiyasi hadisələrin onların xeyrinə olmadığını, mövqelərini zəiflətdiyini bildirərək, özlərinə haqq qazandırıblar. Onlar “Artsax” nümayəndələrinə bu şansı əldən verməməyi tövsiyə ediblər. Bildiriblər ki, Prezident İlham Əliyev Ağdam yolunun açılışını şəxsən elan etdiyindən azərbaycanlılar öz tələbindən geri çəkilmək istəmirlər. Gərgin keçən görüşdə rus komandirlərinin əsəbi ultimatumunun danışıqlarda həlledici əhəmiyyəti olub. Bu, rusların “Artsax” nümayəndələrinə sonuncu təklifi olub”.
Nəşr bildirib ki, Şahramanyan qərar qəbul etməzdən əvvəl Əsgərana gedib və oradakı “keçid məntəqəsi”ndə xidmətdə olanlarla söhbət edərək vəziyyəti onlara izah edib:
“Lakin sentyabrın 9-da axşam saatlarında “Artsax” nümayəndələri Rusiyanın göndərdiyi yükü qəbul etmək üçün yoxlama aparatları ilə Əsgəran keçid məntəqəsinə gəlsələr də, Azərbaycanın Laçın yolunun açılması ilə bağlı razılaşmadan imtina etdiyini yerindəcə öyrəniblər. Bir neçə saat sonra isə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirdi ki, bu, ayrıca razılaşmadır və Ağdam və Laçın yollarının Qırmızı Xaç Cəmiyyətinin tədarükləri üçün eyni vaxtda açılması təklifi ilə qarışdırılmamalıdır.
Hazırda “Artsax”dakı siyasi gərginlik fonunda “hakimiyyət” ilə ruslar arasında da anlaşılmazlıq hökm sürür. Bu hadisələrdən sonra “Artsax “və Ermənistanda anti-Rusiya münasibəti daha da güclənəcək ki, bu da rusların regionu tərk etməsinə səbəb ola bilər”.