Antiterror əməliyyatı başlasa -DEPUTAT fikir bildirdi

0

Rusiya sülhməramlıları hansı mövqedə duracaqlar?

Son günlər Ermənistanın şərti sərhəd zonasında əl atdığı hərbi təxribatlar genişlənməkdədir. Azərbaycan Ordusu düşmənə lazımi şəkildə cavab verir. Təxribatların miqyasının genişlənməsi isə öz növbəsində sülh prosesini arxa plana keçirir. Vətən müharibəsinin bitməsindən ötən 3 illik dövr ərzində Ermənistan dəfələrlə bu kimi təxribatlara əl atıb və lazımi cavabı alıb. Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində düşmən geri oturdulub. Hətta separatçı tör-töküntülər törətdikləri təxribatlara görə layiqli şəkildə cəzalandırılıblar. İndiki halda isə Qarabağdakı separatçı rejim yenidən müəyyən siyasi-hərbi təxribatlara hazırlaşır. Bunu qondarma rejim üzvləri bildirirlər. Onlar hətta Azərbaycana qarşı hər hansı silahlı “müqavimətdən” belə bəhs edirlər. Nəzərə alsaq ki, sentyabrın 9-da qondarma rejim yenidən siyasi təxribata əl atmaq və qeyri-legitim “seçkilər” keçirmək fikrindədir, Azərbaycan yenidən antiterror əməliyyatı keçirə bilərmi?

Azərbaycanın hüququdur…

Turanın səsi ” xəbər verir ki , bu barədə fikir bildirən Milli Məclisin deputatı Arzu Nağıyev son vaxtlar baş verən hadisələrlə bağlı genişmiqyaslı hərbi əməliyyata ehtiyac olmadığını düşündüyünü bildirib. Onun sözlərinə görə, Xankəndi və onun ətrafında yerləşən məntəqələrdə olan bəzi separatçı qüvvələrin, terror təşkilatlarının zərərsizləşdirilməsi üçün 4-5 saatlıq antiterror əməliyyatı keçirmək mümkündür. Bu yolla onları birmənalı şəkildə ərazidən çıxarmaq, müqavimət göstərəcəkləri halda isə məhv etmək olar: “Amma son vaxtlar baş verən təxribatlar əsasən sərhəddə baş verir. Ermənistan bu yolla siyasi manipulyasiya etməyə çalışır. Onlar çalışırlar ki, həm KTMT üzvü kimi, həm də müxtəlif siyasi şoularda İrəvana kömək edən xarici dövlət və təşkilatların sərhəddə olmasından istifadə edərək antitəbliğat qursunlar. Onlar nümayiş etdirməyə çalışırlar ki, guya Azərbaycan humanitar təhlükə yaradır”.

Məsələ ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev də Qarabağ regionunda hansısa hərbi hərəkətlənmələrin gözlənildiyini diqqətə çatdırıb. O bildirib ki, bunun necə adlandırılması vacib olmayacaq – biz həmin ərazilərdə daha əvvələr də qisas əməliyyatı keçirmişik və bu dəfə də çəkindirmə, təmizləmə əməliyyatlarından istifadə edə bilərik: “Əməliyyatın necə adlandırılması vacib deyil. Vacib odur ki, birgə bəyanatın imzalanmasından 3 il keçməsinə baxmayaraq Rusiyanın sülhməramlı kontingenti və Ermənistan üzərinə düşən öhdəlikləri tam həcmdə yerinə yetirməyiblər. Erməni silahlılarının istifadəsində olan texnika və vasitələr Azərbaycana təhvil verilməyib, silahlılar ərazidən çıxarılmayıb. Erməni əsilli Azərbaycan vətəndaşları həmin bölgəyə qayıtsa da, Azərbaycan əsilli vətəndaşlar hələ də öz doğma yurd yuvalarına qayıtmayıblar. Eyni zamanda, təxribatlar son aylarda kifayət qədər intensiv xarakter alıb. Belə olan halda, Azərbaycan baş verən təxribatların qarşısının alınması və birgə bəyanatın tələblərinin, o cümlədən BMT TŞ-nin məlum 4 qətnaməsinin tam həcmdə yerinə yetirilməsi üçün Rusiya kontigentinin müvəqqəti məsuliyyət zonasında olan ərazilərində əməliyyatlar keçirə bilər”.

Rusiya kontingentinin mane olmaq şansı yoxdur…

Maraqlıdır ki, belə bir əməliyyatın baş verəcəyi təqdirdə Rusiya sülhməramlılarının davranışı necə olacaq? 2020-ci ildə bağlanan Üçtərəfli Bəyanatın müvafiq bəndlərinə görə, Azərbaycanın bəzi ərazilərinə yerləşdirilən sülhməramlılar beynəlxalq hüquqa söykənən bu əməliyyatlara qarşı hansı mövqedən çıxış edəcəklər?

Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, həmin ərazidə Rusiyanın sülhməramlı qüvvələri var. Əgər orada hər hansı bir tədbir baş tutacaqsa, yəqin ki, sülhməramlı kontingent beynəlxalq hüquqa, konvensiyalara istinad edəcək, haqqın tərəfində olacaq. “Əsas məqam da odur ki, həm KTMT üzvləri, həm də beynəlxalq səviyyədə ermənilərin müraciət etdikləri subeyktlər – məsələn, BMT TŞ üzvləri Azərbaycana qarşı hər hansı bir qətnamə qəbul etməyiblər. Onlar da anlayır ki, bu proses ermənilərin yaratdığı şoudur. Xankəndidəki qondarma rejim qeyri-legitim bir “seçkiyə” hazırlaşır ki, bu da yolverilməzdir. Bir sözlə, antiterror əməliyatı keçirmək ən son addım sayılır və bunun üçün hansısa “müharibəyə” ehtiyac yoxdur. Təbii ki, antiterror əməliyyatı keçirmək Azərbaycanın haqqıdır və ölkəmiz bununla heç bir beynəlxalq qanunu pozmur. Qarabağda yaşayan erməni əsilli şəxslərə dəfələrlə müraciətlər edilib, təmasların formalaşdırılması məsələsi aktuallaşıb, alternativ yollar təklif olunub. Antiterror əməliyyatı isə ən son yoldur. Həmin regionla bağlı bizim kifayət qədər məlumatımız var-orada olan terrorçuların da, silahların da sayı məlumdur. Haradan onlara silah gəlir o da məlumdur. Onlar tam nəzarətdədir və başa düşməlidirlər ki, Azərabaycan bayrağı altında, Azərbaycan Konstitusiyasına uyğun yaşamaq onlar üçün ən ideal seçimdir. Digərləri hansı ki, istər birinci, istərsə də ikinci Qarabağ müharibəsində cinayətlər törədiblər, onlar da öz cinayətlərinə görə cavab verməlidirlər”, – deyə A.Nağıyev əlavə edib.

Hərbi ekspert Ədalət Verdiyev isə bildirib ki, Rusiya sülhməramlılarının vəzifələri ?çtərəfli Bəyanatla tənzimlənir. Orada qeyd olunur ki, sülhməramlı kontingent atəşkəs rejiminə riayət olunmasına nəzarət edir: “Amma onlar buna nəzarət edə bilmədilər. Azərbaycana qarşı radioelektron hücumlar belə həyata keçirildi. Hətta rus sülhməramlıları ermənilərin mövqelərinə silah daşınmasını müşayiət etdilər. Sülhməramlıların gözü qarşısında Azərbaycan ərazilərində Azərbaycan ordusuna qarşı mühəndis istehkam qurğuları inşa olunur. Belə olan halda Azərbaycan tərəfinə Rusiya kontingentinin mane olmaq şansı yoxdur. Biz sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan ərazilərdə ötən ilin mart ayının 24-dən bu günə qədər irili-xırdalı 12 əməliyyat keçirmişik. Sonuncu əməliyyat Laçın dövlət sərhəd buraxılış məntəqəsinin qurulması olub. Bu əməliyyatların heç birində Rusiya kontingenti aşkar şəkildə bizə qarşı fəaliyət göstərməyib. Kimsə düşünürsə ki, Qarabağdakı erməni kontingenti Azərabycana qarşı savaşmaq, müqavimət göstərmək potensialına malikdir, səhv edir. Onlar bu potensialı 2020-ci ildə itiriblər”.

Hərbi ekspert bildirib ki, Fərrux, Qırxqız, Sarıbaba, 20-54 yüksəklikləri, Laçın rayon mərkəzi, Sus, Zabux, Allahqulular kəndi və başqa ərazilər Azərbaycan Ordusu tərəfindən məhz Rusiya kontingenti həmin ərazidə olan müddətdə azad edilib. Erməni tərəfinin bu əməliyyatlara müqaviməti olmayıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir