Deputat : “Özbəkistan-Azərbaycan münasibətləri Orta Dəhliz layihəsi ilə bağlı işləri sürətləndirəcək”

0

Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq nəinki regionda, eyni zamanda, bütün Avrasiya məkanında xalqlar arasında iqtisadi, mədəni, siyasi, diplomatik əlaqələrin dərinləşməsini, insanların daha yaxşı, rifah içində yaşaması üçün yeni qərarların qəbul olunması, yanaşmaların tətbiq edilməsində əzmkarlıq nümayiş etdirir.
Ölkəmiz özünün çoxvektorlu xarici diplomatiyasında dost və tərəfdaş olan ölkələrlə münasibətlərin yeni mərhələdə inkişaf etdirilməsində maraqlıdır. Bunun əyani göstəricisidir ki, son zamanlarda dövlət başçılarının qarşılıqlı səfərlərini müşahidə etməkdəyik.
Turanın səsi ” xəbər verir ki , bunu açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.


Onun sözlərinə görə, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin prezident seçkilərindən sonra ilk rəsmi səfərini Azərbaycana etməsi ölkəmizin regionda, eləcə də beynəlxalq arenada sərgilədiyi düzgün siyasəti, eyni zamanda, İkinci Qarabağ – Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərin Özbəkistan tərəfindən dəstəklənməsi, habelə Azərbaycanın beynəlxalq platformalarda icra etdiyi bütün layihələrə birmənalı dəstəyi ilə bağlıdır.


Dostluq və qardaşlıq göstəricisi hesab edilə biləcək səfər çərçivəsində iki ölkə arasında geniş tərkibdə məhsuldar görüşlər oldu, həm beynəlxalq, həm də iqtisadi sahələrdə qarşılıqlı fəaliyyətlə bağlı məsələlər nəzərdən keçirildi.
“Əminliklə deyə bilərik ki, səfər qarşılıqlı əlaqələrin, mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, əməkdaşlığın genişləndirilməsinə xidmət edən sənədlərin imzalanması ilə tarixə keçdi. Belə ki, görüşlərin ən mühüm nəticələrindən biri də, “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”nin və daha 19 sənədin imzalanması oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Sözügedən fakt ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir.”
Bununla da enerji, nəqliyyat-logistika, media, gənclər siyasəti və idman, mədəniyyət sahələrini əhatə edən əməkdaşlıqların genişləndirilməsi barədə ümumi razılığa gəlindi”, – deyə deputat bildirib.
Azərbaycan və Özbəkistan xalqlarının hər ikisinin türkdilli, qardaş xalqlar olduğunu diqqətə çatdıran Məzahir Əfəndiyev əlavə edib: “Son illərdə yaxın dost və qardaşlığa çevrilmiş münasibətlər hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Xüsusilə qeyd edim ki, media sahəsində sazişin imzalanması informasiya siyasətində birgə addımlamağa perspektivlər açacaq. Azərbaycanda Özbəkistan, Özbəkistanda isə Azərbaycan mədəniyyəti günlərinin təşkili, Özbəkistanda Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin 100 illiyinə həsr olunmuş anım tədbirlərinin keçirilməsi və digər toplantılar münasibətləri daha da möhkəmləndirir”.
Deputatın sözlərinə görə, səfər çərçivəsində Azərbaycanla Özbəkistan Prezidentləri və xanımlarının işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfərləri, quruculuq işləri ilə tanışlıqlar, sakinlərlə görüşləri bir daha göstərdi ki, Özbəkistan qardaş Azərbaycanın Qarabağ regionunun dirçəldilməsi prosesinə töhfə verməkdə maraqlıdır.
Azərbaycan və Özbəkistan arasında qarşılıqlı tərəfdaşlıq, eyni zamanda, beynəlxalq müstəvidə də uğurla inkişaf edir. Hər iki dövlət bir sıra mötəbər beynəlxalq təşkilatlar, BMT, MDB, TDT çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər.
“Bu səfərin xüsusi məqamlarından biri də odur ki, Azərbaycan artıq Şərqdən Qərbə logistik imkanların genişləndirilməsi istiqamətində istər qanunvericilik, istərsə də təşkilatı məsələlərin həllinə yaxınlaşmaqdadır. Belə ki, Çinin təklif etdiyi “Bir kəmər, bir yol” layihəsini dəstəkləyən ilk dövlətlərdən biri də Azərbaycandır. Eyni zamanda, Qərbdən Şərqə doğru yeni ticarət dəhlizinin tamamlanması siyasətinin Cənubi Qafqazda reallaşması üçün Azərbaycan öz üzərinə düşən işləri görməkdədir. Bu baxımdan, Orta Asiyada inkişaf etməkdə olan Özbəkistanla Azərbaycanın mövcud ikitərəfli münasibətlərinin yeni müstəvidə vüsət alması Orta Dəhliz layihəsi ilə bağlı aparıla biləcək işlərin də sürətlənməsini mümkün edəcəkdir.
Beləliklə regionun aparıcı qüvvəsi, lokomotivi olaraq artıq ölkəmizin geosiyasi əhəmiyyətinin gündən-günə artdığını müşahidə etməkdəyik. Son illərdə Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərlərinin müntəzəm xarakter alması ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının güclənməsində və mədəni-humanitar, ictimai-siyasi əlaqələrin yüksək zirvəyə çatmasına səbəb olmuşdur”, – deyə M.Əfəndiyev vurğulayıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir