“Türkiyə güclü zəlzələlər dövrünə girdi…” – Tanınmışlar İstanbulu tərk edir
“Türkiyə güclü zəlzələlər dövrünə qədəm qoyur”. Belə bir qorxunc qənaəti türkiyəli seysmoloq Naci Görür irəli sürüb.
“Minimum 7 ballıq zəlzələ olacaq və İstanbulda olan komanda ilə fəlakətin idarə edilməsi mümkün olmayacaq. Zəlzələyə hazırlıqlı olmaq lazımdır”, – o bildirib.
Seysmoloqa görə, İstanbulda dağıdıcı zəlzələlərin yüksək ehtimalı ilə bağlı səlahiyyətli şəxslərə dəfələrlə xəbərdarlıq edilib. Onun fikrincə, ehtimal olunan güclü zəlzələdə 100 minə yaxın ev dağıla bilər. Mütəxəssis bildirib ki, şəhərdə bir çox evlər potensial zəlzələlərə hazır deyil, ona görə də onlar böyük təhlükə altındadır. Bundan əlavə, o deyib ki, sakinlərin yeraltı təkanların qurbanı olmaması üçün İstanbulda zəlzələyə davamlı evlərin tikintisinə başlamaq lazımdır. “Əvvəlcə onların qayğısına qalaq, həyatı təhlükədə olan insanlar üçün evlər tikək”, – deyə alim çağırış edib.
Qeyd edək ki, İstanbulla bağlı bu qəbil bədbin proqnozlar son vaxtlar artıb. Bəs seysmologiyada “güclü zəlzələlər dövrü” deyilən anlayış varmı, varsa, bu nə qədər zaman alacaq? İkinci yandan, “fəlakətin idarə edilməsi” nə demək?
Yeri gəlmişkən, İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı, geoloq Celal Şengör yaşadığı İstanbul şəhərini tərk edib. Onun köçməsinə səbəb baş verəcək Mərmərə zəlzələsindən özünü qorumaq olub. Bakıda olanda da Cəlal Şengör bu məsələyə toxunmuşdu: “Təəssüf ki, bizim hökumətlər buna qarşı tədbirlər görmədiyi üçün bu zəlzələ tam bir fəlakət olacaq”, – o, qeyd edib.
Onun sözlərinə görə, belə bir zəlzələ baş verdiyi halda, ən azı bir milyon insan həyatını itirəcək.
Celal Şengör İstanbulu tərk edən yeganə tanınmış şəxs deyil. Aktyor Tolgahan Sayışmanla həyat yoldaşı və uşaqları da şəhəri tərk ediblər. Onlar Albaniyada dəbdəbəli villa alaraq ora köçüblər.
“Turanın səsi ” in xəbərinə görə , AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mövzu ilə bağlı mətbuata açıqlamasında deyib ki, neçə illərdir deyirlər ki, İstanbulda binalar sökülüb təzədən tikilməlidir, zəlzələ təhlükəsi var: “Bəli, İstanbulda zəlzələ olub, olacaq da. Çünki Mərmərə dənizindən oraya dərinlik qırılması ki var, bu hissə təhlükəlidir. Nə vaxt olacaq? Kim deyə bilir, desin də. Kahramanmaraşda zəlzələ olandan bu yana deyirlər İstanbulda güclü zəlzələ olacaq. 6 ay ərzində 20 milyonluq əhali harada gözləsin?! Təbii ki, hazır olmaq lazımdır. İşini elə tutmalısan ki, risklər minimuma ensin. Binaların hamısı seysmikə qarşı davamlı olmalıdır. Hər bir bina yoxlanılmalıdır. Binaları tikdikdə maksimum dərəcədə baş verə biləcək zəlzələni nəzərə alıb layihələndirmək lazımdır.
Tutaq ki, buranın maqnitudası 7-dən artıqdır. 8, 9, 10 ballıq zəlzələ olsa, binalarda fəsadlar az olsun, insan tələfatı az olsun. Yoxsa kim deyir ki, orada zəlzələ olmayacaq. Zəlzələ bölgəsində zəlzələ olar da. Amma bunun dəqiq, qısamüddətli proqnozu yoxdur. Nə vaxt olacağını demək mümkün deyil. Mən inkar etmirəm, seysmoloqların fikrini də dəstəkləyirəm. Türkiyədə bu günə kimi dəhşətli zəlzələlər olub. Türkiyə yüksək aktiv seysmik zonada yerləşir. Şərqi Anadolu, Şimali Anadolu qırılması ki var, belə tektonik qırılmalar baş verir, o fəaldır. Gərək hazır olasan, işini elə tutasan ki, peşmanlıq olmasın”.
Mərkəzin baş direktoru əlavə edib ki, ümumiyyətlə, İstanbulda qəzalı binalardan əhali köçürülməlidir: “Binalar bərpa olunmalıdır. Qəzalı vəziyyətdə olan binalarda əhalini saxlamaq təhlükəlidir. Biz Kahramanmaraşda nə gördük. Orada keyfiyyətsiz binalar da var idi, keyfiyyətli tikilən binalar da. Ancaq hər bir binanın altı ayrıca öyrənilməmişdi. Biz Kahramanmaraşda işlədik, lap episentrdə. Binalar arasında 7-8 metr məsafə var idi, biri çöküb, o birində isə kolonların arasında bağlamalar ki var, orada çatlar əmələ gəlmişdi. Bina çöküb, armaturlar çıxıb, kalonlar dağılıb. Amma yanındakı binaya heç nə olmayıb, çünki normativlərə uyğun möhkəm tikilib.
Bu nə deməkdir, dalğa gələndə o mühitdən keçib, layların məsaməliyi, nəmliyi, sululuğu, yatımı, mexaniki xüsusiyyətləri və sairə, bunlar hamısı, dalğa oradan keçəndə enerji buraxır, onlar hesablanmalıdır. Binalar layihələndirilən zaman yüklər hesablanmalıdır. Texniki davamiyyəti gözləmək üçün bu normativləri, dediyim bu tələbləri yerinə yetirmək lazımdır”.
Qeyd edək ki, Türkiyədə ard-arda baş verən zəlzələlər dövlət qurumlarını hərəkətə keçirib. Ölkədə zəlzələ qanunu üzrə layihə işlərinə başlanılıb. Belə ki, Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi yeni qanuna əsasən, İstanbul şəhərindəki tikililərin daha ciddi yoxlanılacağını açıqlayıb. Həmçinin nazirlikdən bildirilib ki, İstanbulda baş verə biləcək 7 bal gücündə zəlzələdə 600 min evin dağılacağı təxmin edilir. Bunun qarşısını almaq üçün isə bir sıra təxirəsalınmaz tədbirlər görüləcək: “Binalara bir-bir baxış keçiriləcək. Araşdırmalar aparılacaq, riskli tikililər, zərurət yaranarsa, söküləcək. Komandalar həmişə meydanda olacaq. Bir çox binaların altında mağaza və iş yerlərinin olması tikilinin uçma riskini artırdığına görə bu işə nəzarət artırılacaq. Torpaq süxurları üzrə verilən rəyə əsasən, bəzi ərazilərdə tikintiyə icazə verilməyəcək”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI