“FETÖ-Mübariz Mənsimov əlaqələrinə dair məlumatlar bizləri daha ayıq-sayıq olmağa vadar edir” – RƏY
“FETÖ-Mübariz Mənsimov əlaqələrinə dair mediada gedən məlumatlar bizləri daha ayıq-sayıq olmağa vadar edir”.
“Turanın səsi ” xəbər verir ki , bu bardə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
“Bəlli olduğu kimi, zaman-zaman qardaş Türkiyə daxilində xarici güclərə bağlı qaranlıq qüvvələr çevriliş cəhdi ilə ölkəni inkişaf prosesindən kənarda qoymağa çalışıblar. Xaricdəki bəlli mərkəzlərin sifarişi ilə reallaşdırılan bu çevriliş cəhdləri zamanı isə Türkiyədə əsasən orduda və digər sahələrdə xüsusi olaraq yetişdirilmiş şəxslərdən istifadə edilib. Müasir dövrdə isə bu xain yetişdirmə missiyasını FETÖ terror təşkilatı həyata keçirib. Lakin 2016-cı ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyəti və türk xalqının öz qanuni hakimiyyətini dəstəkləməsi daha bir çevriliş cəhdinin qarşısını aldı”, – o, vurğulayıb.
Deputat qeyd edib ki, 2016-cı il iyulun 15-də edilən terror cəhdinin qarşısı alınmaqla yanaşı, FETÖ bəlasına qarşı genişmiqyaslı əməliyyatlar başladı: “Bu əməliyyatlar hazırda da davam edir. Çünki FETÖ elə bir bəladır ki, onun tam təmzilənməsi, dövlətin müxtəlif qurumlarına yerləşdirdiyi xainlərin tamamilə aşkarlanaraq zərərsizləşdirilməsi üçün uzun illər lazımdır”.
V.İskəndərov əlavə edib ki, bu müddət ərzində Türkiyə ilə yanaşı, xarici ölkələrdə də FETÖ-yə qarşı əməliyyatlar keçirilib: “Çünki FETÖ hörümçək toru kimi dəhşətli bir şəbəkə yaradıb. Müxtəlif ölkələrdə türk məktəbləri adı altında cinayətlərini davam etdirib. O məktəblərdə xüsusi sınaqdan keçirdiyi gəncləri sonralar daha da hazırlıqlı vəziyyətə gətirərək müxtəlif ölkələrin dövlət qurumlarında yerləşdirib”.
Deputat qeyd edib ki, FETÖ Azərbaycanda da bəlli əməllərə yol verib: “Lakin Azərbaycan hakimiyyəti ilk gündən bu terror təşkilatına qarşı mübarizəni qətiyyətlə aparır. Bu günə kimi müxtəlif sahələrdə kök salmış FETÖ mənsubları zərərsizləşdirilib, bu terror qrupuna yaxınlığı ilə seçilən məktəblər bağlanıb. Bu istiqamətdə atılan addımlar sırasında bu ilin iyulunda keçirilən əməliyyatları qeyd etmək olar. Bəlli olduğu kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib. DİN-in mətbuat xidmətindən bildirilib ki, saxlanılan 5 nəfərdən biri Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb. Hesab edirəm ki, Azərbaycanda FETÖ ilə əlaqəli olan şəxslərə qarşı keçirilən əməliyyat tədbirləri zamanı həbs edilənlərin sırasında Qubad İbadoğlunun da olması artıq həyəcan təbilidir. Yəni, bu fakt FETÖ terror təşkilatının Azərbaycanda daha geniş və daha təsirli şəbəkə qurmaq məqsədi ilə hərəkətə keçdiyini deməyə əsas verir. Bu isə FETÖ-nün nə dərəcədə təhlükəli bir təşklat olduğunu bir daha ortaya qoyur. Təbii ki, son sözü hüquq-mühafizə orqanları, məhkəmə deyəcək. Amma istənilən halda həm Qubad İbadoğlunun saxlanılması, həm də bundan sonra FETÖ-Qubad İbadoğlu-Mübariz Mənsimov əlaqələrinə dair mediada gedən məlumatlar bizləri daha ayıq-sayıq olmağa vadar edir. Həmin məlumatlarda da qeyd olunduğu kimi, bu əlaqələrin və şəbəkənin ifşa olunmasında Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov faktoru ciddi rol oynayıb. Əgər yazılanlar öz təsdiqini taparsa və bəhs edilən şəbəkədə adları sadalananların – Q.İbadoğlu və M.Mənsimovun cinayətlərdə əlinin olduğu dəqiqləşərsə, o zaman onların hər biri qanun qarşısında cavab verməlidirlər”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI