Azərbaycan Prezidentinin regionlara səfəri milli prioritetlərə doğru daha bir addım hesab olunmalıdır
Prezident İlham Əliyevin Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri Azərbaycanın milli prioritetlərinə doğru daha bir addım hesab olunmalıdır. Xüsusən dövlətimizin başçısının açılışını etdiyi infrastruktur layihələri və obyektlər regionların paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olması və bölgələrimizin milli gəlirdə payının artırılması baxımdan çox önəmli hadisədir.
Təcrübə göstərir ki, istənilən ölkədə davamlı inkişaf üçün möhkəm zəmin yalnız uzunmüddətli dövrdə iqtisadi artımın sağlam və tarazlı olmasını təmin etməklə mümkündür. Azərbaycanda xüsusilə Vətən müharibəsindən sonra müşahidə olunan yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, bu çərçivədə sosial-iqtisadi və siyasi nailiyyətlər, çox böyük nemətimiz sayılan milli və multikultural dəyərlər, habelə sabitliyin möhkəmliyi ölkədə sağlam və tarazlı iqtisadi artıma nail oldunduğunu göstərir. Bütün bunlar Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır, eyni zamanda, hazırda müşahidə olunan qlobal iqtisadi təlatümlər çərçivəsində cari müsbət nəticələrin davamlılığının təmin olunması zərurətini ortaya çıxarır.
“Turanın səsi ” xəbər verir ki , bu barədə çıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və şaxələndirilmiş tədbirlər, Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsi ölkənin yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Lakin o da sirr deyil ki, ötən dövrdə regionlarla müqayisədə paytaxtın daha sürətlə inkişaf etməsi fonunda, regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün bütün resursların tamamilə iqtisadi dövriyyəyə cəlb edilməsi zərurətə çevrilmişdir. Dövlətimizin başçısı da məhz 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sırasında üçüncü hədəf kimi, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət quruculuğunu və bu hədəfin vacib elementi kimi paytaxt və regionların tarazlı inkişafını müəyyən etmişdir. Qeyd olunan Sərəncama əsasən, uzunmüddətli dövrdə məhz regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaq vəzifə olaraq qoyulur. Ölkə Prezidenti həmin hüquqi aktda aydın formada ifadə edir ki, regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır. Əslində, son 20 ildə tarixi inkişaf yoluna diqqət etsək, aydın şəkildə görə bilərik ki, inkişafın paytaxtla tarazlaşdırılması üçün bölgələrimizdə zəruri olan bütün iqtisadi və sosial infrastruktur əksər surətdə yaradılmışdır. Lakin müstəqilliyi bərpa etdikdən sonra keçilən keşməkeşli yol, siyasi və iqtisadi cəhətdən tam suverenliyin əldə olunmasının kifayət qədər ağır bir proses olması, habelə 30 ilə yaxın davam edən işğal bu tarazlığın təmin edilməsinə istənilən halda öz təsirini göstərmişdi. Lakin ölkə Prezidentinin bu istiqamətdə qətiyyəti ilə iqtisadi suverenliyin tam təmin olunması, dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən effektiv makroiqtisadi siyasət, insan kapitalının müasirləşdirilməsi, rəqəmsal iqtisadiyyatın genişləndirilməsi, biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsinin artırılması və ən nəhayət, işğaldan azad edilmiş ərazilərin nəhəng potensialının iqtisadi sistemə inteqrasiyası və həmin ərazilərə əhalinin qayıdışının sürətləndirilməsi kifayət qədər nikbin perspektiv vəd edir.
“Ölkəmizdə iqtisadi artımın davamlı olması, milli iqtisadiyyatın effektiv şaxələnməsi, ixrac potensialının tam reallaşdırılması üçün qeyri-neft iqtisadiyyatının inkişafı çox vacibdir. Çünki Prezident İlham Əliyevin ifadə etdiyi kimi, yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bunun üçün isə əsas məqsəd iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail olmaqdır və bu isə yalnız bölgələrin potensialı hesabına mümkündür.
Eyni zamanda, regionlarda cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsinin möhkəmlənməsi vacib şərtdir.
Sirr deyil ki, 44 günlük haqq savaşından sonra imkanlar daha çox Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və əhalinin layiqli və təhlükəsiz qayıdışına səfərbər edilib. Hətta son iki il üzrə büdcə dürüstləşməsində belə, iki vacib istiqamətdən biri işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq və bərpa idi. Lakin ötən gün dövlətimizin başçısı Qazax rayonuna səfəri çərçivəsində su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi, avtomobil yolları və mebel fabrikinin, Şəmkirdə məktəb-liseyin, Samuxda Mərkəzi Xəstəxana və uşaq musiqi məktəbinin yeni binalarının, Bərdədə Qarabağ Regional DOST Mərkəzi və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışlarını etməsi sübuta yetirdi ki, bizim üçün prinsipial məsələ olan azad edilmiş ərazilərin bərpası ilə yanaşı, digər regionlar da Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. Məqsəd isə çox aydındır – uğurlu iqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla ən azı paytaxt qədər bütün bölgələrimizdə də həyat səviyyəsi ilbəil yaxşılaşmalı, insanların yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalı, daha dəqiq desək, hər bir vətəndaş, o cümlədən paytaxtdan kənarda yaşayanlar öz həyatlarında bu inkişafı hiss etməlidir. Bu mənada əminliklə demək olar ki, Prezident İlham Əliyevin Qərb bölgəsinə səfəri həm də göstərmiş oldu ki, dövlətimizin başçısı milli sosial rifah səviyyəsinin davamlı və bütün ölkə üzrə artmasını Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsinə çevirə bilib”, – deyə deputat vurğulayıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI