Ana laylası qədər əziz olan ,ana dilimiz haqqında bir neçə söz…
Dil ünsiyyət vasitəsi olmaqla bəşəriyyətin insana aid ən qədim sivilizasiya örnəyindən biridir.
İlkin dövrlərdə insanların bir-birini məlumatlandırması, xəbərləşməsi kimi ortaya çıxan nitq sonradan forma və məzmunca daha geniş anlam kəsb etdi. Artıq dil ictimai hadisə olmaqla yanaşı, həm də bir xalqın varlığının sübutu, mənəvi xəzinəsinə çevrildi.
“Turanın səsi ” xəbər verir ki , bu barədə Milli Məclisin deputatı , Tibb elmləri doktoru Rəşad Mahmudov sosial hesabında paylaşaraq bildirmişdir .
Dahi Belinskinin təbirincə desək, dili xalq yaradır, filoloqlar kəşf edir və sistemləşdirir, yazıçılar isə onun üzərində söz sənəti yaradırlar.
Dil eyni zamanda güzgüdür. O güzgüdə həmin dili yaradan xalqın həyatını, tarixini, mədəniyyətini görmək o qədər də çətin deyil. Bütün bu sadalanan parametrlər üzrə Azərbaycan dili (türkcəsi) dünya dilləri içərisində xüsusi mövqeyə malikdir. Həm tarixi qədimliyi, həm leksik zənginliyi ilə yüksək dəyərə malik olan dilimizdə yazılan bədii əsərlər də bizim üçün fəxr ünvanıdır. Buna görə də hər bir azərbaycanlı üçün Vətən qədər öz doğma dilini də sevmək, onu qorumaq mənəvi borc hesab olunub. Ən çətin anlarda, ən sərt işğal zamanı altında belə xalqımız öz dilini unutmamış, şifahi xalq ədəbiyyatında dilimizin zənginliyini və gözəlliyini qoruyub saxlamışdır. Uzun illər xalqın ruhunda və ədəbiyyatında yaşayan Azərbaycan dilinin elmi konseptual əsaslar üzərində inkişafı, dövlət dili kimi formalaşması birmənalı şəkildə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu mənada bizə Vətəni sevməyi kimi, dilimizi də mükəmməl bilməyi, ona sahib olmağı da unudulmaz Heydər Əliyev öyrətdi.
Uzun müddət imperiya əsarətində olan Azərbaycan tarixi torpaqlarını itirdiyi kimi, bu şər qüvvələr müqəddəs dəyər olan dilimizi belə bizə unutdurmaq istəyirdi.
Məqsədli şəkildə yabançı dillər ümumtəhsil, ictimai platformalardan məişətimizə kimi ayaq açmışdı. Ana dilimizin varlığı sual altında idi.
Tarix 1978-ci ilin 2 apreli… Xalqımızın əziz övladı Heydər Əliyev növbəti dəfə nümunə göstərərək Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin rəsmi şəkildə Azərbaycan dili adlandırılmasına böyük çətinliklə nail oldu. Ulu Öndərin birbaşa rəhbərliyi altında doğma dilimizin inkişafı, onun saflığının qorunması istiqamətində sürətli proses başlandı. Respublikanın bütün ərazilərində yabançı dildə yazılan yazışmalar Azərbaycan dili ilə əvəz olundu, ana dilimiz layiq olduğu mövqedə qərarlaşdı. Ulu Öndər çox yaxşı bilirdi ki, milli varlığın qorunması və inkişafında dil mühüm rol oynayır. Tarixi müstəqilliyə qovuşan Azərbaycan Heydər Əliyevin birbaşa rəhbərliyi altında 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı.
Ulu Öndərin ana dilimizin inkişafı, onun mənfi təsirlərdən qorunması istiqamətində “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanı cəmiyyət tərəfindən mütərəqqi hadisə kimi qəbul olunur. Həmin tarixi fərmana əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Ana dilimizə qayğı, onun qorunması, inkişaf etdirilməsi Prezident İlham Əliyevin fəaliyyətində də aydın şəkildə hiss olunur. Ölkə başçısının Azərbaycan dili ilə bağlı sərəncamları, tapşırıqları və bu yöndə fəaliyyəti dövlət üçün qarşıya başlıca məqsəd kimi qoyulub. Prezident İlham Əliyev ana dilimizin inkişaf etdirilməsinin təminatçısı kimi nümunə sərgiləyir.
Azərbaycanlı olaraq bizim şərəfli tariximiz, zəngin dilimiz var və artıq bu dil Azərbaycan Respublikasının sərhədləri ilə məskunlaşan bir dil deyil. Bu gün dünyada 50 milyondan çox insan bu müqəddəs dildə danışır, ünsiyyət qurur. Bu ünsiyyət, dil mənsubiyyəti ilə birgəlik həm də bütöv bir xalqın üzvlərinin harda yaşamasından asılı olmayaraq bir dövlətin və ruhun parçası olmasını təsdiqləyir. Başqa sözlə, Ümummilli Lider Heydər Əliyevin dövlət dili kimi formalaşdırdığı, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə inkişaf etdirdiyi, bizə ana laylası qədər əziz olan Azərbaycan dili milli qürur mənbəyimizdir!
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI