DEPUTAT : “Vaqif Xaçaturyanın həbsi bir daha göstərdi ki, ilahi ədalət gec-tec öz yerini tapır”
Xəbər verdiyimiz kimi Azərbaycan sərhədçiləri “Laçın” sərhəd-buraxılış məntəqəsində Birinci Qarabağ müharibəsində Ermənistanın etnik təmizləmə siyasətinin icraçılarından biri olmuş şəxsi – Vaqif Xaçaturyanı saxlayıblar.
“Turanın səsi ” xəbər verir ki , bu barədə fikirlərini bildirən deputat İqbal Məmmədov qeyd edib ki, Vaqif Xaçaturyan kimi əlləri azərbaycanlıların qanına boyanan digər erməni cəlladları da saxlanılaraq öz layiqli cəzalarını alacaqlar:
“Tarix boyu Azərbaycan xalqı erməni vandallarının vəhşiliklərinə və soyqırımına məruz qalıb. Vaqif Xaçaturyan həmin erməni vandallarından biridir. Bu cəlladın işgəncə verdiyi soydaşlarımızın müsahibələri onun necə vəhşi və barbar insan olduğunu sübut edir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun yaydığı məlumatda qeyd olunur ki, Xaçaturyan bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı 25 nəfər azərbaycanlı öldürülüb, 14-ü yaralanıb, 358-i isə didərgin salınıb. Törətdiyi kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələr ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib, ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İyulun 29-da Ermənistana gedərkən Vaqif Xaçaturyan Laçın sərhəd-buraxılış məntəqəsində həbs edilib. Vaqif Xaçaturyanın həbsi bir daha göstərdi ki, ilahi ədalət gec-tec öz yerini tapır”.
Deputat vurğulayıb ki, Vaqif Xaçaturyana qanunla ən ağır cəza verilməlidir:
“Əminəm ki, Vaqif Xaçaturyan kimi əli günahsız azərbaycanlıların qanına boyamış digər cinəyətkarlar da tezliklə tapılıb cəzalandırılacaqlar”.