Prezident İlham Əliyev Xələf Xələfovu Xankəndiyə rəhbər təyin edir
Prezident İlham Əliyevin xarici işlər nazirinin müavini Xələf Xələfovu özünün xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin etməsi ermənilərdə qorxuya səbəb olub.
“Turanın səsi ” xəbər verir ki, Ermənistan mediası Azərbaycan Prezidentinin bu təyinatının Qarabağ siyasəti ilə bağlı olduğunu yazır.
“Hraparak” nəşri iddia edir ki, Qarabağdakı erməni əhalisinin Azərbaycana reinteqrasiyasından sonra Xələf Xələfov Prezident İlham Əliyevin xüsusi nümayəndəsi kimi Xankəndiyə rəhbərlik edəcək.
“Xələfov Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesini incəliklərinə qədər bilir. İlham Əliyev Qarabağdakı erməni əhalisinin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiyasını elan edib. İstisna deyil ki, Xələfovun əsas fəaliyyət arenası da Qarabağ olacaq”, – nəşr iddiasını davam etdirir.
Ermənistan mediasının bu cür iddialarla çıxış etməsi Azərbaycanın Qarabağ siyasətindən qorxuya düşməsindən qaynaqlanır. Çünki rəsmi Bakı ermənilərin yaşadığı ərazilərimizdə mərkəzi hakimiyyətin bərpasına doğru addım-addım yaxınlaşır. Bunu ermənilər də anlayırlar və Azərbaycanda istənilən hadisəni, yaxud təyinatı bu siyasətin tərkib hissəsi olaraq görürlər.
Xələf Xələfovun Prezidentin xüsusi tapşırıqlar üzrı nümayəndəsi kimi Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesində iştirak edəcəyi isə sirr deyil. Xələfovun təcrübəsindən xüsusilə sərhədin delimitasiyası prosesində istifadə edilə bilər.