Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 105 il ötür

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

Turanın səsi ” xatırladır ki, Ordunun yaradılmasından 105 il ötür.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.

Azərbaycanda müasir ordu quruculuğuna isə ötən əsrin 70-ci illərindən başlanıb. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməklə milli zabit kadrlarının hazırlanmasını hədəf seçib və bununla da Azərbaycanda ordu quruculuğunun əsası qoyulub. Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb. Görülən işlər gənclərin həmin məktəbə, habelə ölkədən kənardakı hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar kadrların hazırlanması işinə böyük təkan verib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi.

Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. 1992-ci il oktyabrın 9-da Bakıda keçirilən hərbi parad orduya olan inam və marağı, eləcə də vətənpərvərlik ruhunun artırılması üçün atılan addım oldu.

Ölkədə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Azərbaycanda qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, vahid komandanlıq yaradıldı, hərc-mərcliyə son qoyuldu və nizami ordu formalaşdırıldı. Ali Baş Komandan Heydər Əliyevin cəbhə bölgələrinə səfərləri də ordu quruculuğunda mühüm mərhələdir.

1994-cü ilin mayında Ermənistanla atəşkəsin əldə olunmasından sonra isə müasir ordu quruculuğu fundamental əsaslarla inkişaf etməyə başlayıb.

Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 mayda imzaladığı fərmanla Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpasında mühüm addım atılıb və 26 İyun – Silahlı Qüvvələr Günü elan olunub.

Ordu quruculuğu sahəsində ulu öndərin strateji siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə ölkədə müasir hərbi sənaye kompleksinin yaradılması, Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilir.

Keçmişi qələbələrlə zəngin olan Azərbaycan tarixində Silahlı Qüvvələrin yaradılması günü artıq üçüncü ildir ki, böyük Zəfərlə qeyd olunur.

2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azadlığı uğrunda başlatdığı əks-hücum əməliyyatları nəticəsində düşmən üzərində qələbə qazanıldı. Beləliklə, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə Vətən Müharibəsi adı ilə yazıldı. Döyüş tapşırıqlarını və xidməti vəzifələrini ləyaqətlə yerinə yetirən Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi cəsarət, fədakarlıq, habelə təşəbbüskar və qətiyyəti sayəsində işğal altında torpaqlarımız azad olundu və Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

Azərbaycan əsgəri otuz ilə yaxın bir müddət ərzində düşmən tapdağı altında olan torpaqları işğaldan azad etməklə xalqa öz qanı və canı hesabına böyük qələbə yaşadıb. Azərbaycan xalqının, dövlətinin və əsgərinin birlikdə qazandığı böyük qələbə uzun illər ordu quruculuğu istiqamətində aparılan islahatların nəticəsidir. Azərbaycanın qazandığı bu qələbə nəyi, necə və nə zaman etməyi gözəl bilən Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin, güclü iradəsinin və qətiyyətinin nəticəsidir.

Bu gün Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində güclü orduya çevrilib və beynəlxalq reytinqlərə görə dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Azərbaycan Ordusunun arsenalında ən güclü müasir silah və texnikalar var. Azərbaycan Silahlı Qüvvələri yeni pilotsuz uçuş aparatlarına, zərbə dronlarına və digər hərbi vasitələrə malikdir.

Ölkəmizin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi istiqamətində çox böyük tədbirlər həyata keçirilib. Bundan əlavə, orduda islahatların aparılması, yeni komando briqadalarının yaradılması xalqımızın təhlükəsiz yaşaması naminə ali rəhbərliyin dövlətimizin müdafiəsinə ayırdığı diqqətin göstəricisidir. İki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycan Ordusunun gücünün göstəricisidir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir