Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 23 iyun 2023-cü il tarixli iclasında çıxışı

0

Hörmətli həmkarlar !

Gündəliyə keçməzdən əvvəl, sizə iyunun 19-dan 21-dək Milli Məclis sədrinin rəhbərliyi ilə nümayəndə heyətinin Avstriya Respublikasına rəsmi səfəri haqqında qısa bir məlumat vermək istəyirəm. Qeyd edim ki, bu səfər, ümumiyyətlə  Milli Məclis sədrinin Avstriyaya ilk rəsmi səfəri idi. 

Səfər çərçivəsində nümayəndə heyəti Vyanada Azərbaycan səfirliyində oldu. Ulu Öndər Heydər Əliyevin büstü önündə bu böyük dövlət xadiminin əziz xatirəsi dərin ehtiramla yad edildi. 

İyunun 20-də Avstriya Milli Şurasının sədri Volfqanq Sobotka, iyunun 21-də isə Avstriya Federal Şurasının sədri Günter Kovaç ilə görüşlərimiz oldu. Görüşlərdə Azərbaycanla Avstriya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edildi.  Azərbaycanın Avropa üçün mühüm iqtisadi tərəfdaş, etibarlı enerji təchizatçısı olduğu xüsusilə vurğulandı. 

İki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıldı. Azərbaycanın demokratik dövlət quruculuğu tarixi, multikulturalizm ənənələri, 44 günlük Vətən müharibəsindən sonra yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri,  “Böyük qayıdış” proqramının icrasına başlanılması, bölgədə sülh və sabitliyin təmin olunması üçün Azərbaycanın göstərdiyi səylər barədə həmsöhbətlərimizə geniş məlumat verildi. 

Hörmətli həmkarlar!

Avstriya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdə iki ölkənin parlamentləri arasında iş birliyinin dərinləşdirilməsi məsələləri də nəzərdən keçirildi. 

Qeyd edim ki, nümayəndə heyətinin üzvləri Vyanada yerləşən İmperiya Xəzinəsi Muzeyində də oldular.

Hörmətli həmkarlar!

 Hesab edirəm ki, Avstriya Respublikasına rəsmi səfər uğurlu keçdi və bununla əlaqədar Milli Məclisin nümayəndə heyətinin hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir