Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib
ABŞ-ın Nyu-York ştatında qeyri-qanuni mühacirlərin sayının sürətlə artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Nyu-York meri Erik Adams qanunsuz miqrant axını ilə mübarizə aparmaq üçün ştatdan fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.
E.Adams Texas və Floridadan ölkəyə keçən mühacir axınının Nyu-Yorka dözülməz bir yük gətirdiyini deyib. Təxminən 50 000 evsizin yaşadığı Nyu-Yorkdakı sığınacaqlar son bir neçə ay ərzində sərhəd bölgələrindən göndərilən qeyri-qanuni miqrantlarla dolub, bəzi qaçqınlar isə boş hotel və düşərgələrə yerləşdirilib. Mer bildirib ki, Nyu-Yorkda müvəqqəti icarəyə götürülmüş 42 hoteldə və sığınacaqlarda qalanların sayı 61 minə çatıb. O, 17 mindən çox qeyri-qanuni miqrantın xəbərdarlıq edilmədən avtobuslarla şəhərə gətirildiyini deyib.
İlin sonuna qədər bu insanlar üçün sığınacaq, sağlamlıq və yemək kimi ehtiyacları üçün bir milyard dollar xərclənəcəyini ifadə edən E.Adams kilsələrdən və qeyri-hökumət təşkilatlarından kömək istəyib.
Respublikaçı qubernatorları hədəfə alan şəhər meri mühacirlər şəhəri olaraq bilinən Nyu-Yorkun başqaları tərəfindən istismar edildiyini və humanitar böhranın ölkənin siyasi dinamikası tərəfindən sürətləndirildiyini söyləyib.
Qeyd edək ki, Nyu-Yorkda fövqəladə vəziyyət bir ay davam edəcək.