Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

İyunun 20-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli iclasda 8 məsələnin müzakirəyə çıxarıldığını söyləyib.

Turanın səsi ” xəbər verir ki , Əvvəlcə, komitə üzvləri “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) nəzərdən keçiriblər. Layihədə bu qanuna 1.4-cü maddənin əlavə edilməsi təklif olunur. Əlavəyə əsasən, adıçəkilən qanunda “Azərbaycan Respublikasının səlahiyyətli orqanı” dedikdə, Azərbaycan Respublikasının Baş Prokurorluğu və müvafiq icra hakimiyyəti orqanı nəzərdə tutulur. Sənəddə, habelə qanunun bir sıra maddələrində “müvafiq icra hakimiyyəti” sözləri “səlahiyyətli” sözü ilə əvəz edilir.

Sonra iclasda “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirə olunub. Sənəddə qanunun 4 maddəsinə dəyişiklik edilməsi təklif olunur. Dəyişikliklərdə Konstitusiya Məhkəməsinin hakimlərinə aid yaş senzi ilə bağlı məhdudiyyətin aradan qaldırılması, Konstitusiya Məhkəməsi tərəfindən sorğu və şikayətlərə baxılması şərtlərinin dəqiqləşdirilməsi, verilən sorğu, müraciət və ya şikayətlərə qoşulan sənədlərin siyahısına sorğu və müraciətlərlə əlaqədar şərh edilməsi xahiş olunan normativ hüquqi aktın surətinin əlavə edilməsi nəzərdə tutulur.

Tədbirdə, daha sonra Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə (birinci oxunuş) baxılıb. Layihədə Məcəllənin  yeni redaksiyada təklif olunan 184-cü maddəsində siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət növləri müəyyən edilir. Bununla yanaşı, sənəddə bir sıra uyğunlaşdırma xarakterli düzəlişlər də nəzərdə tutulub.

Məsələlər ətrafında aparılan müzakirələrdə komitənin sədr müavini Qüdrət Həsənquliyev, üzvləri Nizami Səfərov, Nurlan Həsənov, Əminə Ağazadə, Bəhruz Məhərrəmov, Fəzail Ağamalı, Azay Quliyev, Tahir Kərimli, parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid fikirlərini bölüşüblər, qeyd və təkliflərini səsləndiriblər. Komitə sədri Əli Hüseynli səsləndirilən fikirlərə münasibət bildirib.

Müzakirələrin sonunda birinci oxunuşda təqdim olunan bu 3 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra komitədə gündəliyin digər 5 məsələsi – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi (üçüncü oxunuş), “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (üçüncü oxunuş), Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi (üçüncü oxunuş), Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi (ikinci oxunuş) və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (ikinci oxunuş) barədə qanun layihələri də nəzərdən keçirilib və Milli Məclisin plenar iclasına tövsiyə olunub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir