Milli Məclisin növbədənkənar sessiyasının Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında

0

İyunun 14-də Milli Məclisin növbədənkənar sessiyasının Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclası keçirilib.

Turanın səsi ” xəbərverir ki , Parlamentin sədri Sahibə Qafarova bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən iclasımız taleyüklü bir hadisənin ildönümü ərəfəsində keçirilir. Sabah xalqımız Ulu Öndərin qəhrəmanlığını və fədakarlığını təcəssüm etdirən Milli Qurtuluş Gününün 30-cu ildönümünü dərin ehtiramla qeyd edəcəkdir.

Spiker Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Milli Məclisin mayın 16-da keçirilən xüsusi iclasında bu dahi şəxsiyyətin 35 ilə yaxın fəaliyyəti barədə öz fikirlərini  bölüşdüyünü xatırladaraq, budəfəki çıxışında Ümummilli Liderimizin 1993-cü ildə parlamentin sədri kimi fəaliyyəti haqqında danışıb.

Sahibə Qafarova deyib ki, ümummilli liderlər xalqların milli fəlakətlər, mənəvi sarsıntılar ilə üzləşdiyi dövrlərdə tarix səhnəsinə çıxırlar. Bu fikrin doğruluğunu Ulu Öndər Heydər Əliyevin fəaliyyəti də sübut edir.

Parlamentin sədri diqqətə çatdırıb ki, Heydər Əliyev ən yüksək dövlət vəzifələrində çalışdığı otuz ildən artıq bir müddətdə ümummilli lider missiyasını iki dəfə öhdəsinə götürmüşdür. Hər ikisində də zamanın çağırışlarına yaradıcı münasibət bildirməklə və düzgün qərarlar qəbul etməklə insanların ona bəslədiyi  ümidləri doğrultmuşdur. Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təməlini yaratmış, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövləti qoruyub saxlamış və davamlı inkişaf yoluna çıxarmışdır. Bununla da o, böyük tarixi şəxsiyyətlərimizin dövlətçilik ənənələrini iyirminci yüzillikdə layiqincə davam etdirmiş və zənginləşdirmişdir.

Sahibə Qafarova bildirib ki, Heydər Əliyev dünya miqyaslı siyasi və dövlət xadimi idi. Onu dünyanın ən böyük siyasətçiləri və dövlət adamları ilə müqayisə etmək olar. Ulu Öndər xalqımızın siyasi varlığını qoruyub saxlamış və xoşbəxt gələcəyinin möhkəm təməlini yaratmışdır. Heydər Əliyevin həyatı və fəaliyyəti doğma xalqına sədaqətlə xidmət etmək, onun yolunda hər cür çətinliklərə dözmək nümunəsinə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri haqqında belə demişdir:

“Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Bu, sadəcə olaraq sözlər deyildir. Bu, reallıqdır, bu, həqiqətdir.

…Bu gün müasir Azərbaycan bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və özünü bütün istiqamətlərdə göstərir”.

Milli Məclisin sədri Sahibə Qafarova vurğulayıb ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olduğu kimi, bugünkü Azərbaycan parlamentinin də banisidir. Ölkəmizdə qurulmuş hüquqi dövlətin bütün elementləri ilə yanaşı, Konstitusiyamız da, Milli Məclis də onun yaradıcı zəkasının bəhrələridir. Azərbaycan parlamentinin üzvləri olaraq biz bu gün fəxr edirik ki, Heydər Əliyevin böyük siyasətə qayıdışı, xilaskarlıq missiyası məhz bu binada başlanmışdır.

Spiker öz çıxışında qeyd edib ki, Ümummilli Liderimiz 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş və dörd aya yaxın bu vəzifədə çalışmışdır. Onun Azərbaycan parlamentinə rəhbərlik etməsi ölkəmizin qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırdı. Heydər Əliyevin parlamentə rəhbərliyi Milli Məclisə siyasi mədəniyyət gətirdi, qanunvericilik orqanının ruhunu kökündən dəyişdi. Parlament ölkədə baş verən mürəkkəb və ziddiyyətli ictimai-siyasi hadisələrin açıq və demokratik şəraitdə müzakirə edildiyi real hakimiyyət orqanına çevrildi. 

Sahibə Qafarova diqqətə çatdırıb ki, Ulu Öndərin sədrliyi dövründə parlamentin 20 iclası keçirilmiş, ölkənin ictimai-siyasi həyatı üçün son dərəcə böyük önəm daşıyan 96 qanun və qərar qəbul edilmişdir. 

Spiker Sahibə Qafarova 1993-cü il iyunun 17-dən 18-nə keçən gecə o vaxtkı dövlət başçısı Əbülfəz Elçibəyin müəmmalı şəkildə Bakını tərk etdikdən sonra Milli Məclisin müraciət qəbul edərək onu təcili Bakı şəhərinə, öz iş yerinə qayıtmağa və Konstitusiya səlahiyyətlərini həyata keçirməyə dəvət etdiyini söyləyib. O, bildirib ki, bu müraciətə məhəl qoyulmadığına görə iyunun 24-də Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə keçməsi barədə qərar qəbul etdi. Bu qərar ölkədə cərəyan edən ictimai-siyasi proseslərin dövlətin tam nəzarəti altına alınması baxımından çox əhəmiyyətli idi. 

Spiker qeyd edib ki, 1993-cü il avqustun 17-də Heydər Əliyevin sədrliyi ilə Milli Məclis iki günlük müzakirələrdən sonra Lənkəranda və onun ətrafındakı rayonlarda baş verən hadisələrə münasibətini bildirərək bu barədə geniş qərar qəbul etdi. Bunun ardınca görülən qətiyyətli tədbirlər nəticəsində bölgədə separatçılıq hərəkətlərinə son qoyuldu.  

O, vurğulayıb ki, müstəqil dövlətimiz üçün ən böyük təhlükə mənbəyi olan vətəndaş müharibəsi məhz Heydər Əliyevin parlamentə rəhbərliyi dövründə aradan qaldırılmış, ordu quruculuğunda, ictimai-siyasi sabitlik yaradılması yolunda ilk addımlar atılmışdır. 

Sahibə Qafarova öz nitqində bildirib ki, 1993-cü il oktyabrın 3-də xalqın yekdil iradəsi ilə Prezident seçildikdən sonra Heydər Əliyev dövlətimizin digər təsisatları ilə yanaşı peşəkar parlamentinin də formalaşdırılması işində həlledici rol oynamışdır. Ulu Öndər dəfələrlə Milli Məclisin iclaslarında iştirak etmiş, qanunvericilik işinin səmərəsini artırmaq üçün öz dəyərli məsləhətlərini vermişdir. Müstəqil dövlətimizin hüquqi bazasının yaradılıb inkişaf etdirilməsində də Ulu Öndərin əvəzsiz rolu olmuşdur. Ümummilli Liderimizin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələr üzrə yüzlərcə qanun, qərar və digər aktlar qəbul olunmuşdur. O, qeyd edib ki, dəfələrlə parlament Heydər Əliyevin təklif etdiyi layihələr əsasında amnistiya aktları qəbul etmişdir. Şərq aləmində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirilən humanist aksiya olmuşdur. 

Parlamentin sədri Ulu Öndərin başladığı bütün işlərin onun layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini, Ümummilli Liderimizin yaratdığı möhkəm və sarsılmaz təməl üzərində dövlətimizin günbəgün daha da inkişaf etdiyini vurğulayıb.

Sahibə Qafarova 2020-ci ilin sentyabr–noyabr aylarında Ali Baş Komandanın yüksək sərkərdəlik məharəti ilə idarə etdiyi Azərbaycan Silahlı Qüvvələrinin zəfər yürüşü və hərbi qələbəsinin xalqımızın qəhrəmanlıq salnaməsində yeni şanlı səhifə açdığını söyləyib. O, Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulduğunu, dövlətimizin ərazi bütövlüyü və tarixi ədalətin bərpa olunduğunu qeyd edib.

 Spiker bildirib ki, xalqımızı qalib xalqa çevirən bu Zəfər Ulu Öndər Heydər Əliyevin həyata keçirməyə başladığı, möhtərəm İlham Əliyevin yaradıcı surətdə davam etdirdiyi siyasətin təntənəsi olmuşdur. Ümummilli Liderimizin ən mühüm vəsiyyəti şərəflə yerinə yetirilmişdir. 

Milli Məclisin sədri deyib ki, Heydər Əliyev ömrünün hər günü indiki və gələcək nəsillər üçün bir örnəkdir. Bu gün Azərbaycan parlamenti Ulu Öndərin xatirəsini dərin hörmət və sevgi ilə yaşadır. Milli Məclisin binasında Heydər Əliyevin əzəmətli abidəsi parlament deputatlarının və əməkdaşlarının, qonaqların ziyarət yerinə çevrilmişdir. Ulu Öndərin adını daşıyan xatirə zalı Heydər Əliyev irsinin təbliğində mühüm rol oynayır. İndiyədək xarici ölkələrin yüzlərcə nümayəndə heyəti, parlament rəhbərləri, dövlət və hökumət başçıları xatirə zalında Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stendlər, onun yadigarları və digər eksponatlar ilə tanış olmuşlar. 

Ötən dövrdə Milli Məclisdə Ulu Öndərin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən bir sıra kitabların hazırlanıb nəşr edildiyini, sənədli filmlərin çəkildiyini deyən Sahibə Qafarova diqqətə çatdırıb ki, Ümummilli Liderimizin 100 illik yubileyi münasibəti ilə Milli Məclisdə Heydər Əliyevin fəaliyyətinə həsr edilən növbəti kitab hazırlanıb bu günlərdə çap olunmuşdur. O, Milli Məclisin Ulu Öndərə həsr edilən kitabların hazırlanıb nəşr olunmasını bundan sonra da davam etdirəcəyinə əminliyini ifadə edib.

Spiker deputatlara təqdim edilmiş nəfis tərtibatlı bu yeni kitabın üç cilddən ibarət olduğunu söyləyib. O, bildirib ki, “Heydər Əliyev və Azərbaycan parlamenti” adlanan 3 cildlik kitaba Ümummilli Liderimizin 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri olduğu dövrdə keçirilmiş parlament iclaslarının stenoqramları daxil edilmişdir. Qeyd edib ki, kitab üzərində iş iki ilə yaxın davam etmişdir. Kitabı vərəqlədikcə Ulu Öndərin sədrliyi ilə Milli Məclisdə aparılan gərgin müzakirələr gözlərimiz önündə canlanır. Kitab tariximizin bu mühüm dövrünü saxtalaşdırmağa cəhd göstərənlərə də faktların dili ilə verilən ən yaxşı cavabdır. 

Parlamentin sədri Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə Milli Məclisin arxiv materialları əsasında “Heydər Əliyev – zamanın fövqündə” adlı sənədli filmin də çəkildiyini nəzərə çatdırıb. O, qeyd edib ki, bu film Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərini, o cümlədən parlament quruculuğu sahəsində gördüyü möhtəşəm işləri işıqlandırır. Filmdə Ümummilli Liderimizin 11 çıxışından fraqmentlər tamaşaçılara ilk dəfə təqdim olunur.

Milli Məclisin sədri bildirib ki, Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Milli Məclisin mayın 16-da keçirilən xüsusi iclasında xarici ölkələrin parlament sədrləri, sədr müavinləri, parlament üzvləri, beynəlxalq parlament təşkilatlarının, eləcə də xarici dövlətlərin diplomatik korpusunun təmsilçiləri iştirak etmişlər. 33 nəfər xarici qonaq Ulu Öndər haqqında düşüncələrini bölüşmüşdür. O, həmin iclasın stenoqramının qısa müddətdə hazırlanıb ayrıca kitab şəklində çap edildiyini söyləyib. Eyni zamanda, yubiley münasibəti ilə “Milli Məclis” jurnalının xüsusi buraxılışının çapdan çıxdığını qeyd edib. Bu iki nəşrin də deputatlara təqdim olunduğunu deyib. 

Milli Məclisin sədri Sahibə Qafarova çıxışının sonunda vurğulayıb ki, Ümummilli Liderimiz Heydər Əliyevin işıqlı arzuları bu gün hər bir azərbaycanlının xeyirxah əməllərində təcəssümünü tapır. Ulu Öndərin şəxsiyyətinin sönməz nuru Azərbaycan xalqını irəliyə aparan yolgöstərən bələdçiyə çevrilmişdir. Dünya durduqca Azərbaycan da var olacaq, Azərbaycan var olduqca Heydər Əliyevin ideyaları və əməlləri də yaşayacaqdır. 

Parlamentin spikeri Sahibə Qafarovanın çıxışı deputatlar tərəfindən alqışlarla qarşılanıb.

İclasda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən, Milli Məclisin arxiv materialları əsasında parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində hazırlanmış “Heydər Əliyev – zamanın fövqündə” adlı sənədli film nümayiş etdirilib. Film alqışlarla qarşılanıb.

Sonra Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədr müavini Fəzail İbrahimli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İntizam komissiyasının sədri Eldar İbrahimov, deputatlar Fazil Mustafa, Elman Nəsirov, Qüdrət Həsənquliyev, Vüqar Bayramov, Bəhruz Məhərrəmov, Əminə Ağazadə, Razi Nurullayev, Elşad Mirbəşiroğlu, Jalə Əhmədova, Vüqar İskəndərov, Azay Quliyev, Sahib Alıyev, Aydın Mirzəzadə, Musa Qasımlı, Anar İsgəndərov, Kamal Cəfərov, Hikmət Məmmədov, Tahir Kərimli, Elnur Allahverdiyev, Aqiyə Naxçıvanlı, Fəzail Ağamalı, Aqil Məmmədov və Elşən Musayev çıxış ediblər. 

Millət vəkilləri Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirlərinin Milli Məclisdə çox yüksək səviyyədə, müxtəlif formatlarda, ardıcıl olaraq keçirilməsinə görə spiker Sahibə Qafarovaya təşəkkür ediblər, bunu Ulu Öndərə məhəbbətin və minnətdarlığın ifadəsi kimi dəyərləndiriblər.

Deputatlar öz çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycana həm sovet dövründə, həm də müstəqillik illərində rəhbərlik etməsinin ölkəmizin tarixində tutduğu taleyüklü rolundan söz açıblar. Qeyd olunub ki, Heydər Əliyev xalqı tarixin ən ağır sınaqlarından çıxararaq Azərbaycanın tərəqqisinə nail olmuş böyük şəxsiyyət və  dahi liderdir.

Vurğulanıb ki, Ulu Öndər həm Sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində güclü Azərbaycan yarada bildi. Heydər Əliyev sovet Azərbaycanına  rəhbər təyin olunduqdan bir müddət  sonra Azərbaycan artıq SSRİ-də ən sürətlə inkişaf edən, güclü iqtisadiyyata, elmi-texniki tərəqqiyə, insan kapitalına sahib respublikaya çevrildi. O vaxtlar üçün bu nəticə möcüzə sayılırdı, çünki SSRİ iqtisadiyyatı elə planlaşdırılmışdı ki, Rusiyadan başqa heç bir respublika özü-özünü təmin edə bilməsin və müstəqil olmaq fikrinə düşməsin. Millət vəkilləri bu cəhətdən 80-ci illərin sonunda Azərbaycanda milli-azadlıq hisslərinin formalaşmasında Heydər Əliyevin və onun yaratdığı iqtisadi potensialın müstəsna və həlledici rolunu xüsusi qeyd ediblər.

Çıxışlarda  diqqətə çatdırılıb ki, ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəli ölkənin səbatsız rəhbərliyinin fəaliyyəti nəticəsində yenidən dağılmağa, iflas olmağa başlayan Azərbaycanı Heydər Əliyev artıq 2-ci dəfə, bu dəfə müstəqil olmağı bəyan etmiş Azərbaycanı yox olmaqdan qurtardı və müstəqilliyimizi daimi, dönməz və əbədi etdi. O, 1993-cü ildən Azərbaycana rəhbərlik etməklə sonrakı 10 il ərzində Azərbaycanın əbədi müstəqilliyi üçün möhkəm və sarsılmaz iqtisadi zəmin yaratdı. Elə bir iqtisadi zəmin ki, Azərbaycanı dünyanın iqtisadi cəhətdən ən sürətli inkişaf edən ölkəsinə çevirdi.

Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qayıdışını həmin dövrün tarixi, siyasi hadisələri fonunda qiymətləndirən deputatlar bildiriblər ki, 30 il əvvəl, legitim hakimiyyətin yeganə mənbəyi olan xalq yenidən Heydər Əliyevə etibar etdi və  taleyin ümidinə buraxılmış xalqa məhz Ulu Öndər sahib çıxdı.

Ulu Öndərin müstəqilliyimizə qəsd edən xain qüvvələrlə, daxili və xarici düşmənlərlə apardığı gərgin mübarizəsindən danışan deputatlar vurğulayıblar ki,  məhz Ulu Öndər Heydər Əliyevin siyasi dühası xarici və daxili düşmənlərin müdaxiləsinə son qoyaraq tarixi hadisələrin gedişatını öz təbii axarına qaytardı və Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi və hərbi qüdrətinin gücləndirilməsi, bütün sahələrin inkişaf etdirilməsi kursuna start verildi.

Çıxışçılar diqqətə çatdırıblar ki, ictimai, siyasi, iqtisadi, sosial, mədəni, humanitar həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin sözü, əməli, imzası olmasın. Heydər Əliyev həm də Azərbaycan parlamentarizminin müasir əsaslarını formalaşdırmış, parlament davranışı və mədəniyyəti ənənəsini yaratmış böyük dövlət xadimidir.

Milli Məclisin üzvləri deyiblər ki, Ulu Öndərin arzusunda olduğu, lakin başa çatdıra bilmədiyi vəzifə isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Heydər Əliyevin xalq qarşısında ən böyük xidmətlərindən biri də məhz milli iradəni ifadə edən siyasi xəttin davamlılığını cənab İlham Əliyevin timsalında təmin etməsi oldu.

Ulu Öndərin başladığı müqəddəs yol onun siyasi varisi cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz dahi Heydər Əliyevin siyasi kursu bizi  Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın  işğaldan azad edilməsinə – Böyük Zəfərin Şuşa ucalığına gətirib çıxarıb.

Çıxışçılar vurğulayıblar ki, öz müstəqilliyi və qüdrəti ilə dostları sevindirən, düşmənləri məyus edən, Qarabağı azad edən, bayrağını Şuşada qürurla dalğalandıran bugünkü Azərbaycan məhz Heydər Əliyevin əsəridir, onun layiqli davamçısı müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev isə bu əsəri hər keçən gün daha da zənginləşdirir və gücləndirir.

Bu gün cənab Prezident İlham Əliyev Azərbaycan xalqının vahidliyini, müstəqilliyimizin dönməzliyini təcəssüm etdirir. O, dövlət müstəqilliyinin, ərazi bütövlüyünün təminatçısı və bütün azərbaycanlıların hamisidir. Belə bir şəraitdə qarşımızda bir vəzifə var, cənab İlham Əliyevin ətrafında sıx birləşərək Ulu Öndərin bizlərə miras qoyduğu müstəqilliyimizi qorumaq, gələcəyimizin təminatı naminə milli birliyimizi möhkəmləndirmək.

Sonra iclasda deputat Səbinə Xasayeva Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasi Milli Məclisinin bəyanatını səsləndirib.

Bəyanat deputatlar tərəfindən alqışlarla qarşılanıb və səsə qoyularaq qəbul edilib.

(Bəyanatın mətni mətbuatda dərc ediləcək).

Sonra Milli Məclisin sədri təklif edib ki, sabah Milli Quruluş Gününün 30-cu ildönümünün qeyd olunması ilə əlaqədar möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq, xalqımızın və dövlətimizin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq.

Spikerin təklifi alqışlarla qarşılanıb.

Sonda Sahibə Qafarova bu əlamətdar gün münasibəti ilə deputatları, media nümayəndələrini və hamını ürəkdən təbrik edib, onlara möhkəm can sağlığı, işlərində uğurlar, firavanlıq və xoşbəxtlik arzulayıb.

Bununla da Milli Məclisin iclası başa çatıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir