Milli Məclisin növbəti iclası keçirilib

0

İyunun 13-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbədənkənar sessiyada daha bir iclası keçirilib. 

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Əvvəlcə, iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Deputatlar Vüqar İskəndərov, Tamam Cəfərova, Elman Nəsirov, Əziz Ələkbərov, Elşad Mirbəşir oğlu, Fəzail Ağamalı, Elşən Musayev, Sədaqət Vəliyeva, Bəhruz Məhərrəmov, Rəşad Mahmudov gündəmdə olan bəzi mövzular barədə öz fikirlərini açıqlayıblar.

Çıxışlarda qarşıdan gələn 15 iyun tarixinin əlamətdar hadisələrə təsadüf etdiyi qeyd olunub. Həmin tarixdə xalqımızın Qurtuluş Gününün 30 illiyini və Şuşa Bəyannaməsinin imzalanmasının 2 illiyini qürur hissi ilə qeyd edəcəyi bildirilib. Deputatlar Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçiliyimizin qorunub möhkəmlənməsində müstəsna rolunu  vurğulayıblar. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin Qurtuluş Günündə imzalanmasının rəmzi məna daşıdığını, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin yeni mərhələsinin başlanğıcı olduğunu xüsusi qeyd ediblər. Bildirilib ki, bu gün Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik münasibətləri yüksək səviyyədə inkişaf edir. Dövlətlərimiz və xalqlarımız arasında möhkəm əlaqələr mövcuddur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə bu vəzifəyə seçildikdən sonra ilk səfərini Azərbaycana etməsi bunun bariz nümunəsidir.

Müzakirələrdə dünən Milli Məclisdə keçirilmiş “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmənin əhəmiyyətindən söhbət açılıb. Bu tədbirin keçirilməsi üçün yaratdığı şəraitə görə Milli Məclisin sədri Sahibə Qafarovaya Qərbi Azərbaycan İcması adından təşəkkür ünvanlanıb. Qeyd edilib ki, bu tədbir bir daha sübut etdi ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası addım-addım həyata keçirilməkdədir.

Millət vəkilləri öz çıxışlarında seçiciləri narahat edən bir sıra məsələləri də nəzərə çatdırıblar.

Sonra spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasda 14 məsələ müzakirəyə çıxarılıb. O, bildirib ki, gündəliyin ilk 3 məsələsi bu ilin dövlət büdcəsində və büdcə zərfinə daxil olan digər iki sənəddə dəyişiklik edilməsi barədə ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edilmiş, ikinci oxunuşda olan qanun layihələridir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili  “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, bildirib ki, qanun layihəsi 2023-cü ildə əlavə xərclərin qarşılanması üçün maliyyə təminatının yaradılması, cari və ortamüddətli makroiqtisadi və fiskal dayanıqlığa zərər gətirilməməsi, Dövlət Neft Fondunun aktivlərinin münbit qiymət konyunkturası şəraitində artımının davam etdirilməsi hədəfləri gözlənilməklə tərtib olunub.

Komitə sədri nəzərə çatdırıb ki, sənəddə 2023-cü ildə dövlət büdcə gəlirlərinin 3 milyard 5,5 milyon manat artırılaraq, 33 milyard 779,5 milyon manata, xərclərinin isə 3 milyard 215,5 milyon manat artırılaraq, 36 milyard 568,5 milyon manata, kəsirin isə 210 milyon manat genişləndirilərək, 2 milyard 789,3 milyon manata çatdırılması təklif olunub. 2023-cü il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft Ümumi Daxili Məhsula nisbətinin 25,4 faiz olması proqnozlaşdırılıb. 

O, artırılan gəlirlərin 52 faizinin qeyri-neft, 48 faizinin isə neft gəlirləri hesabına formalaşacağını qeyd edib. Bildirib ki, Dövlət Vergi Xidmətinin xətti ilə yığılan vergilərin 1 milyard 530 milyon manat, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların 924,7 milyon manat artırılması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 457,7 milyon manat artırılması təklif edilir. Təsdiq olunmuş dövlət büdcəsində mövcud olan xərclər arasında aparılması planlaşdırılan yerdəyişmələrin həcmi 1 milyard 122,9 milyon manat təşkil edəcək.

Tahir Mirkişili öz çıxışında dövlət büdcəsində aparılan yerdəyişmələrin hesabına yaranan ehtiyat vəsaitlərinin yönəlməsi nəzərdə tutulan istiqamətlər barədə məlumat verib. O, diqqətə çatdırıb ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yenidənqurma işlərinin sürətləndirilməsi üçün tədbirlərin maliyyələşdirilməsinə 2 milyard 260 milyon manat, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması sahəsində tədbirlərin maliyyələşməsinə 1 milyard 105 milyon manat vəsaitin yönəlməsi planlaşdırılır. 

Qeyd olunub ki, bununla yanaşı, bir sıra digər istiqamətlər üzrə də əlavə xərclərə vəsaitin yönəldilməsi təklif olunur. Belə ki, ölkəmizin həmtəsisçisi olduğu Beynəlxalq İnvestisiya və İnkişaf Fondlarının Nizamnamə kapitalında Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi, ölkəni yeni “Azərsky2” peykinin orbitə çıxarılması ilə əlaqədar “Azərkosmos” Səhmdar Cəmiyyətinin Nizamnamə kapitalının artırılması üçün 297,5 milyon manat, habelə beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyətlə bağlı xərclər üçün əlavə 139 milyon 600 min manat, o cümlədən xarici ölkələrə maliyyə yardımının göstərilməsi üçün 100 milyon manat, dəmir yolu sahəsində, ölkə ərazisində elektrik enerjisi təchizatı və digər infrastruktur layihələr üzrə yenidənqurma və əsaslı təmir xərcləri üçün 128 milyon manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə  verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması üçün 50 milyon manat, bəzi büdcə təşkilatlarının maddi-texniki təminatının yaxşılaşdırılması və digər zəruri tədbirlərin maliyyə təminatı üçün 102 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclər üçün əlavə 177 milyon 500 min manat, dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların əlavə büdcədənkənar gəlirləri hesabına xərclərinin artırılması üçün 79 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Komitə sədri bildirib ki, 2023-cü ildə Ümumi Daxili Məhsulun nominal həcminin 111,5 milyard manat, ÜDM-in real artım tempinin 1,8 faiz, orta illik inflyasiyanın 10,4 faiz, xam neftin 1 barelinin orta illik qiymətinin 60 ABŞ dolları olacağı proqnozlaşdırılıb.

Məlumat verilib ki, yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri 42 milyard 949 milyon, xərcləri isə 41 milyard 214 milyon manat proqnozlaşdırılır.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (ikinci oxunuş) və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (ikinci oxunuş) barədə qanun layihələrini təqdim edib.

Komitə sədri bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərclərinin bərabər olaraq 4 milyon manat artırılaraq 6 milyard 268 milyon manata çatdırılması təklif olunur. İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri və xərclərinin bərabər olaraq 5 milyon manat artırılaraq 217,7 milyon  manata çatdırılması nəzərdə tutulub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu qanun layihələri barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini diqqətə çatdırıb. 

Qanun layihələri ətrafında aparılan müzakirələrdə çıxış edən komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlar Əli Məsimli, Vüqar Bayramov, Jalə Əliyeva, Etibar Əliyev, Fəzail Ağamalı, Emin Hacıyev, Bəxtiyar Sadıqov 2023-cü ilin büdcəsinə edilən dəyişiklikləri, xüsusilə seçilmiş prioritetləri müsbət qiymətləndiriblər. Millət vəkilləri bəzi qeyd və təkliflərini də səsləndiriblər.

İclasda maliyyə naziri Samir Şərifov çıxış edərək, qanun layihələri barədə fikirləri açıqlayıb, qaldırılan məsələlərə münasibət bildirib. O, parlamentlə hökumət arasında faydalı əməkdaşlığın və qarşılıqlı anlaşmanın müsbət təcrübəsinin olduğunu qeyd edib. Bildirib ki, hökumət tərəfindən millət vəkillərinin səsləndirdiyi təkliflər nəzərdən keçiriləcək, onların real maliyyə tutumu öyrənildikdən sonra mərhələli qaydada bəzilərinin növbəti illərin dövlət və icmal büdcələrinin layihələrində büdcə imkanları çərçivəsində baxılması təmin ediləcək. 

Sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxış edərək,  Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun dürüstləşmiş büdcəsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

Müzakirələrin yekununda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında”, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanunlarda dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti məsələsinin üçüncü oxunuşda  təqdim edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin olduğunu söyləyib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsini təqdim edərək, sənəd barədə birinci və ikinci oxunuşda ətraflı məlumat verildiyini, müzakirələr  zamanı qaldırılan məsələlərin geniş şərh edildiyini söyləyib. 

O, nəzərə çatdırıb ki, 2022-ci il dövlət büdcəsinin gəlirləri 29 197,8 milyon manat proqnoza qarşı 30 679,6 milyon  manat  təşkil  edib.  Dövlət  büdcəsinin xərclərinin icrası isə təsdiq olunmuş 32 303.8 milyon manat vəsaitin 99.3%-i səviyyəsində olub. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən ümumilikdə 4 milyard 311 milyon manat vəsait xərclənib. Hesabat ilində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsi üçün 2 418,7 milyon manat vəsait yönəldilib. Qeyd olunub ki, 2022-ci ilin dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 106 milyon manat proqnozla təsdiq olunsa da, faktiki icra 1 milyard 385 milyon manat təşkil edib.

Komitə sədri bildirib ki, 2022-ci il üçün dövlət büdcəsinin icrası ölkə Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş inkişaf və dəstək kursunun ardıcıl olaraq həyata keçirilməsi, strateji dövlət vəzifələrinin yerinə yetirilməsi, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması, müdafiə və təhlükəsizlik məsələlərinin həlli, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması və iqtisadiyyatın stimullaşdırılması üçün qarşıya qoyulan hədəflərə çatmaqda lazımi maliyyə təminatı yaradıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Parlamentin spikeri Sahibə Qafarova növbəti məsələnin “Qara Dəniz Ticarət və İnkişaf Bankının kapitalının artımı ilə bağlı paylara abunəlik üçün Öhdəlik Məktubu”nun təsdiq edilməsi haqqında  qanun layihəsi olduğunu deyib. O, qeyd edib ki, beynəlxalq sənədin təsdiq edilməsi ilə bağlı olduğuna görə, bu qanun layihəsi müvafiq Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda baxılıb, qəbul ediləcək. 

Məsələ barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. O, bildirib ki, “Qara Dəniz Ticarət və İnkişaf Bankının kapitalının artımı ilə bağlı paylara abunəlik üçün Öhdəlik Məktubu” 2022-ci il 22 aprel tarixində imzalanıb. Bu Bank Azərbaycan Respublikasının da iştirakı ilə 1997-ci ildə təsis edilib. 

Qeyd edilib ki, bankın nizamnamə kapitalı ilkin mərhələ olaraq artırılaraq 2.3 milyard avro ekvivalentinə qaldırılıb. Sonradan  2021-ci ilin oktyabrda artırılmış 816,537 milyon avro dəyərində  710,032 ədəd səhmin abunə kapitalında artımı ikinci mərhələ qismində təklif olunub.

Hazırkı sənədə əsasən Azərbaycan tərəfi hər birinin nominal alış qiymətinin dəyəri 1150 avro olan Qara Dəniz Ticarət və İnkişaf Bankının 35680 ədəd səhminə abunə olur və 41,032,000 avro məcmu alış qiymətinin ödənilməsinə razılıq verir. Beləliklə, Azərbaycan Respublikası QDTİB-ın abunə kapitalının artımına son, qeyd-şərtsiz və qaytarılmayan abunəliyinə qoşulmuş hesab ediləcək.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva təmsil etdiyi komitənin bu məsələ barədə rəyini diqqətə çatdırdıqdan sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin digər 3 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib. O, növbəti 2 məsələnin ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olduğunu, mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (üçüncü oxunuş) və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələrini təqdim edib. O, hər iki sənədin üçüncü oxunuşun tələblərinə cavab verdiyini söyləyib və səsə qoyulmasını xahiş edib.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş)  qanun layihəsi barədə məlumat verib. O, birinci və ikinci oxunuş zamanı məsələ barədə ətraflı məlumat verildiyini, əlavə təklif və dəyişikliyin daxil olmadığını söyləyərək,  layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Spiker Sahibə Qafarova gündəliyin qalan 6 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu söyləyib. O, növbəti 4 məsələnin – “İstehsalat və məişət tullantıları haqqında” Qanunda dəyişiklik edilməsi barədə, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu, məzmun və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “İstehsalat və məişət tullantıları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini  (ikinci oxunuş) təqdim edib.

O, bildirib ki, qanun layihəsində nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı yeni fəslin əlavə edilməsi təklif olunur. Təklif olunan dəyişikliklər insanların həyat və sağlamlığının qorunmasına, ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılmasına, avtonəqliyyat vasitələrindən atmosferə daxil olan zərərli maddələrin miqdarının azaldılmasına, avtomobil parkının yeilənməsinə, köhnə və texniki cəhətdən tələblərə cavab verməyən nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasına, bunun nəticəsində yol-nəqliyyat hadisələrinin sayının azaldılmasına, istismara yararsız nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin tərkibindəki təhlükəli və digər tullantıların ətraf mühitə mənfi təsirinin azaldılmasına, habelə ölkəmizdə avtomobil istehsalının stimullaşdırılmasına xidmət edəcək.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov digər iki məsələ – İnzibati Xətalar Məcəlləsində və “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihələrini ikinci oxunuşda diqqətə çatdırıb. O, bu sənədlərdə hər hansı dəyişikliyin olmadığını deyərək, layihələri səsə qoymağı xahiş edib. Qanun layihələrində utilizasiyası ilə bağlı qanunvericilikdə yeni yaranan münasibətlərə görə yeni inzibati qaydaların və xətaların müəyyən edilməsi təklif olunur. 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihəsi barədə məlumat verib. O, bildirib ki, layihədə təklif edilən dəyişikliklər ölkənin gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya haqqının tutulmasını nəzərdə tutur.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov son 3 məsələ barədə bu komitənin müsbət rəy verdiyini bildirib.

Deputat Vüqar Bayramov öz fikirlərini və bəzi təkliflərini səsləndirdikdən sonra təqdim edilən 4 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Dəyişikliyə əsasən, əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim olunmasını təmin etməlidir.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov gündəliyin sonuncu məsələsi – İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) nəzərə çatdırıb. O, layihəyə dair hər hansı təklifin daxil olmadığını deyib və sənədin səsə qoyulmasını xahiş edib. 

Layihəyə əsasən, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyır. Sənəddə yol-nəqliyyat hadisələrinin baş verməsinin səbəblərindən biri olan nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə, xüsusilə narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə etməklə idarə edilməsinə görə inzibati məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, sabah Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Milli Məclisin xüsusi iclası olacaq. 

Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir