Ölkəmizdə akkreditə olunan hərbi attaşelər Edilli kəndindəki kütləvi məzarlığa səfər edib
Oktyabrın 6-da Müdafiə Nazirliyinin təşkilatçılığı və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığa səfər ediblər.
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov xarici ölkələrin hərbi nümayəndələrinə Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni hərbi birləşmələri və Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin kobud şəkildə pozulmasından danışıb. Bunun nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin əsir düşərək, işgəncə verilməklə öldürülməsi faktları barədə ətraflı məlumat verib.
Məzarlıqda 12 nəfərin qalıqlarının üzə çıxdığı qeyd olunub. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqlarının bilindiyi xüsusi vurğulanıb. Eyni zamanda skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı da hərbi attaşelərin diqqətinə çatdırılıb.
General-mayor H.Mahmudov erməni təcavüzü nəticəsində itkin düşmüş 4000 nəfərədək mülki şəxs və hərbi əsirlərin taleyi barədə hələ də heç bir xəbərin olmamasını da qeyd edib.
Sonra hərbi attaşelər hərbi hissələrdən birini ziyarət edərək burada şəxsi heyət üçün yaradılan şəraitlə tanış olublar.