Milli Məclisin növbədənkənar sessiyası öz işinə başlayıb

İyunun 6-da Milli Məclisin 2023-cü il növbədənkənar sessiyasının ilk iclası keçirilib. Parlamentin sədri Sahibə Qafarova növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Resprublikasının Dövlət Himni səsləndirilib.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Parlamentin spikeri diqqətə çatdırıb ki, bu gün 14 məsələ müzakirə ediləcək. 

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyası ötən 5 ayda makroiqtisadi sabitliyi və maliyyə dayanıqlığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf sahəsində dövlət siyasətinin prioritetlərini və məqsədlərini əldə etməyə imkan yaratmışdır. Bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. 

Sahibə Qafarova vurğulayıb ki, iqtisadi göstəricilərin artımı nəzərdə tutulan hədəflərin əldə edilməsi, o cümlədən işğaldan azad olunmuş bölgələrdə   bərpa-quruculuq işlərinin sürətləndirilməsi, müdafiə və təhlükəsizlik vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə bu ilin dövlət büdcəsi haqqında qanunda və büdcə zərfinə daxil olan digər 2 qanunda dəyişiklik edilməsinə imkan yaratmışdır.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, bununla əlaqədar olaraq, möhtərəm cənab Prezident müvafiq qanun layihələrini qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim etmişdir və gündəliyin ilk üç məsələsi məhz bu qanun layihələridir.

Milli Məclisin sədri deyib ki, hər üç qanun layihəsi birinci oxunuşda müzakirə ediləcək və deputatlardan çıxışlar zamanı birinci oxunuşun tələblərini nəzərə almalarını xahiş edib.

Spiker Sahibə Qafarovanın təklifi ilə qanun layihələrinin təqdimatlarından sonra onların müzakirəsinin birgə aparılması qərara alınıb.

Beləliklə, gündəliyin birinci məsələsi olan  “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumatı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Komitə sədri bildirib ki, qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunub. O, qeyd edib ki, “Büdcə sistemi haqqında Qanunun” 23.7-ci maddəsinə əsasən dövlət büdcəsinə yenidən baxılarkən, onun gəlir və xərcləri üzrə məbləğinin büdcə gəlirləri təsnifatının, büdcə xərclərinin funksional, iqtisadi və inzibati təsnifatlarının paraqrafları səviyyəsində dəyişdirilməsi nəzərdə tutularsa, qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla qanunda göstərilmiş 8 sənəd Milli Məclisə təqdim edilib. 

Tahir Mirkişili diqqətə çatdırıb ki, 2023-cü ildə beynəlxalq təşkilatlar tərəfindən yenilənmiş proqnozlara əsasən, əvvəlki ilə nisbətən iqtisadi artımın zəifləyəcəyi gözlənilir. Belə ki, ilkin proqnozlarda qlobal iqtisadi artımın təxminən 2,5%-3,0% ətrafında olacağı gözlənilsə də, 2023-cü ildə dərc edilmiş hesabatlara əsasən, bu göstəricinin təxminən 2,0-2,5% ətrafında olacağı nəzərdə tutulur. Neft qiymətlərində azalma tendensiyasının müşahidə edilməsi beynəlxalq təşkilatların bu xammal üzrə proqnozlarına düzəliş etmələrini şərtləndirib. Belə ki, BVF-in məlumatlarına əsasən, 2023-cü ildə orta illik neft qiymətinin ilkin versiyada 85,5 ABŞ dolları olacağı güman edilsə də, cari ilin aprel hesabatına əsasən bu göstəricinin 73,1 ABŞ dolları olacağı proqnoz edilir. Dünya Bankı da neftin qiymətinə dair proqnozunu 4,0 ABŞ dolları azaldaraq, 88,0 ABŞ dollarına endirib. 

O, bildirib ki, 2023-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi qəbul olunarkən dövlət büdcəsi gəlirlərinin 30 774 milyon, xərclərinin 33 353.3 milyon, kəsirinin isə 2 579.3 milyon manat olacağı planlaşdırılıb. Eyni zamanda, 2023-ci ildə ÜDM-in real artım tempinin 2.7%, qeyri-neft-qaz ÜDM-nin real artım tempinin 4.5%, inflyasiyanın orta illik səviyyəsinin 6.9%, olacağı proqnozlaşdırılıb, dövlət büdcəsində hesablamalar neftin bir barelinin orta illik qiymətinin 50 ABŞ dolları səviyyəsinə uyğun həyata keçirilib.

Komitə sədri bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında yaradılmış əlavə dəyərin 40 milyard manat, iqtisadi artım tempinin 0,1% təşkil etdiyini söyləyib. O, qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılma zamanı təqdim edilmiş məlumatlarda ÜDM-in 111,6 milyard manatadək artırılması, iqtisadi artım tempinin isə 1,8%-ə endirilməsi nəzərdə tutulur. ÜDM-də nominal məbləğdə nəzərdə tutulan artımın həm neft-qaz, həm də qeyri-neft/qaz sektoru hesabına təmin olunacağı proqnozlaşdırılır. Belə ki, dürüstləşdirilmiş proqnozda ÜDM-də gözlənilən 5,6 milyard manat artımın 4,4 milyard manatının qeyri-neft/qaz, 1,2 milyard manatının isə neft-qaz sahələrindən formalaşacağı gözlənilir. Qeyri-neft-qaz sektorunda real artım proqnozu 2023-cü il üçün 4.5%-dən 4.9%-ə qədər artırılıb. Yenidən baxılan “Büdcə zərfi”ndə hesablamalar neftin bir barelinin orta illik qiymətinin 10 ABŞ dolları artırılaraq 60 ABŞ dolları səviyyəsinə uyğun həyata keçirilib.

Bildirilib ki, 2023-cü ilin yanvar-aprel aylarında orta illik inflyasiya 13,5%-ə bərabər olub. Təqdim edilmiş məlumatlara əsasən, ilkin proqnozlar zamanı 2023-cü ildə orta illik inflyasiyanın 6,9% olacağı nəzərdə tutulsa da, yenidən baxılma zamanı bu göstəriciyə artım istiqamətində düzəlişlər edilib 10,4% olaraq dəqiqləşdirilib.

Nəzərə çatdırılıb ki, cari ilin 4 ayı ərzində dövlət büdcəsi gəlirlərinin proqnoz və icra göstəriciləri arasında fərqlər müşahidə olunub. Dövlət Neft Fondundan transfert istisna olmaqla, dövlət büdcəsinin gəlirləri 4 ay ərzində proqnozdan 2 412.0 milyon manat artıq icra edilib. Artıq gəlirlərin 1.077 milyon manatını qeyri-neft gəlirləri, 1 315.0 milyon manatını isə neft gəlirləri təşkil edib. Komitə sədri bu dövr ərzində, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair Dövlət Proqramının icrası, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi və digər zəruri xərclərlə bağlı dövlət büdcəsi qarşısında yeni maliyyələşmə tələbatının yarandığını deyib. Qeyd edib ki, mühüm dövlət vəzifələrinin icrası üçün dövlət büdcəsi qarşısında bu il əlavə olaraq 4338,4 milyon manat məbləğində maliyyə tələbatı yaranıb. 

Bildirilib  ki,  deyilənləri nəzərə  alaraq, yenidən  baxılan  dövlət  büdcəsinin  gəlirlərinin 3 005.5 milyon manat artırılaraq 33 779.5 milyard manata, xərclərinin 3 215.5 milyon manat artırılaraq 36 568.8 milyon manata, kəsirin 210 milyon manat artırılaraq 2 789.3 milyard manata çatdırılması təklif olunur. 2023-cü il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin 25,4% olması proqnozlaşdırılıb. 

Komitə sədri Tahir Mirkişili öz çıxışında Prezident İlham Əliyevin Laçın şəhərinə səfərini və bu səfər çərçivəsində şəhərin ilk sakinlərinə yenidən tikilmiş və bərpa edilmiş evlərin açarlarının təqdim edilməsini mühüm tarixi hadisə kimi dəyərləndirib. O, regionda baş verən çağırışlar fonunda ölkənin müdafiə və təhlükəsizliyinin gücləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Sonra iclasda maliyyə naziri Samir Şərifov çıxış edib. O, bildirib ki, 2023-cü ilin dövlət büdcəsində Böyük Qayıdış Proqramında nəzərdə tutulan layihələrin icrası üçün 3 milyard manat vəsait təsdiq olunub. Artıq həmin vəsaitin 60 faizə yaxın hissəsi carin ilin ötən 5 ayı ərzində istifadə olunub. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev cari ilin I rübünün fiskal, xüsusilə dövlət büdcəsinə daxilolmalar üzrə  göstəricilərin müsbət dinamikasını, habelə 2023-cü il üzrə tərtib olunmuş sosial-iqtisadi inkişaf proqnozunun 2022-ci ilin faktiki icra göstəricilərinə nisbətən artıma doğru yenilənməsini nəzərə alaraq, büdcədə yaranmış əlavə gəlirlərin, ilk növbədə, Böyük Qayıdış Proqramı üzrə layihələrin maliyyələşdirilməsinə, ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsinə yönəldilməsi vəzifələrini müəyyən edib.

Qeyd edilib ki, 2023-cü ilin dövlət büdcəsinə dəyişiklərin edilməsi ilə bağlı qanun layihəsi əlavə xərclərin qarşılanması üçün maliyyə təminatının yaradılması, bu zaman cari və orta müddətli makro-iqtisadi və fiskal dayanıqlığa xələl gətirilməməsi, Dövlət Neft Fondunun aktivlərinin münbit qiymət konyunkturası şəraitində artımının davam etdirilməsi hədəfləri gözlənilməklə tərtib olunub.

Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin əsas parametrləri ilə bağlı məlumatda bildirib ki, dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş 30774,0 milyon manata qarşı 3005,0 milyon manat və ya 9,8 faiz artırılaraq 33779,5 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin təsdiq olunmuş 33353,3 milyon manat məbləğində xərcləri 3215,5 milyon manat  və ya 9,6 faiz artırılaraq 36568,8 milyon manata çatdırılacaq. Dövlət büdcəsinin kəsiri təsdiq olunmuş 2579,3 milyon manata qarşı 210,0 milyon manat və ya 8,1 faiz artırılaraq 2789,3 milyon manat olacaq.

Diqqətə çatdırılıb ki, dövlət büdcəsinin təsdiq olunmuş bəzi xərclərinin optimallaşdırılması və yerdəyişməsi hesabına büdcə xərcləri daxilində 1 milyard 123 milyon manat məbləğində əlavə maliyyə təminatı yaradılıb. Cari ilin ilk 5 ayında Dövlət Neft Fondunun dövlət büdcəsinə transfert üzrə daxilolmalar nəzərə alınmadan dövlət büdcəsinin əlavə gəlirləri 2,6 milyard manat təşkil edib. Bu vəsaitin 50 faizi qeyri-neft sektoru hesabına, digər hissəsi isə neft sektorundan daxilolmalar hesabına təmin edilib.

Bildirilib ki, bütövlükdə, qeyd olunan 4,3 milyard manat maliyyə resurslarının 2 milyard 260 milyon manatlıq hissəsi işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinin aparılmasına yönəldilməklə, cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaiti 5 milyard 260 milyon manata yüksəldiləcək. Digər prioritet istiqamət olan ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin daha da artırılması üçün əlavə ayrılacaq 1 milyard manat vəsait nəzərə alınmaqla, xüsusi müdafiə təyinatlı xərclərə yönəldilən vəsaitin ümumi məbləği 3 milyard 70 milyon manata çatdırılacaq. 

Qeyd olunub ki, bununla yanaşı, bir sıra digər istiqamətlər üzrə də əlavə xərclərə vəsaitin yönəldilməsi təklif olunur. Belə ki, Azərbaycanın həmtəsisçisi olduğu Beynəlxalq İnvestisiya və İnkişaf Fondlarının Nizamnamə kapitalında Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi, ölkəni yeni “Azərcky2” peykinin orbitə çıxarılması ilə əlaqədar “Azərkosmos” Səhmdar Cəmiyyətinin Nizamnamə kapitalının artırılması üçün ümumilikdə 297,5 milyon manat, habelə beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyətlə bağlı xərclər üçün əlavə 139,6 milyon manat, o cümlədən xarici ölkələrə maliyyə yardımının göstərilməsi üçün 100 milyon manat, Azərbaycanın xaricdəki diplomatik və digər nümayəndəliklərinin əməkhaqqı sisteminin təkmilləşdirilməsi ilə bağlı, həmçinin bəzi xarici ölkələrdə yeni səfirlik və diplomatik nümayəndəliklərin fəaliyyətə başlaması ilə əlaqədar 26 milyon manat, BMT-nin iqlim dəyişməsi üzrə çərçivə konsepsiyasına uyğun olaraq ölkəmizin qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi üçün 13,6 milyon manat, dəmir yolu sahəsində, ölkə ərazisində elektrik enerjisi təchizatı və digər infrastruktur layihələr üzrə yenidənqurma və əsaslı təmir xərcləri üçün 128 milyon manat, sahibkarlıq fəaliyyəti ilə bağlı verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması üçün 50 milyon manat, bəzi büdcə təşkilatlarının maddi-texniki təminatının yaxşılaşdırılması və digər zəruri tədbirlərin maliyyə təminatı üçün 102 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclər üçün əlavə 177,5 milyon manat, dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların əlavə büdcədənkənar gəlirləri hesabına xərclərinin artırılması üçün 79 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. 

Nəzərə çatdırılıb ki, dövlət büdcəsinin gəlirlərinin 52,5 faizi və ya 17739,7 milyon manatı neft sektorunun, 47,5 faizi və ya 16039,8 milyon manatı qeyri-neft sektorunun payına düşür. Gəlirlərin 14932,0 milyon manatı Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 5728,0 milyon manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 11737,7 milyon manatı Dövlət Neft Fondundan transfertin, 801,0 milyon manatı büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmalar, 580,8 milyon manatı digər gəlirlərin payına düşür.

Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 60,3 faizi və ya 22039,3 milyon manat, əsaslı xərclərə ümumi xərclərin 36,5 faizi və ya 13347,0 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,2 faizi və ya 1182,5 milyon manat vəsait yönəldiləcək.

2023-cü il dövlət büdcəsinin kəsiri 210,0 milyon manat artırılaraq 2789,3 milyon manat məbləğinə çatdırılır. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaq.

Məlumat verilib ki, yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri 42949,1 milyon manat proqnozlaşdırılır və bu təsdiq olunmuş göstəriciyə nisbətən 9923,4 milyon manat və ya 30 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 41213,9 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3244,5 milyon manat və ya 8,5 faiz çoxdur. Qeyd olunub ki, icmal büdcə 4943,6 milyon manat kəsirlə proqnozlaşdırılsa da, 6678,9 milyon manat əlavə gəlirlər hesabına 1735,3 milyon manat profisit yaranacaq.

Samir Şərifov bildirib ki, 2023-cü ilin dövlət və icmal büdcələrinə yenidən baxılmasının əsas hədəfi prioritet vəzifə olaraq işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, Böyük Qayıdış Proqramının icrası, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılması, ordunun hərbi qüdrətinin gücləndirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasından ibarətdir.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş) və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş) barədə qanun layihələrini təqdim edib. 

Komitə sədri bildirib ki, postmüharibə və postpandemiya dövründə dövlət büdcəsinin profisitlə bağlı dürüstləşdirilməsinə baxılması ölkəmizin iqtisadi gücünün göstəricisi,  Prezidentin rəhbərliyi altında sosial-iqtisadi, maliyyə-büdcə siyasəti sahəsində aparılan davamlı və ardıcıl islahatların uğurlu nəticəsidir. Dövlət büdcəsi gəlirlərinin artımının yarısı qeyri-neft sektorunun payına düşür ki, bu da qeyd olunan sahədə inkişaf potensialının yüksək olmasının göstəricisidir. O, dürüstləşdirilən büdcənin xərclərinin əsas istiqamətlərinin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərinin sürətləndirilməsinə, soydaşlarımızın doğma yurdlarında yenidən məskunlaşmasına, digər hissəsinin ölkəmizin milli təhlükəsizliyinin qorunmasına, beynəlxalq münasibətlər sahəsinin gücləndirilməsinə, strateji sahələrin infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilməsinin təqdirəlayiq olduğunu vurğulayıb.

 Musa Quliyev Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun dürüstləşdirilmiş büdcə layihələrinin “Büdcə sistemi haqqında” Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlandığını söyləyib. 

Diqqətə çatdırılıb ki, dürüstləşdirilmiş büdcədə DSMF-nin gəlirləri və xərclərinin 4 milyon manat artırılaraq 6 milyard 268 milyon manata çatdırılması təklif olunur. Fondun büdcəsinin 4 milyon manat həcmində gəliri əvvəlki illərdə istifadə olunmamış vəsaitdən formalaşacaq. DSMF dürüstləşdirilmiş büdcəsinin xərc hissəsində nəzərdə tutulmuş 4 milyon manat vəsait uşağın anadan olmasına görə müavinətin məbləğinin 2023-cü ilin yanvar ayından 300 manatdan 500 manata qaldırılması üçün xərclərini qarşılamaq üçün nəzərdə tutulub. Eyni zamanda, postpandemiya dövründə ölüm hallarının azalması səbəbindən dəfn üçün müavinətin 2023-cü ilin büdcəsində təsdiq edilmiş 41 milyon manatdan 4 milyon manat azaldaraq 37 milyon manata endirilməsi təklif olunur. Fondun mərkəzi aparatının və yerli struktur bölmələrinin saxlanılması xərclərinin 4 milyon manat və yaxud 3,9% artırılaraq 106,7 milyon manat səviyyəsində olması nəzərdə tutulur. 

Bildirilib ki, İşsizlikdən Sığorta Fondunun dürüstləşdirilmiş büdcəsində gəlir və xərclərin 5 milyon manat artırılaraq 212,7 milyon manatdan 217,7 milyon manata çatdırılması nəzərdə tutulub. Büdcə gəlirlərinin 5 milyon manatlıq artımı İşsizlikdən Sığorta Fondunun 2022-ci ilin sonuna istifadə olunmamış vəsaiti hesabına təmin ediləcək. Qeyd edilib ki, İşsizlikdən Sığorta Fondunun büdcə xərclərinin 7 parametri üzrə dəyişiklik təklif edilir. Belə ki, işsizliyə görə sığorta ödənişləri, haqqı ödənilən ictimai işlərin təşkili, sosial müəssisələrin yaradılması və  məqsədli proqramların həyata keçirilməsi, Dövlət Məşğulluq Ağentliyinin aparatının,  yerli orqanlarının və Sosial Müdafiə Məsələləri üzrə Milli Observasiyanın saxlanılma xərcləri istiqamətlərində artımlar nəzərdə tutulur. Artımlar  əmək haqlarının yüksəlməsi, yeni sosial  müəssisələrin yaradılması və əlavə iş yerlərinin açılması ilə əlaqədardır.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu qanun layihələri ilə əlaqədar rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini söyləyib.

Milli Məclisin sədri Sahibə Qafarova 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı təqdim olunan qanun layihələrinə dair Hesablama Palatası tərəfindən rəy verildiyini diqqətə çatdırıb.

Sonra bu qanun layihələri ətrafında müzakirələr aparılıb. Komitə sədri Siyavuş Novruzov, deputatlar Fazil Mustafa, Sevil Mikayılova, Rafael Hüseynov, Şahin İsmayılov, Əminə Ağazadə, Tahir Kərimli, Nurlan Həsənov, Elşən Musayev, Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Razi Nurullayev çıxış edərək öz fikirlərini və bəzi qeydlərini səsləndiriblər.

Müzakirələrin sonunda 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı təqdim olunan 3 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti 5 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini  (ikinci oxunuş) təqdim edib. O, qanun layihəsi barədə birinci oxunuş zamanı ətraflı məlumat verildiyini, müzakirələr zamanı deputatlar tərəfindən bəzi qeyd və təkliflərin səsləndirildiyini söyləyib.

Komitə sədri qeyd edib ki, 2022-ci ilin dövlət büdcəsi ölkə Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadi siyasət və təhlükəsizlik tədbirləri ilə uzlaşdırılaraq, qlobal iqtisadiyyatda gedən proseslərin, regionda baş verən hadisələrin, müdafiə və təhlükəsizlik çağırışlarının, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra olunub.

O, bildirib ki, Azərbaycanda 2022-ci ildə iqtisadiyyatın real artımı gözlənilən 3.5% proqnoza qarşı 4.6% olub, Ümumi Daxili Məhsulun həcmi isə ilk dəfə ən yüksək həddə – 133.8 milyard manata çatıb. 

Diqqətə çatdırılıb ki, büdcə qaydasının əsas göstəriciləri hədəflənən yuxarı hədləri aşmayıb. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 22,4 faiz və ya hədəf göstəricidən 5,1 faiz az, dövlət borcunun ÜDM-ə nisbəti isə 11,6 faiz və ya hədəf göstəricidən 8,4 faiz az olub. Hesabat ilində ölkənin dövlət borcu 490,7 milyon manat artaraq 15 milyard 566,6 milyon manat, dövlət borcunun 73,1 faizini təşkil edən xarici birbaşa dövlət borcu isə 700,2 milyon ABŞ dolları azalaraq 6 milyard 693 milyon ABŞ dolları təşkil edib.

Bildirilib ki, 2022-ci ildə dövlət büdcəsinin gəlirləri 29 197,8 milyon manat proqnoza qarşı 30 679,6 milyon manat təşkil edib və proqnozla müqayisədə 1 481.8 milyon manat çox icra olunub. Qeyd olunub ki, gəlirlərin tərkibində qeyri-neft sektoru üzrə daxilolmalar 15 350.0 milyon manat təşkil edib. Vergi orqanları xəttilə dövlət büdcəsinə daxilolmalar 15 543.0 milyon manat, Dövlət Gömrük Komitəsinin xətti ilə 5 654.6 milyon manat olub. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği  3 594.5 milyon manat azalaraq, 7 923 milyon manat təşkil edib.

Qeyd edilib ki, ötən il üzrə dövlət büdcəsinin təsdiq olunmuş 32 303.8 milyon manat xərclərinin 99.3%-i icra olunub. Sosial xərclər dövlət büdcəsinin icrasında xərclərin 36,1 faizini təşkil edib. Ölkənin müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılmasına dövlət büdcə xərclərinin 17,5 faizi və ya 5622,5 milyon manat vəsait xərclənib. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən ümumilikdə 4311,0 milyon manat vəsait ayrılıb. 

Komitə sədri bildirib ki, 2022-ci ildə dövlət büdcəsinin yerli gəlirləri 1113,9 milyon manat məbləğində və ya 48,1 faiz çox icra olunub. Dövlət büdcəsinin yerli xərcləri isə 1013,5 milyon manat və ya 94,7 faiz icra olunub. Ötən il dövlət büdcəsi kəsirinin yuxarı həddi 3106,0 milyon manat məbləğində təsdiq olunsa da, faktiki kəsir 1385,0 milyon manat təşkil edib. 

O, qeyd edib ki, 2022-ci il icmal büdcənin gəlirləri 36760,9 milyon manat proqnoza qarşı 17,2 faiz çox icra edilməklə, 43097,6 milyon manat təşkil edib. İcmal büdcə xərclərinin icra faizi 98,4 faiz təşkil edib.

Tahir Mirkişili bildirib ki, 2022-ci il üçün dövlət büdcəsinin icrası ölkə Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilən inkişaf və dəstək kursunun ardıcıl olaraq davam etdirilməsi, əsas dövlət və sosial vəzifələrin həyata keçirilməsi, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması, müdafiə və təhlükəsizlik məsələlərinin həlli və iqtisadiyyatın stimullaşdırılması istiqamətində müsbət rol oynayıb.

Məsələ ətrafında müzakirələrdə çıxış edən deputatlar Vüqar Bayramov, Etibar Əliyev, Tahir Kərimli, Sabir Rüstəmxanlı, Rüfət Quliyev öz fikirlərini açıqlayıblar.

Maliyyə naziri Samir Şərifov iclasda səsləndirilən bəzi məsələlərə aydınlıq gətirib.

Müzakirələrin sonunda qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti 2 məsələsinin Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu, mahiyyətcə bir-birinə yaxın olduğunu deyib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrini təqdim edib.

Bildirilib ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda təklif edilən dəyişikliklərdə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxslərin hərbi qeydiyyatdan çıxarılması qaydasının təkmilləşdirilməsi, habelə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını təşkil edən dairənin dəqiqləşdirilməsi nəzərdə tutulur.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna isə hərbi qeydiyyat anlayışının dəqiqləşdirilməsi, müvafiq icra hakimiyyəti orqanında müddətli həqiqi hərbi xidmətdən buraxılmış, həmçinin müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilərin hərbi qeydiyyat qaydasının təkmilləşdirilməsi ilə əlaqədar dəyişikliklər təklif olunur.

Komitə sədri Siyavuş Novruzov, deputat Ülviyyə Həmzəyeva məsələlərlə bağlı öz fikir və qeydlərini söyləyiblər. Komitə sədri Ziyafət Əsgərov səsləndirilən fikirlərə münasibət bildirib.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş)  qanun layihəsi barədə məlumat verib. O, birinci oxunuş zamanı məsələ barədə ətraflı məlumat verildiyini söyləyərək, layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Sənədə əsasən, məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, həmin şəxsi hərbi əməliyyatların qurtardığı gündən azı altı ay keçdikdən sonra ölmüş elan edə bilər.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) nəzərə çatdırıb. O, bildirib ki, sənəd məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların dərinləşdirilməsi istiqamətində həyata keçirilən işlərin davamı olaraq, məhkəmə sisteminin müstəqilliyinin daha səmərəli şəkildə təmin edilməsi, Məhkəmə-Hüquq Şurasının, habelə Hakimlərin Seçki Komitəsinin formalaşdırılması qaydalarının təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin qalan 6 məsələsi birinci oxunuşda olan qanun layihələridir. Sahibə Qafarova diqqətə çatdırıb ki, növbəti 4 məsələ cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub, məzmun və mahiyyətcə də bir-birinə yaxındır. 

Beləliklə, gündəliyin 9-12-ci məsələlərinin – birinci oxunuşda müzakirəyə çıxarılan “İstehsalat və məişət tullantıları haqqında” Qanunda dəyişiklik edilməsi barədə, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin əvvəlcə təqdimatlarının dinlənilməsi, sonra birlikdə müzakirə olunması qərara alınıb.

Spiker Sahibə Qafarova 9-cu məsələ – “İstehsalat və məişət tullantıları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat vermək üçün Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanova söz verib.

Sadiq Qurbanov bildirib ki, cənab Prezidentin təsdiq etdiyi “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması nəzərdə tutulub. Buna uyğun olaraq 14 dövlət qurumu  ilə koordinasiyalı şəkildə hazırlanan qanun layihəsində qanuna “Nəqliyyat vasitələrinin utilizasiyası” fəslinin əlavə edilməsi təklif olunub.

Utilizasiya proqramının ekoloji əsaslandırmasından bəhs edən komitə sədri köhnə avtomobillərin atmosferə atdığı zərərli maddələrin ekologiya və insan sağlamlığında mənfi təsirlərindən danışıb. Azərbaycanda Avro-4 standartının tətbiq olunduğunu, lakin bu standartın tətbiqinə qədər ölkəyə gətirilmiş köhnə maşınların hələ də istismar edildiyini deyən Sadiq Qurbanov köhnə avtomobil parkının yenilənməsində utilizasiyanın tətbiqinin əhəmiyyətini diqqətə çatdırıb. O, layihənin bütövlükdə həm ekoloji vəziyyəti yaxşılaşdırmaq,  həm yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, eləcə də ölkədə nəqliyyat parkını yeniləmək, yerli avtomobil istehsalını stimullaşdırmaq baxımından faydaları barədə məlumat verib.

Sonra spiker Sahibə Qafarova bildirib ki, 10-cu və 12 məsələlərə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılıb. İnzibati Xətalar Məcəlləsində və “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihələri haqqında məlumat verən komitə üzvü Kamal Cəfərov deyib ki, sənədlərdə utilizasiyası ilə bağlı qanunvericilikdə yeni yaranan münasibətlərə görə yeni inzibati qaydaların və xətaların müəyyən edilməsi təklif olunub. Təklif olunan inzibati xətaların sanksiyaları barədə məlumat verən Kamal Cəfərov Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin layihələri mütərəqqi hesab etdiyini və dəstəklədiyini bildirib.

11-ci məsələ barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, “İstehsalat və məişət tullantıları haqqında” qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə uyğun olaraq hazırlanan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə görə, ölkənin gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar haqqında” Qanuna uyğun olaraq utilizasiya haqqı tutulacaq.

10-cu, 11-ci və 12-ci məsələlərlə bağlı komitə sədri Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin müsbət rəyini təqdim edəndən sonra sənədlərin müzakirəsi aparılıb. Müzakirədə çıxış edən deputatlar Vüqar Bayramov, Emin Hacıyev, Etibar Əliyev, İltizam Yusifov layihələrlə bağlı fikirlərini bölüşüblər, qeydlərini səsləndiriblər. 

Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub. 

Gündəliyin 13-cü məsələsi olan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. O, bildirib ki, əməyin mühafizəsi və iş yerlərinin attestasiyasının aparılması sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə cənab Prezidentin 23 may 2023-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi yaradılıb. Mərkəzin funksiya və vəzifələrinə eyni zamanda əməyin mühafizəsi sahəsində həm attestasiyanın aparılmasına texniki köməklik göstərmək, həm maarifləndirmə işinin aparılması, həm də təlimlərin keçirilməsi daxildir. 

Bu məqsədlə də Əmək Məcəlləsinin “İş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi” adlanan 64-cü maddəsinə “attestasiyasının keçirilməsini” sözlərindən sonra “və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir” sözləri əlaqə edilir.

Deputat Fazil Mustafanın sənədlə  bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəliyin sonuncu məsələsi olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. Kamal Cəfərov bildirib ki, layihədə yol-nəqliyyat hadisələrinin baş verməsinin səbəblərindən biri olan nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə, xüsusilə narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə etməklə idarə edilməsinə görə inzibati məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur.

Sənəddə nəqliyyat vasitələrinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı ayrıca inzibati xətanın müəyyən edilməsi, həmin xətanın alkoqol sərxoşluğu vəziyyətində törədilən xətalardan fərqləndirilərək sanksiyalarının ağırlaşdırılması nəzərdə tutulur.

Bundan əlavə, layihədə yol-nəqliyyat hadisələrinin baş verməsinin digər səbəblərindən olan sürət həddinin aşılması, qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma, ötmə və manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması və s halların törədilməsinin qarşısının alınması  məqsədilə İnzibati Xətalar Məcəlləsində qeyd edilənləri nəzərdə tutan müvafiq xətalara görə sanksiyalarının sərtləşdirilməsi təklif olunub. Deputat Kamal Cəfərov vurğulayıb ki, layihənin əsas məqsədi qanunun çəkindirici gücünün artırılması və daha ağır qəzalara risk yaradan hallara qarşı mübarizədir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Bununla da Milli Məclisin 2023-cü ilin növbədənkənar sessiyasının ilk iclası başa çatıb.

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir