Spiker Sahibə Qafarovanın mayın 22-də “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizliyin və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda çıxışı
Hörmətli həmkarlar, xanımlar və cənablar.
İlk növbədə, mən Azərbaycan Respublikasının parlamenti adından Sizin hamınızı Azərbaycanda ürəkdən salamlamaq və Milli Məclisin ATƏT-in Parlament Assambleyası ilə birgə təşkil etdiyi konfransda iştirak etmək üçün dəvətimizi qəbul etdiyinizə görə öz təşəkkürümü bildirmək istərdim.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Ölkələrimiz və bütövlükdə ATƏT bölgəsi üçün həyati əhəmiyyət kəsb edən məsələləri müzakirə etmək üçün bir çox parlamentarinin bir araya gəlməsi təqdirəlayiqdir.
Biz millət vəkilləri, xalqlarımızın nümayəndələri olaraq, ölkələrimizin müasir çağırışlara dair mümkün olan ən yaxşı həll yollarını tapmaq səylərini dəstəkləmək və hər kəs üçün daha yaxşı bir gələcəyə çatmaq üçün imkanların reallaşmasına kömək etmək üçün məsuliyyət daşıyırıq. Bu mənada, parlament əməkdaşlıq platformaları bizim öhdəliyimizi və qətiyyətimizi əks etdirir. ATƏT Parlament Assambleyası çərçivəsində dialoqumuz, bu cür konfranslar çərçivəsində fikir və təcrübə mübadiləsi, genişlənmə və sıx əməkdaşlıq üçün yeni ideyalar və perspektivlər yaratmaq baxımından vacibdir.
Hörmətli həmkarlar,
ATƏT regionunda mürəkkəb təhlükəsizlik mühiti dövrünün pandemiyadan sonrakı iqtisadiyyatın bərpasındakı çətinliklər və digər çağırışlarla müşayiət olunduğu bir vaxtda, bugünkü konfrans davamlı inkişafda yaşıl iqtisadiyyatın və qarşılıqlı əlaqənin rolu kimi mühüm məsələlərə həsr olunub. Bunlar panel iştirakçılarımız tərəfindən ətraflı müzakirə ediləcəkdir. Ancaq icazə verin, bu məsələlər üzərində qısaca dayanım.
Aydındır ki, “yaşıl” texnologiyaların istifadəsi təkcə ətraf mühitin qorunmasını təmin etməyəcək, həm də yeni iqtisadi perspektivlər yaradacaqdır. Bu da davamlı inkişafın bütün aspektlərinə müsbət təsir göstərəcək. Əlbəttə ki, inklüziv yaşıl iqtisadiyyata keçid istər-istəməz tədricən olacaq və bir çox problemlərlə müşayiət ediləcək. Ancaq irəliyə doğru düzgün addımlar ataraq onu sabit və davamlı etmək olar.
Bu, Azərbaycanın gündəmində də mühüm yer tutur. Təmiz ətraf mühit və yaşıl inkişaf Azərbaycanın 2030-cu ilədək yeni inkişaf strategiyasının beş prioritet istiqamətindən biri kimi müəyyən edilib. Son illərdə bərpa olunan enerji mənbələrinin enerji təchizatındakı payının əhəmiyyətli dərəcədə artırılması üçün mühüm addımlar atılıb. 2021-ci ildə parlamentimiz “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanun qəbul edib. Bu gün artıq beynəlxalq tərəfdaşlarla birgə külək və Günəş elektrik stansiyalarının tikintisi üzrə bir neçə layihə həyata keçirilir. Yaşıl enerji sahəsində yalnız milli potensialın yaradılması deyil, həm də ondan beynəlxalq əməkdaşlığın təşviqində istifadə edilməsi üçün addımlar atılır. Ötən ilin dekabrında Buxarestdə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” Saziş imzalanıb. Azərbaycanın nəhəng bərpa olunan enerji resursları ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu artıracaq.
Xanımlar və cənablar,
Nəqliyyatın əlaqələndirilməsi məsələsinə gəldikdə, nəqliyyat və kommunikasiya xətlərinin və tranzit marşrutlarının diversifikasiyası və gələcək inkişafı, dayanıqlı inkişaf baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi Orta Dəhlizdə əsas beynəlxalq nəqliyyat-logistika qovşaqlarından birinə çevirib. Nəqliyyat prosedurlarının sadələşdirilməsi, milli və beynəlxalq hüquqi müddəalardakı boşluqların və çatışmazlıqların aradan qaldırılması kimi praktik tədbirlərin görülməsi dəhliz boyunca ticarət əlaqələrini və biznes fəaliyyətini daha da genişləndirəcəkdir.
Hörmətli həmkarlar,
Parlament diplomatiyası ATƏT regionunda və onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və sabitliyin təşviqi üçün əvəzolunmazdır. Ancaq icazə verin bildirim ki, bu diplomatiyanın təməl daşı Helsinki Yekun Aktından başlayaraq, ATƏT-in əsas sənədlərində təsbit olunmuş fundamental norma, prinsip və öhdəliklərə, xüsusilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət olmalıdır.
Sabah Sizin bir qisminiz konfrans çərçivəsində Azərbaycanın Zəngilan rayonuna səfər edəcəksiniz. Sizin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalının dağıdıcı nəticələrini öz gözlərinizlə görmək imkanınız olacaq. O illər Ermənistanın öz qonşusunun torpaqlarını işğal etdiyi illər kimi onun tarixinin ən utancverici səhifələrindən biri olacaq.
Ermənistan etnik təmizləmə siyasəti həyata keçirməklə yanaşı, bu illər ərzində bütün şəhər və kəndlərimizi yerlə yeksan edib, Azərbaycanın bütün tarixi, mədəni və dini obyektlərini vandallığa məruz qoyub. İşğal ekoloji terrorla müşayiət olunub. Ermənistan meşələrimizi və təbiət qoruqlarımızı məhv edib, təbii sərvətlərimizdən qanunsuz istifadə edib, Ermənistandan Azərbaycan ərazisinə axan transsərhəd çaylar da daxil olmaqla, torpağı və çayları çirkləndirib.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə, ATƏT də daxil olmaqla digər müvafiq beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarları yerinə yetirilmədi.
2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək, Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirdi, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.
Xanımlar və cənablar,
Mənə məlumat verildi ki, Ermənistan məktubla bu konfransda iştirak edən nümayəndə heyətlərinə müraciət edərək, onlara sabah Zəngilan rayonuna getməməyi tövsiyə edib. Bu Sizin öz seçiminizdir. Əgər Siz bu səfərə getsəniz, çox şeylərin şahidi olacaqsınız. Bir tərəfdən Ermənistanın işğalının nəticələrini, törətdiyi dağıtıları öz gözlərinizlə görəcək, digər tərəfdən isə Azərbaycan Hökumətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə iki il yarım ərzində həyata keçirdiyi irimiqyaslı tikinti-quruculuq işləri ilə tanış olacaqsınız.
Siz bu ərazilərdə olarkən, Azərbaycan hökumətinin güclü siyasi iradəsinin və İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra iki il yarım ərzində yollarda, körpülərdə, elektrik stansiyalarında, məktəblərdə, xəstəxanalarda, yaşayış evlərində aparılan irimiqyaslı yenidənqurma və bərpa işlərində xalqımızın qətiyyətinin şahidi olacaqsınız. Qısa müddət ərzində inşa edilmiş Zəngilan Beynəlxalq Hava Limanı və regionda yeni nəqliyyat infrastrukturuna çevriləcək Zəngəzur dəhlizi Orta Dəhliz boyunca nəqliyyat və ticarət sahəsində əməkdaşlığı xeyli genişləndirəcək.
Bu ərazilərdə ətraf mühitə dair “ağıllı şəhər və kəndlər” layihələrinin həyata keçirilməsinin ilk uğurlu nümunəsi olan Ağalı kəndini ziyarət edəcəksiniz. Və orada keçmiş məcburi köçkünlərlə görüşdükdən sonra görəcəksiniz ki, bu qədər illərdən sonra həyat artıq bu torpaqlara qayıdıb.
Hörmətli iştirakçılar,
Çıxışımı yekunlaşdıraraq, bir daha bu gün burada Sizinlə birlikdə olmaqdan məmnunluğumu ifadə edir və bütün gələcək fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.
Təşəkkür edirəm.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI