Baş prokuror əməkdaşlara konkret tapşırıqlar verib
Mayın 18-də Baş prokuror Kamran Əliyev Yevlax rayon prokurorluğunun inzibati binasında Yevlax, Bərdə, Tərtər, Goranboy, Xocalı rayon, Mingəçevir və Naftalan şəhər sakinləri həmçinin, digər bölgələrdən olan vətəndaşları qəbul edib.
“Turanın səsi ” xəbər verir ki bu barədə baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.
Qəbulda iştirak edən 81 nəfər vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi ilə bağlı, mülki xarakterli mübahisələrlə əlaqədar və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.
Qəbuldan sonra Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI