Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Milli Assambleyasının sədri ilə görüşüb
Parlamentin sədri Sahibə Qafarova Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Serbiya Milli Assambleyasının sədri Vladimir Orliçlə görüşüb.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Qonağı Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən Sahibə Qafarova, xüsusi iclasda iştirakına, geniş və maraqlı nitqinə görə həmkarına təşəkkürünü bildirib.
Görüşdə qeyd olunub ki, Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq, dostluq əlaqələri uğurla inkişaf edir. Dövlət başçılarımız arasında mövcud olan dostluq əlaqələri Serbiya-Azərbaycan əlaqələrinin sürətli inkişafında önəmli rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin noyabr ayında Serbiyaya, həmçinin, Serbiya Prezidenti Aleksandar Vuçiçin ötən ilin dekabrında ölkəmizə baş tutmuş səfərlərinin uğurlu nəticələri qeyd olunaraq, bu səfərlər zamanı ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə inkişafına dair geniş və əhəmiyyətli müzakirələrin aparıldığı diqqətə çatdırılıb.
Bildirilib ki, Azərbaycan və Serbiya ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi prinsipial məsələlərdə həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli əlaqələrdə bir-birini qarşılıqlı şəkildə dəstəkləyir.
Qeyd olunub ki, ölkələrimizin qanunverici orqanları arasında da münasibətlərin inkişafı üçün yaxşı imkanlar mövcuddur. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Vurğulanıb ki, parlamentarilərimiz, o cümlədən, dostluq qrupları arasında təmasların daha da sıxlaşdırılması ümumi əlaqələrin dinamikasına müsbət təsir göstərə bilər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
⤵️
⤵️
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI