Zelenski: “Əgər biz Rusiyanı dayandırmasaydıq, Moldova, Gürcüstan, Qazaxıstan zərbə altında qalacaqdı”
Volodimir Zelenski Ukraynanın bütün ərazisinin Rusiya işğalından azad ediləcəyini bəyan edib.
O, bu barədə xalqa ənənəvi videomüraciətində bildirib.
“Biz bu gün burada, Kiyevdə, ölkəmizin qəlbində bütün azad xalqların təhlükəsizliyi üçün qətiyyətli addımlar atırıq. Bizi hədələyənləri, öldürmək və şikəst etmək istəyənləri görürük. Onlar özlərinin nəzarət zonasını genişləndirməkdən ötrü vəhşilik törədirlər”, – deyə Volodimir Zelenski vurğulayıb.
Ukrayna Prezidenti söyləyib ki, əgər onlar Rusiyanı dayandırmasaydı, bu ölkənin ordusu Ukrayna ilə kifayətlənməyəcəkdi: “Baltikyanı ölkələr, Polşa, Moldova, Gürcüstan, Qazaxıstan zərbə altında qalacaqdı. Rusiya Avropa və Asiyanın müxtəlif ölkələrini zəbt etmək iddiasında idi”.
Ukrayna Prezidenti bəyan edib ki, Rusiya qətl, işgəncə, şantaj və yalanlarla tarixi yenidən yazmaq və sərhədləri yenidən cızmaq istəyir.
Mənbə: Unian