TƏBİB-lə UNICEF arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovla BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Aleks Haykens arasında görüş keçirilib.
Görüş zamanı tərəflər əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri ətrafında müzakirə aparıb. Görüşdə Azərbaycanda ilkin səhiyyə sisteminin gücləndirilməsi üzrə görülən işlər, patronaj xidmətinin universal proqressiv modeli olan ev ziyarətlərinin tətbiqi, EUDİ – Erkən uşaqlıq dövründə inkişafın ölkənin iqtisadi və sosial inkişafı üçün əhəmiyyətini, ana südü ilə qidalanmanın təbliği və təşviqi, süni qidalardan istifadə hallarının qarşısının alınması, əhalinin bu mövzulara dair maarifləndirilməsi işinin genişləndirilməsi və bir sıra vacib səhiyyə xidmətləri müzakirə edilmişdir. Bütövlükdə ana və uşaq sağlamlığı istiqamətində aparılan əməkdaşlığın effektivliyi qeyd edilib və əməkdaşlığı genişləndirmək üçün atılacaq addımların əhəmiyyəti vurğulanıb.
Görüş zamanı UNICEF tərəfindən ana və erkən yaşlı uşaqların sağlamlığına dəstək olmaq məqsədilə ianə edilmiş dəmir və fol turşusu tərkibli həblərin yerli ilkin səhiyyə xidməti müəssisələrinə paylanması məsələsinə də toxunulub. Belə ki, UNICEF tərəfindən ianə edilən bu həblər TƏBİB-in nəzarəti altında tabelikdəki tibb müəssisələrinə paylanıb və hamilələrə tam ödənişsiz olaraq təqdim edilib.
TƏBİB və UNICEF-in Azərbaycan dövlətinin prioritet istiqamətlərdən biri olan ana və uşaq sağlamlığının qorunması istiqamətində daha sıx əməkdaşlıq etməsinin vacibliyi diqqətə çatdırılıb.