Nazir BP-nin regional prezidenti ilə birgə Samuxda ağac əkib
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz şirkət və tərəfdaşlarının sosial investisiya layihələri sahələrindən biri olan “Yaşıl Ürək” meşə sahəsinə səfər ediblər.
“Turanın səsi ” xəbərinə görə onlar birlikdə Samux rayonunun Çobanabdallı kəndində yerləşən bu əraziyə baxış keçirib, layihənin gedişi ilə ətraflı tanış olub və sahədə 100 pavloniya ağacı əkiblər.
“Yaşıl Ürək” ağacəkmə layihəsi torpaq eroziyasının və səhralaşmanın qarşısını almaqla karbon emissiyalarını azaltmağa yönəlmiş ikiillik ekoloji proqramdır. Layihə çərçivəsində görüləcək işlər 251 000 yeni ağacın əkilməsini və birinci mərhələdə Samuxda daha əvvəl əkilmiş 110 000 ağaca qulluq edilməsini nəzərdə tutur. Bundan əlavə, Qobustan rayonunda seçilmiş bir hektar ərazidə suya qənaət edən avadanlıqdan və qabaqcıl əkin üsulundan istifadə etməklə innovativ yaşıllaşdırma sistemi yaradılacaq. Layihə çərçivəsində bu günə kimi Samuxda 50 200, Şəmkirdə 170 000, Qobustanda isə 1 000 ağac əkilib.
Samuxdakı ağacəkmə kampaniyasından sonra Q.Counz nazir Muxtar Babayevi müşayiət edərək onunla Yevlax rayonunda növbəti tədbirə qatılıb. Burada onlar Kür çayına 100 000 balıq buraxıblar.
Bu iki tədbir Q.Counzun Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələri boyunca bp-nin əməliyyatçısı olduğu obyektlərə və sosial sərmayə sahələrinə etdiyi ikigünlük (3-4 may) səfərinin tərkib hissəsi idi.
Səfər zamanı Q.Counzun ilk baş çəkdiyi yer Yevlax rayonundakı BTC nasos stansiyası olub. Burada Q. Counza obyektin texniki təhlükəsizlik və istismar göstəriciləri barədə ətraflı məlumat verilib.
Daha sonra Q.Counz işçi heyəti ilə görüşüb və onlarla əməyin təhlükəsizliyi, əməliyyatlar və digər mühüm biznes fəaliyyətlərini müzakirə edib. Q.Counz həmçinin sahədəki bir sıra işçiləri və komandaları yüksək fəaliyyət göstəricilərinə, eləcə də əməliyyatların təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsində xüsusi əmək və səylərinə görə təşəkkürnamələrlə təltif edib. “Biz bu nasos stansiyasında avadanlığın və qurğuların yüksək etibarlılığını təmin etmək üçün gecə-gündüz mükəmməl iş və əzmkarlıq nümayiş etdirən və bununla da üç boru kəmərinin təhlükəsiz və etibarlı şəkildə işləməsini təmin edən bu insanlarla fəxr edirik”, – Q.Counz bildirib.
Sonra Gəncəyə yola düşən Q.Counz burada BP və tərəfdaşlarının öz sosial layihələri ilə dəstəklədiyi Gəncə Autizm Mərkəzinə baş çəkib. O, mərkəzin heyəti ilə görüşüb və burada müvafiq ailələrə və icmalara göstərilən xidmətlərlə tanış olub.
Səfərin ikinci günündə əsas diqqət BP və tərəfdaşlarının maliyyələşdirdiyi sosial sərmayə layihələrinin gedişi ilə tanış olmağa və Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti ilə Əməkdaşlıq Müqaviləsi imzalamağa yönəlmişdi.
Müqavilənin əhəmiyyətindən danışan Q. Counz vurğulayıb ki, bu yeni saziş universitetin nəşriyyat potensialının və resurslarının inkişaf etdirilməsi, eləcə də ümumi elmi-tədqiqat infrastrukturunun təkmilləşdirilməsi planlarına dəstək məqsədilə bu iki təşkilat arasında sıx əməkdaşlıq üçün zəmin yaradır.
O, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin yeni kampusu ilə tanış olub və orada BP və tərəfdaşlarının Gəncə universitetlərinin potensialının artırılmasına dəstək məqsədli yeni bir təhsil layihəsinə start verib.