Əmək və sosial siyasət komitəsinin iclasında
Mayın 3-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclası açan komitənin sədri Musa Quliyev gündəlik barədə məlumat verib. Bildirib ki, gündəliyə 4 məsələ daxil edilib.
Komitə sədri müzakirəyə çıxarılan qanun layihələri barədə məlumat vermək üçün sözü Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevə təqdim edib.
Adil Vəliyev deyib ki, 1-ci məsələ olan Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması, eləcə də dövlət məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarının təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.
Şöbə müdiri diqqətə çatdırıb ki, dəyişikliklər cənab Prezidentin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın əsas hədəflərindən biri olan “Qabaqcıl təcrübə əsasında məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması sisteminin yaradılması və tətbiqi” tələbindən irəli gəlir.
Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması sisteminin artıq tətbiq olunduğunu qeyd edən Adil Vəliyev layihədə məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin də müvafiq sertifikatlaşdırmadan keçirilməsinin təklif olunduğunu bildirib.
Qanunvericiliyə görə ilk dəfə işə qəbul olunan müəllimlərin 5 il müddətində sertifikatlaşdırmadan keçmədiyini deyən Adil Vəliyev bu məhdudiyyətin onları sertifikatlaşdırmadan keçən təhsilverənlərin maaşına nəzərdə tutulan əlavələrdən məhrum etdiyini və müəllimlərin haqlı narazılığına səbəb olduğunu diqqətə çatdırıb. Ona görə də layihədə Əmək Məcəlləsinə ilk dəfə işə qəbul olunan təhsilverənlərin 5 (beş) il müddətinə deyil, 3 (üç) il müddətinə sertifikatlaşdırmaya cəlb edilməməsi təklif olunub. Şöbə müdiri məcəlləyə yaşı 60 və daha çox olan təhsilverənlərin sertifikatlaşdırmaya könüllü əsaslarla cəlb edilməsi qaydasını da təklif olunan daha bir mütərəqqi dəyişiklik kimi ayrıca vurğulayıb.
Gündəliyin ikinci məsələsi olan “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) AMEA-nın bəzi elmi müəssisə və təşkilatlarının, habelə digər qurumların Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı hazırlanıb. Layihədə komitənin müzakirəsinə təqdim olunan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsinin təhsil müəssisələri sırasından çıxarılır.
Adil Vəliyev 3-cü məsələ olan “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı bildirib ki, sənəddə Ailə Məcəlləsinə edilən dəyişikliklərə uyğun olaraq 2 yeni müavinət növünün – himayədar ailəyə verilmiş uşağın tərbiyə edilməsinə görə aylıq müavinət və həmin uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinət növü təsis edilməsini nəzərdə tutulur.
Nəhayət, “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) də Ailə Məcəlləsinə edilən dəyişiklikdən irəli gələrək, qanunun 17.1-ci maddəsindən “himayədar ailə” sözlərinin çıxarılması təklif olunub.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycanda əhalinin, xüsusən həssas qruplardan olan insanların sosial müdafiəsinin gücləndirilməsinin cənab Prezidentin sosial siyasətinin mühüm tərkib hissəsi olmasından söz açıb. 2018-ci ildən başlayaraq ölkədə yeni sosial islahatlar dalğasının başladığını qeyd edən komitə sədri ötən müddətdə böyükhəcmli 4 sosial islahat paketinin qəbul olunduğunu, müavinətlərin, pensiyaların, əməkhaqlarının və digər sosial təminatların kifayət qədər yüksək səviyyədə artırılmasından danışıb. Bu islahatlar sistemində valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğının xüsusi yer tutduğunu söyləyən Musa Quliyev cənab Prezidentin müvafiq fərmanı ilə valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində tərbiyələnməsi imkanlarının genişləndirilməsi, ailə əsaslı alternativ qayğı ilə əhatə olunması və daha çox sosiallaşması məqsədilə qanunvericilikdə yeni hüquqi imkanların yaradıldığını vurğulayıb. O, Ailə Məcəlləsinə və ondan irəli gələrək də digər qanunlara, o cümlədən “Sosial müavinətlər haqqında” Qanuna təklif olunan dəyişikliklərin əsas mahiyyətinin valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində tərbiyə alması üçün yeni bir alətin himayədar ailə institutunun yaradılması ilə bağlı olduğunu diqqətə çatdırıb.
Sonra Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli təklif olunan dəyişikliklərdə nəzərdə tutulan himayədar ailə institutu haqqında deputatlara ətraflı məlumat verib. Bildirib ki, himayədar ailə institutu valideyn himayəsindən məhrum olan, öz bioloji ailəsində qalması mümkün olmayan uşaqların qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında, müqavilə ilə ödənişli əsaslarla ailə mühitində böyüməsini təmin edən ailə əsaslı alternativ qayğı növüdür. Bu modelin səciyyəvi xüsusiyyətlərini diqqətə çatdıran nazir müavini onun əsas üstünlüklərindən və himayədar valideynlərə qarşı irəli sürülən meyarlardan və tələblərdən danışıb. Vüsal Nəsirli uşaq himayədar ailəyə verildikdən sonra nazirlik tərəfindən monitorinqlərin keçirilməsi, himayədar ailəyə veriləcək uşaqlara görə aylıq və birdəfəlik müavinətlərin təyin edilməsi qaydalarını şərh edib.
Qanun layihələrinin müzakirəsində Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, komitə üzvləri Jalə Əliyeva, İlham Məmmədov, Aqil Məmmədov, Vüqar Bayramov, Sevinc Hüseynova çıxış ediblər. Onlar təklif olunan dəyişiklikləri təqdir edərək, onların mütərəqqi və zəruri olduğunu bildiriblər.
Müzakirələrin sonunda gündəlikdəki dörd qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda deputat Rauf Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Övladlığa götürmə siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov və digər rəsmi şəxslər iştirak ediblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI