DEPUTAT: “Azərbaycandan qaz almaq istəyən Avropa dövlətlərinin sayı artmaqdadır”
Azərbaycandan qaz almaq istəyən Avropa dövlətlərinin sayı artmaqdadır.
Bunun əsas səbəbi bir çox Avropa dövlətlərinin Azərbaycanı özlərinə dost və tərəfdaş ölkə hesab etmələridir. Təsadüfi deyil ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan arasında “Strateji Tərəfdaşlıq haqqında ” Bəyannamə imzalanmışdır.
Bu barədə ” turanın səsi ” nə açıqlamasında Milli Məclisin deputatı , professor Kamilə Əliyeva deyib .
Aprelin 25-də Sofiyada 4 Avropa ölkəsi – Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında Anlaşma Memorandumu imzalandı. İmzalanma mərasimində çıxış edən Prezident cənab İlham Əliyev son illər Azərbaycan dövlətinin Avropanın enerji təhlükəsizliyində rolunun artdığını vurğuladı. Yunanıstan və Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının şaxələnməsinə böyük təkan verdi.
Ötən ay Bolqarıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında iqtisadi əlaqələr ilə yanaşı siyasi münasibətlərin də yüksək səviyyədə olduğunu göstərdi. Bu gün Bolqarıstanla Azərbaycan dost və strateji tərəfdaş dövlətlərdir. Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsi ilə yanaşı bir sıra sahələrdə də əməkdaşlıq edir və ölkəmizə etibarlı tərəfdaş kimi hörmət bəslənir.
2022-ci ilin iyul ayında Azərbaycan ilə Avropa Komissiyası arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır. Bu sənədə əsasən 2027-ci ilə qədər Azərbaycandan Avropaya ixrac edilən təbii qazın həcminin 2 dəfə artırılması nəzərdə tutulur. 2021-ci ildə Azərbaycandan Avropaya 8 milyard kub metr qaz ixrac edilib və bu il həcmin 12 milyard kub metrə çatdırılması nəzərdə tutulub. 2027-ci ilə qədər Azərbaycandan Avropaya 24,5 milyard kub metr qazın ixrac olunması hədəfə alınmışdır.
Deputat vurğulayıb ki , bu gün Azərbaycan qazı qonşu Türkiyə və Gürcüstanla yanaşı Yunanıstan, Bolqarıstan və İtaliyaya ixrac olunur. Bu ildən Azərbaycan Rumıniyaya da qaz ixracı həyata keçirir və yaxın aylarda Macarıstan və Slovakiyaya da qaz ixrac olunacaq.
Azərbaycandan Avropaya Cənub Qaz Dəhlizi kəməri vasitəsilə ixrac olunan qaz Albaniya ərazisindən keçdiyindən Avropada tərəfdaş dövlətə çevriləcək. Yaxın vaxtlarda Azərbaycanın təbii qaz ixrac etdiyi dövlətlərin sayı 6-dan 10-a yüksələcək və gələcəkdə bu ölkələrin sayı artacaq.
Azərbaycan Avropaya təbii qaz ixracı ilə yanaşı artıq 20 ildir ki, xam neft ixrac edir və ölkəmiz neft ixracında da etibarlı tərəfdaş ölkə olduğunu sübut edib. Bununla yanaşı bərpaolunan enerji sahəsində də Azərbaycanda böyük layihələr həyata keçirilir. Ölkəmizdə külək və günəş enerjisi stansiyalarının inşa edilməsi istiqamətində işlər aparılır. Yaxın gələcəkdə Azərbaycandan Avropaya yaşıl enerji ixracının da həyata keçirilməsi üçün hazırlıq davam etdirilir. Bu gün Azərbaycanın sayəsində Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi “Avropanın enerji xəritəsi yenidən cızılır”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI