Tağı Əhmədov: “Heydər Əliyevin sadəcə adı bəs idi ki, biz onun ideyalarını yaşadaq”
“Ümummilli Lider Heydər Əliyevin sadəcə adı bəs idi ki, biz onun ideyalarını yaşadaq”.
“Turanın səsi ” xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması münasibətilə Bakı metropolitenində keçirilən “Xalqa həsr olunmuş ömür” adlı tematik konfransda deyib.
“Heydər Əliyev ilə 5 il 6 ay işləmişəm. O dövrdə Bakı metropoliteninin çətin vaxtları idi. Heç kimin edə bilmədiyini Ulu Öndər etmişdi”, – T. Əhmədov qeyd edib.
O bildirib ki, ilk dəfə 1998-ci il iyulun 27-də ona zəng olunub və Heydər Əliyev ilə görüşəcəkləri barədə məlumat verilib:
“O görüş çox çətin keçmişdi. Həmin gün məni qəbul etdi və söhbətimiz zamanı metropolitenin deposunun vəziyyəti barədə soruşdu. Mən məruzə elədim ki, depoda vəziyyət yaxşı deyil, qatarlar tez-tez xətdən çıxır, qatar sayı azdır. Ulu Öndər qatar sayının az olmasının səbəbini soruşdu və Moskva metropolitenində satılan qatarların qiymətini öyrənməyimi tapşırdı.
“Metrovaqonmarş” istehsal etdiyi qatarları “Bakı Metropoliteni”nə satmaq üçün bir vaqona görə 450 min ABŞ dolları qiymət dedi. Amma eyni vaqonu Moskva metrosuna 325 min ABŞ dollarına satırdılar. O dövrdə ən ucuz qiymət məhz Moskvaya təklif edilirdi. Mən bunu məruzə edəndə, Heydər Əliyev məktub yazmağımı istədi.
Məktubda Ulu Öndər onlara bildirdi ki, mən sizə həmin sexləri tikdirdim ki, məhsuldarlıq artsın. Mən Moskvaya gedəndə bu məktubu Heydər Əliyevin adından “Metrovaqonmarş”ın rəhbəri Yuri Aleksandroviçə [Qulko] çatdırdım. O, məktubu oxuyan kimi Heydər Əliyevin məktubuna cavab olaraq tapşırıq verdi ki, Bakı metrosuna da bir vaqonun qiyməti 325 min ABŞ dollarına təklif edilsin. Bakı metrosu bu qiymətə nə qədər qatar istəsə ala bilər”.
T. Əhmədov xatırladıb ki, həmin dövrdə “Bakı Metropoliteni” QSC dövlət büdcəsindən ayrılan 40 milyon ABŞ dolları hesabına həmin qatarlardan 75 ədəd almışdır: “Bu isə o dövrdə depoda 80 % vaqonların yenilənməsi demək idi”.
Prezident İlham Əliyevin hakimiyyəti dövründə metropolitendə baş verən dəyişikliklərdən danışan T.Əhmədov onu da əlavə edib ki, İlham Əliyev ulu öndərin layiqli davamçısıdır:
“Təkcə 44 günlük Vətən müharibəsi, qazanılan qələbə göstərdi ki, Heydər Əliyev məktəbi, ideyası, siyasəti İlham Əliyev üçün böyük məktəb olub. O, bu ideyaları layiqincə davam etdirir”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI