ADB ötən il hökumətlərə və özəl sektora 21 milyard ABŞ dolları borc verib

2022-ci ildə Asiya İnkişaf Bankı (ADB) Asiya-Sakit Okean regionunun koronavirus (COVID-19) pandemiyası sonrası bərpasının davam etməsinə kömək məqsədilə öz resurslarından 20,5 milyard ABŞ dolları ayırıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə bankın yaydığı məlumatda deyilir.

Bildirilir ki, hökumətlərə və özəl sektora göstərilən maliyyə dəstəyi kreditlər və zəmanətlər, qrantlar, kapital investisiyaları, habelə texniki yardımdan ibarət olub. ADB birgə maliyyələşdirmə üçün əlavə 11,4 milyard ABŞ dolları səfərbər edib.

Bank 2022-ci ildə iqlim dəyişikliklərinin yaratdığı fəsadların azaldılması və onlara adaptasiya üçün də 6,7 milyard ABŞ dolları maliyyə ayırıb.

ADB regionda kəskinləşən ərzaq böhranını aradan qaldırmaq üçün 14 milyard dollarlıq ərzaq təhlükəsizliyi proqramı çərçivəsində 3,7 milyard ABŞ dolları vəsait ayıraraq ən çox ehtiyacı olan insanlara lazımi ərzaq yardımı göstərib və ərzaq istehsalı sistemlərini gücləndirib, iqtisadiyyatın bərpasını dəstəkləmək məqsədi ilə institusional islahatları maliyyələşdirib, dövlət xidmətlərinin göstərilməsini təkmilləşdirib və iqtisadiyyatın aparıcı sahələrində artımı təmin edib. ADB-nin özəl sektora 3,9 milyard dollarlıq dəstəyinə çətin biznes mühitində fəaliyyət göstərən müəssisələr üçün mühüm likvidliyin təmin olunması da daxidir.

Bank eyni zamanda keyfiyyətli infrastruktura, o cümlədən təhsil, səhiyyə və digər sosial sektorlara irimiqyaslı investisiyalar ayırıb ki, bu da bütövlükdə iqtisadiyyatın dayanıqlığının artırılmasına töhfə verib.

Gender bərabərliyinin təşviqi ADB-nin həyata keçirdiyi işlərdə əsas yer tutur və bankın 2022-ci ildəki əməliyyatlarının 97 %-i bu gündəliyin yerinə yetirilməsinə öz töhfəsini verib. Bu əməliyyatlara qadınların keyfiyyətli işlərə çıxışını yaxşılaşdırmaq, qadınların sahibkarlıq fəaliyyətini təşviq etmək və qadınların iqlim dəyişikliyinə davamlılığını artırmaq təşəbbüsləri daxildir.

Xatırladaq ki, ADB 1966-cı ildə yaradılıb. Bankın 49 regiondan olan 68 üzvü onun səhmdarlarıdır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir