Çoxvektorlu xarici siyasət dost ölkələrlə münasibətlərin dərinləşməsinə xidmət edir
Dünya siyasi arxitekturasının yenidən formalaşdığının müşahidə olunduğu bir zamanda mövcud postpandemiya dövrünün gətirdiyi yeni çağırışlar hər bir ölkənin digər dövlətlərlə iqtisadi-siyasi münasibətlərinin tənzimlənməsini labüd edir.
“Turanın səsi ” xəbər verir ki , bu barədə Milli Məclisinin deputatı, Azərbaycan-Bosniya və Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məzahir Əfəndiyev deyib.
Deputat vurğulayıb ki , Azərbaycan öz növbəsində yeni formalaşan qlobal düzəndə yerini daha da möhkəmləndirmək üçün dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirmək, o cümlədən dərin hörmətə əsaslanan münasibətlər çərçivəsində malik olduğu mövcud potensialın qarşılıqlı maraq əsasında istifadə olunması istiqamətində uğurlu xarici siyasət aparmaqdadır.
Azərbaycan Prezidenti qlobal arenada baş verən prosesləri düzgün qiymətləndirir və ölkəmiz artıq yeni çoxvektorlu xarici siyasət istiqamətində həyata keçirdiyi siyasi islahatları dərinləşdirir.
Bir tərəfdən bu gün ölkəmiz Cənubi Qafqazın lider dövləti olaraq enerji resurslarının istehsalı və tranziti sahəsində əhəmiyyətli regional hab mərkəzinə çevrilir, digər tərəfdən isə Azərbaycan bütün dünya dövlətləri ilə, xüsusilə İkinci Qarabağ Müharibəsi zamanı bizə dost olan, haqq işimizi dəstəkləyən, böyük strateji əhəmiyyət kəsb edən ölkələrlə əməkdaşlığını hərtərəfli intensivləşdirir.
Ölkəmiz özünün xarici siyasətində bu gün Balkan ölkələri ilə əməkdaşlığa çox böyük əhəmiyyət verir və bunun nəticəsidir ki, son bir neçə ayda Prezident İlham Əliyev Rumıniya, Albaniya və Serbiyaya ardıcıl səfərlər edərək dövlətlər arasında müxtəlif sahələri əhatə edən, xüsusilə ənənəvi və alternativ enerji ixracı ilə bağlı bir sıra vacib Sazişlərin imzalanmasında iştirak edir.
Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən Balkan ölkələrindən biri də Bosniya və Herseqovina Federasiyasıdır. İki milyondan çox müsəlman əhalinin sıx şəkildə yaşadığı yeganə Avropa ölkəsi olan Bosniya və Hersoqovina xalqı ilə Azərbaycan xalqı arasında tarixi baxımdan bənzər cəhətlər çoxdur və onlardan ən asası hər iki xalqın amansız təcavüzə məruz qalması, bəşəriyyətə qarşı qəsd kimi dəyərləndirilən Xocalı-Srebrenitsa faciələrini yaşamalarıdır.
Təsadüfi deyil ki, ölkəmiz ötən müddət ərzində Bosniya və Herseqovinanın bir neçə şəhərində mühüm infrastruktur layihələri həyata keçirib. Banya Luka şəhərində tibbi mərkəz yaradılıb, Sarayevo şəhərində dostluq parkı salınıb, eyni zamanda, Sarayevoda tibb müəssisəsi təsis edilib. Çətin pandemiya dövründə də Azərbaycan dostu və tərəfdaşı olan Bosniya və Herseqovinaya həm tibbi, həm də humanitar yardımlar edib.
13 aprel 2023-cü il tarixində Prezident İlham Əliyevin Bosniya və Hersoqovinaya rəsmi səfəri bu günə qədər iki ölkə arasında formalaşmış əməkdaşlığın məntiqi davamı, açıq təzahürü, eləcə də Azərbaycanın Avropa ölkələri ilə münasibətlərinin, cəmiyyətlərimizin inteqrasiyası, xalqlararası dialoqun möhkəmləndirilməsini nəzərdə tutan daha bir əhəmiyyətli səfdərlərindən idi.
Səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalandı, eyni zamanda nəqliyyət, energetika, turizm, iqtisadiyyat və digər sahələri əhatə edən bir sıra görüşlər həyata keçirildi.
İmzalanan Bəyannamə bir daha iki ölkə arasında əməkdaşlığın inteqrasiyasına, irimiqyaslı və səmərəli layihələrin həyata keçirilməsinə, xalqlarımız arasında sağlam dialoqun inkişafına dəstək olacaqdır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bu gün isə bizim münasibətlərimizin yeni səhifəsi başlayır. Rəsmi səfər çərçivəsində aparılan danışıqlar, qeyd etdiyim kimi, yeni imkanlar açır. O cümlədən bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcək inkişafımızın istiqamətlərini göstərir”.
Görüşlərdən sonra Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçin mətbuata bəyanatında Bosniya və Herseqovinanın da Bakı şəhərində səfirliyinin açılması ilə bağlı açıqlaması bir daha iki ölkə arasında münasibətlərin müsbət inkişaf dinamikasının göstəricisidir.
Əminliklə deyə bilərik ki, bu gün Prezident İlham Əliyevin çoxvektorlu xarici siyasətdə müəyyən etdiyi istiqamət düzgün gələcəyə hədəflənir, xüsusilə Avropa ölkələri ilə siyasi, mədəni, humanitar sahələrdə də əlaqələrin dərinləşəcəyini göstərir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09