Azərbaycana çinli turistlərin kütləvi səfərləri bərpa olunur
Koronavirus (COVID-19) pandemiyasından sonra Çindən Azərbaycana ilk qrupun səfəri baş tutub.
“Turanın səsi ” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, 2019-cu ildə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.
Memoranduma əsasən, Azərbaycan çinli turistlərin səyahət edə biləcəyi ölkələr siyahısına salınıb.
Növbəti illərdə Çində marketinq və təbliğat işlərinin intensiv olaraq bərpa edilməsi, çinli turistlərin sayının artırılmasına yönəlmiş tədbirlərin keçirilməsi nəzərdə tutulur. Çin Xalq Respublikası vətəndaşları üçün sadələşdirilmiş viza rejimi çərçivəsində “ASAN Viza” elektron sistemi tətbiq olunur. Hazırda Urumçi şəhərindən Bakıya həftədə bir dəfə olmaqla uçuşlar həyata keçirilir.
2023-cü ilin ilk rübündə Çindən Azərbaycana 1 279 nəfər səyahət edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə artım, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 40 % bərpa deməkdir.