DEPUTAT : “Sayıqlığımızı itirməməli, hadisələrin istənilən  inkişafına hazır olmalıyıq “

0

Nəsib Məhəməliyev: ” İran dünyada terroru dəstəkləyən, maliyyələşdirən ölkə olaraq tanınır “

İran Azərbaycana qarşı düşmənçilik mövqeyindən əl çəkmir. Uzun illərdir gizli şəkildə Azərbaycana qarşı həyata keçirdiyi düşmənçiliyi Tehran indi açıq müstəviyə daşıyıb.

Xüsusilə, 44 günlük Vətən müharibəsinin başladığı ilk günlərdən indiyə qədər bu mənfi tendensiyanı müşahidə etməkdəyik. Heç bir halda Azərbaycanın öz torpaqlarını işğaldan azad edib regionda yeni reallıqların yaranması ilə barışmaq istəməyən molla rejimi davamlı olaraq ölkəmizə qarşı təxribatlar törədir. Sərhəddə hərbi təlimlər keçirməklə Azərbaycanı təhdid edir, Tehrandakı səfirliyimizə qarşı terror hücumu həyata keçirir, Milli Məclis deputatına sui-qəsdin sifarişçisi olur.

Bütün bunlar azmış kimi deputatımıza qarşı həyata keçirdiyi terrorda şübhəli bilinərək həbs edilənləri isə əsassız olaraq din amilinə görə saxlanıldıqlarını iddia edir. Guya millət vəkili Fazil Mustafaya qarşı terrorda iştirak edənlər şiə olduqlarına görə təqibə məruz qalır, həbsə atılırlar. Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib ki, terrorçuluqda şübhəli bilinərək həbs edilən şəxslərin şiə olduqları üşün saxlanıldıqları iddiası, İran mollalarının və onların Azərbaycandakı əlaltılarının xəstə təxəyyülünün məhsuludur. Deputatın sözlərinə görə, bu iddiaların reallıqla heç bir əlaqəsi yoxdur: “Azərbaycan, təkcə müsəlmanların yox, digər dini konfessiyaların da azad, sərbəst, tam təhlükəsiz şəraitdə fəaliyyət göstərdiyi ölkədir. Beynəlxalq birlik tərəfindən multikultural, tolerant ölkə olaraq tanınır”.

Millət vəkili qeyd edib ki, Azərbaycanda insanları dini, siyasi, etnik mənsubiyyətlərinə görə yox, qanunları pozduqlarına, törətdikləri cinayət əməllərinə görə həbs edirlər: “Yaxşı xatirimdədir, 90-cı illərdə, 2000-ci illərin əvvəllərində “vahabi” təriqətinə və digər dini konfessiyalara aid bəzi qruplar qanunsuz dini fəaliyyətlə məşğul olurdular. Əsasən əcnəbilərin rəhbərliyi ilə aparılan dini təbliğat cəmiyyət tərəfindən narazılıqla qarşılanırdı. Hökumətin gördüyü qanuni tədbirlər nəticəsində, gələcəkdə baş verə biləcək bir çox xoşagəlməz hadisələrin qarşısı alındı. O zamanlar heç kim demirdi ki, bunları  filan təriqətin daşıyıcıları olduqları üçün məsuliyyətə cəlb ediblər”.

Turanın səsi ” in xəbərinə görə Nəsib Məhəməliyev diqqətə çatdırıb ki, İranın iddiaları absurddur və ölkəmizə qarşı törətdikləri silsilə terror aktlarından diqqəti yayındırmaq məqsədi daşıyır: “İran Səfirliyimizə və deputat Fazil Mustafaya qarşı təşkil etdiyi terror aktları ilə bağlı cavab verməlidir. Həmin terrorçu barədə ədalətli istintaq aparmalı, Azərbaycanda cinayət  törədib İranda gizlənənləri təhvil verməlidir”.

Millət vəkili hesab edir ki, münasibətləri günbəgün gərginləşdirməkdə Tehranın əsas məqsədi, regionda özünün anti-bəşəri, anti-insani, anti-islami siyasətini genişləndirməkdir: “Molla rejiminin xarici siyasətinin əsas strateji xətti, özünün uydurduğu, fars-şiə təriqətini ətraf ölkələrə ixrac etməkdən ibarətdir. Bunun formulu sadədir. Ayətullahlar həmin ölkələrə səlahiyyətli nümayəndələrini təyin edir. O da öz növbəsində, məscidlərdə, dini mərasimlərdə axundlar, mollalar vasitəsilə konkret Tehranda tərtib olunmuş proqram üzrə təbliğat aparırlar. Eyni zamanda, qabiliyyətli gənclər seçilərək Qum. Məşhəd şəhərlərinə “dini” təhsil almağa göndərilir. Orada SEPAH və ETTEALAT kimi xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunurlar. Xüsusilə fərqlənənlərə maddi dəstək verilir, bir çoxlarının müxtəlif dövlət orqanlarında işlə təmin olunmasına dəstək verilir. Paralel olaraq təşkilatlanma işləri aparılır”.  

Deputat onu da qeyd edib ki, İran dünyada terroru dəstəkləyən. maliyyələşdirən ölkə olaraq tanınır: “Məhz, bu siyasətin nəticəsində. “Hizbulla” , “Hamas” və bir çox terror təşkilatları yaranmışdır ki, onların fəaliyyəti göz qabağındadır. Azərbaycanda 30 il ərzində, Xamaneinin nümayəndəsi, Ocaqnicat adında bir zat həyata keçirmişdir. Onun yaratdığı “Hüseynüyyün” təşkilatı, Hizbullahın Azərbaycan variantıdır. Şükürlər olsun ki, gec də olsa, həmin “nağılbaz” ölkədən çıxarıldı. Ancaq, fakt odur ki, yaratdığı təşkilat fəaliyyətdədir. Saatlarla, məscidlərdə yuduğu beyinlər, uzun illər ərzində əkdyi toxumlar cücərib və ağalarına qulluq etməkdə davam edirlər. Görünən odur ki, Tehran rejimi etdiklərindən peşmançılıq hissi keçirmir və düşmənçiliyi davam etdirmək niyyətindədir. Biz sayıqlığımızı itirməməli, hadisələrin istənilə inkişafına hazır olmalıyıq”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir