Azərbaycanla Almaniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycanın yerləşdiyi coğrafi məkan istər region, istərsə də digər xarici dövlətlərlə əlaqələrimizin inkişafında öz sözünü deyir.
“Turanın səsi ” in xəbərinə görə , bu fikirləri ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya fakültəsinin dekanı Mahirə Hüseynova mediaya açıqlamasında deyib .
Belə ki, şərqlə qərbin qovuşağında yerləşən Azərbaycan iştirakşısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə müxtəlif ölkələri, xalqları birləşdirir, dünyaya birlik, əməkdaşlıq mesajlarını ünvanlayır. Azərbaycanın xarici siyasətinin çoxşaxəliliyi ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafında özünü qabarıq şəkildə nümayiş etdirir.
Müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş gənc Azərbaycan Respublikasının üzləşdiyi sosial-iqtisadi və siyasi problemlərin ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə müvəffəqiyyətli həlli onun beynəlxalq aləmdəki mövqeyi, ayrı-ayrı ölkələrlə milli dövlət mənafelərinə cavab verən qarşılıqlı-faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlıdır. Bu mənada, Azərbaycanın beynəlxalq əlaqələr sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşdırılmasında aparıcı rol oynayan dövlətlərlə, o cümlədən, siyasi çəkisinə və iqtisadi potensialına görə beynəlxalq aləmdə özünəməxsus yer tutan Avropa ölkələri ilə qarşılıqlı münasibətlərinin tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan Almaniya Federativ Respublikası Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Ötən 30 il ərzində iki ölkə arasında münasibətlər müxtəlif sahələrdə inkişaf edib. Maliyyə və enerji sahəsində olduğu kimi mədəniyyət, humanitar sahələrində də əlaqələrimizin böyük potensialı var. Bütün bunlarla yanaşı hər iki ölkə arasında qarşılıqlı səfərlər xarici siyasətimizin əsas istiqamətlərindən biri olan ikitərəfli əlaqələrin inkişafında öz sözünü deyir. Bu səfərlər, eyni zamanda, hər bir ölkənin malik olduğu imkanların, əlaqələrin inkişafına hansı səviyyədə töhfələr vermək istəklərinin təqdimatıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun dəvəti ilə cari ilin mart ayında Almaniya Federativ Respublikasına işgüzar səfəri etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir.
Ölkə rəhbərinin səfəri zamanı təşkil edilən görüşlərdən sonra keçirilən mətbuat konfransında səsləndirdiyi fikirlər Azərbaycan-Almaniya münasibətlərinin bugünkü və gələcək inkişafının aydın mənzərəsini yaratdı. Martın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts keçirdikləri birgə mətbuat konfransı zamanı qeyd etmişdir: “Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır. Bir ildən az vaxt bundan əvvəl Azərbaycan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Nailiyyətlərimizin bu cür qiymətləndirilməsi böyük şərəfdir. Həqiqətən də real hədəf olan yerdə, biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edirik”.
Bu gün Avropanın şərqində artıq bir ildən çoxdur ki, davam edən müharibənin fəsadları özünü yalnız enerji böhranında göstərmir. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi Azərbaycanın nəqliyyat infrastrukturuna da tələbatı artırır. Mətbuat konfransı zamanı müharibənin fəsadlarından danışan Ölkə başçısı qeyd etmişdir: “Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub. Biz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün hər şeyi edirik. Bizim qaz təchizatımızın artıq kifayət qədər şaxələndirilmiş coğrafiyası var”.
Ölkə başçısının qeyd etdiyi kimi son illər ölkəmiz enerji satışından əldə edilən vəsaitləri nəqliyyat infrastrukturuna yönəltmək üçün çox gərgin işlər görüb. Ötən il tranzit yük daşınmasında 75 faizdən çox artım olub və hətta nisbətən yeni tikilmiş və yükdaşıma imkanı 15 milyon ton olan dəniz ticarət limanında müəyyən tıxac yaranıb. Buna görə hazırda Azərbaycan dövləti tərəfindən dəniz limanının və dəmir yolu infrastrukturunun imkanlarının artırılması məqsədilə əlavə maliyyə vəsaitləri ayrılır. Əlbəttə ki, iri xarici şirkətləri maraqlandıra biləcək perspektivli fəaliyyət istiqamətlərindən biri də 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında aparılan yenidənqurma işləri ilə bağlı ola bilər. Alman biznesinin təmsilçilərinə “Böyük Qayıdış” dövlət proqramı barədə məlumat verən Prezident İlham Əliyev erməni işğalı nəticəsində Livanın ərazisi qədər sahənin tamamilə yerlə-yeksan edildiyini vurğulayaraq demişdir: “Azərbaycan tamamilə yeni, müasir standartlar əsasında layihəni icra etməyi planlaşdırır. Qarabağ və Şərqi Zəngəzur bölgələrini artıq yaşıl enerji zonası elan etmişik. Orada yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət edəcək”.
Ümumilikdə, Ölkə başçısının Almaniyada keçirdiyi görüşlər ikitərəfli iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Nəzərə alsaq ki, hər iki ölkə malik olduğu iqtisadi imkanlarını təqdim etməklə yeni hədəflərə zamanında nail olmaq üçün səylərini artırır əminlikdə demək olar ki, Ölkə rəhbəri cənab İlham Əliyevin Almaniyaya səfəri zamanı keçirilən görüşlər, aparılan danışıqlar nəticəsində Azərbaycanla Almaniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur, bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi üçün əlverişli imkanlar yaranır. Bir sözlə, Ölkə başçısı cənab İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri mövcud əlaqələrin bundan sonra daha sürətli inkişafına mühüm töhfə verəcəkdir.
Professor Mahirə Hüseynova : ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya fakültəsinin dekanı
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI