Avstraliya ABŞ-dən 900 milyon dollara “Tomahawk” raketləri alacaq
ABŞ Dövlət Departamenti Avstraliyanın 220-dək uzaqmənzilli “Tomahawk” qanadlı raketləri tələbini təsdiqləyib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Beləliklə, Avstraliya Böyük Britaniyadan sonra bu tip Amerika raketlərini alan ikinci ölkə olacaq.
Texniki qulluq və maddi-texniki dəstək də daxil olmaqla, saziş Avstraliyaya 895 milyon dollara başa gələcək.
“Satış Avstraliyanın ABŞ-nin dəniz və digər müttəfiq qüvvələri ilə qarşılıqlı əlaqəsini, eləcə də qarşılıqlı maraq doğuran missiyalarda iştirak etmək imkanlarını təkmilləşdirəcək”, – məlumatda deyilib.
Sazişə əsasən, ABŞ-nin Avstraliyaya ən azı üç “Virciniya” sinifli sualtı qayıq satacağı bildirilir. Bundan əlavə, Avstraliya və Britaniya Hind-Sakit okean regionunda müttəfiqlərinin imkanlarını gücləndirmək üçün öz yeni nüvə sualtı qayıqları donanmasını yaradacaqlar. Avstraliyanın müdafiə naziri Pet Konroy silahların zəruri çəkindirmə vasitəsi olduğunu vurğulayıb.