Manamada Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 2-ci konfransı keçirilib
20-dən çox ölkənin parlament sədrləri, 60-dan çox nümayəndə heyəti olmaqla, ümumilikdə 300-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə bir sıra mühüm qərarlar qəbul olunub.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 2-ci konfransı keçirilib. Tədbirdə 20-dən çox ölkənin parlament sədrləri, 60-dan çox nümayəndə heyəti olmaqla, ümumilikdə 300-dən çox nümayəndə iştirak edib.
Milli Məclisin sədri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova tədbirə qatılan nümayəndə heyətlərinin rəhbərlərini salamlayıb.
Sonra spiker Sahibə Qafarova konfransı açıb.
Tədbir iştirakçıları Türkiyə və Suriyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirən insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib. O, deyib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi hərəkatın institusional inkişafı istiqamətində Azərbaycan sədrliyinin göstərdiyi səylərin əsas nəticələrindən biri kimi ön plana çıxır. Spiker xatırladıb ki, Qoşulmama Hərəkatının 2019-cu ilin oktyabrında keçirilən Bakı Sammitində dövlət və hökumət başçıları Qoşulmama Hərəkatının parlamentariləri ilə əməkdaşlığı genişləndirmək və dərinləşdirməklə bağlı qərar qəbul ediblər. Azərbaycan Respublikasının Prezidenti, hərəkatın sədri Zati-aliləri cənab İlham Əliyevin irəli sürdüyü təşəbbüsə uyğun olaraq, Parlament Şəbəkəsi 2021-ci ilin noyabrında Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Madriddə təsis olunub. 2022-ci ilin iyun ayında Bakıda 40-dan çox parlamentin və 8 parlamentlərarası təşkilatın 400-dək nümayəndəsinin iştirakı ilə keçirilən Parlament Şəbəkəsinin ilk konfransı şəbəkənin inkişafında mühüm mərhələ olub. Konfrans çərçivəsində şəbəkənin İş Qaydaları, Bakı Bəyannaməsi, həmçinin şəbəkənin rəsmi loqosu və bayrağı qəbul edilib və növbəti üç il üçün şəbəkənin sədri və üç sədr müavini seçilib.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin ilk konfransından sonrakı dövrdə bir sıra parlamentlərarası platformalarda, o cümlədən G20 parlament spikerlərinin Zirvə Toplantısında və Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etdiyini xatırladan Milli Məclisin sədri vurğulayıb ki, bütün bu mühüm beynəlxalq tədbirlərdə və üzv parlament başçıları ilə ikitərəfli və çoxtərəfli formatda görüşlərində onun çıxışlarının əsas məqamı şəbəkənin ideya və məqsədlərinin təbliği olmuşdur. Qoşulmama Hərəkatının dəyər və prinsiplərinin həmrəylik və əməkdaşlığın möhkəmləndirilməsi, digər təşkilatlarla institusional dialoqun inkişafı yolu ilə təşviqi də ən yüksək prioritet olmuşdur. Nəticə etibarilə, Parlament Şəbəkəsi artıq Asiya Parlament Assambleyası, Ərəb Parlamenti, İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı, Türk Dövlətləri Parlament Assambleyası və ASEAN Parlamentlərarası Assambleyası kimi bir sıra beynəlxalq parlament təşkilatları ilə əməkdaşlıq mexanizmləri yaratmış və bu təşkilatlarda müşahidəçi statusu almışdır. Spiker qeyd edib ki, bu əhatə dairəsinin daha da genişləndirilməsi istiqamətində müvafiq işlər artıq həyata keçirilməkdədir. Eyni zamanda, Parlament Şəbəkəsi Katibliyinin üzvləri məlumatlandırma tədbirləri çərçivəsində BMT-nin Cenevrədəki bölməsində və Nyu-Yorkdakı qərargahında təşkil olunan Qoşulmama Hərəkatı səfirlərinin aylıq görüşlərində iştirak ediblər. İkitərəfli əməkdaşlıq çərçivəsində isə Azərbaycan Respublikası Milli Məclisi Qoşulmama Hərəkatına üzv dövlətlərin daha 16 parlamenti ilə parlament dostluq qrupları təsis edib ki, bu addım bütün üzv parlamentlərlə əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədimizi əks etdirir.
Parlament Şəbəkəsinin ikinci konfransının “Pandemiyadan sonrakı bərpa üzrə milli və qlobal səviyyədə göstərilən səylərə parlament dəstəyi” mövzusuna həsr olunduğunu xatırladan spiker Sahibə Qafarova bildirib ki, bu yaxınlarda, martın 2-də Azərbaycanın paytaxtı Bakı şəhərində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun pandemiyadan sonrakı bərpaya həsr olunmuş sammit səviyyəli görüşü keçirilib. Bu, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi pandemiyadan sonrakı bərpa məsələləri üzrə qətiyyətli tədbirlərin görülməsinə yönəlmiş daha bir qabaqlayıcı təşəbbüsü idi. Milli Məclisin sədri vurğulayıb ki, Zirvə görüşünün ən praktiki nəticələrindən biri Prezident Əliyev tərəfindən Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək üçün iki Qlobal Çağırışı bəyan etməsi oldu. Bu təşəbbüsə uyğun olaraq, Azərbaycan ilk donor ölkə kimi hər iki Qlobal Çağırışa 1 milyon ABŞ dolları ayırıb.
Sahibə Qafarova çıxışına davam edərək, diqqətə çatdırıb ki, Parlament Şəbəkəsinə Azərbaycanın sədrliyi bu iki Qlobal Çağırışı parlament vasitələri ilə Qoşulmama Hərəkatı çərçivəsində və qlobal miqyasda dəstəkləmək və təşviq etmək məqsədilə “Pandemiyadan sonrakı bərpa üzrə Qoşulmama Hərəkatı Sədrliyi tərəfindən irəli sürülmüş təşəbbüslərə Parlament Dəstək Qrupu”nun yaradılmasını təklif edib. Onun sözlərinə görə, bu, parlamentarilərin ölkələrimizi narahat edən məsələlərin həllinə töhfəsini təmin edəcəkdir.
Spiker Sahibə Qafarova vurğulayıb ki, diqqət yetirilməli olan başqa bir vacib məsələ neokolonializm məsələsidir. Qoşulmama Hərəkatı bu məsələdə həmişə yekdil olub. Bununla belə, Fransanın Qəmər Adaları İttifaqının Mayot adası üzərindəki şəksiz suverenliyini tanımaqdan imtina etməsi, Yeni Kaledoniya xalqının və dənizaşırı ərazilərindəki digər xalqların hüquqlarını pozması bu təhlükəli tendensiyanın əslində gücləndiyini göstərir. Milli Məclisin sədri deyib ki, parlamentlərimiz belə biabırçı addımların istənilən təzahürünə qətiyyətlə qarşı çıxmalı və bunlara qarşı mübarizədə üzv dövlətlərin hökumətləri ilə səylərini birləşdirməlidirlər.
Sahibə Qafarova bildirib ki, ikinci konfrans həm də Parlament Şəbəkəsinin institusional cəhətdən daha da təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsinə həsr olunub. Bir sıra üzv parlamentlərdən irəli sürülmüş müraciətləri nəzərə alaraq, Azərbaycan sədrliyi Şəbəkənin İş Qaydalarına bir neçə dəyişiklik təklif edib. O, inamını ifadə edib ki, Parlament Şəbəkəsinin iş metodlarının daha da inkişafı və təkmilləşdirilməsi onun institusional baxımdan formalaşmasının və effektiv fəaliyyətinin vacib komponentidir.
Çıxışının sonunda Milli Məclisin sədri Parlament Şəbəkəsinin Qoşulmama Hərəkatının ideallarının və prinsiplərinin, çoxtərəfliliyin, dialoqun və parlamentlərarası əməkdaşlığın təşviqi üçün mühüm alətə çevrilməkdə olduğuna dair inamımı ifadə edib.
Sonra konfransda Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli bin Saleh Əl-Saleh, Parlamentlərarası İttifaqın prezidenti Duarte Paçeko, Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq, Misir Ərəb Respublikası Nümayəndələr Palatasının sədri Hanafi Gibali, Malavi Milli Assambleyasının spikeri Katerin Qotani Hara, Kot-d’İvuar Respublikası Milli Assambleyasının sədri Adama Biktogo, Burundi Milli Assambleyasının spikeri Gelasi Daniel Ndabirabe, Nepal Nümayəndələr Palatasının sədri Dev Raj Ghimire, Fici parlamentinin sədri Naiqama Lalabalavu, Boliviya Çoxmillətli Dövləti spikeri Jerges Merkado Suarez, Tanzaniya Parlamentinin spikeri Tulia Akson və digər çıxış edənlər konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlıqlarını bildiriblər. Çıxışlarda ölkəmizin Qoşulmama Hərəkatına uğurla sədrliyi qeyd olunub, həmçinin təşkilatın Parlament Şəbəkəsinin institusional inkişafı istiqamətində atılan addımların əhəmiyyəti vurğulanıb, təşkilatın gələcək fəaliyyəti və inkişafı ilə bağlı fikir və təkliflər səsləndirilib.
Konfransda həmçinin “Qoşulmama Hərəkatının Sədrliyi tərəfindən pandemiyadan sonrakı qlobal bərpaya dəstək məqsədilə irəli sürülən təşəbbüslərə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Parlament Dəstək Qrupunun yaradılması haqqında”, “Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində beynəlxalq parlament təşkilatlarına müşahidəçi statusunun verilməsi haqqında”, “Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin iş qaydalarına dəyişikliklər edilməsi haqqında” qərarlar və Manama Bəyannaməsi qəbul olunub.
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI