Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin ictimai dinləməsi keçirilib

0

Martın  13-də Milli Məclisin Elm və təhsil komitəsi Elm və təhsil Nazirliyi ilə birlikdə “Ali təhsil haqqında” qanun layihəsinin ictimai dinləməsini keçirib.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev tədbir iştirakçılarını salamlayaraq, Azərbaycanda təhsil sahəsində həyata keçirilən davamlı islahatlardan söz açıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsilin inkişafı, xüsusən, ali təhsilin Avropa təhsil məkanına inteqrasiyası ilə bağlı görülən işlərdən, qəbul edilən dövlət proqramlarından bəhs edib. Komitə sədri bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yerinə yetirilən genişmiqyaslı layihələrdən danışıb.

Bugünkü ictimai dinləmənin müzakirəsinə çıxarılan “Ali təhsil haqqında” qanun layihəsinin Milli Məclisdə hazırlanması və təkmilləşdirilməsi prosesi barədə məlumat verən komitə sədri sənəddə Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş milli təhsil sistemimizin inkişaf strategiyasında, rəqabətədavamlı iqtisadiyyatın kadr potensialının təmin edilməsi üçün insan kapitalının formalaşdırılması konsepsiyasında, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və digər dövlət sənədlərində təhsillə bağlı müəyyən edilən istiqamətlərin, qarşıya qoyulan hədəflərin öz əksini tapdığını qeyd edib.

Qanun layihəsinin 12 fəsil 55 maddədən ibarət olduğunu deyən Bəxtiyar Əliyev sənədin əsas parametrləri barədə danışıb. Diqqətə çatdırılıb ki, layihədə ali təhsilin əlçatanlığının, keyfiyyətinin, səmərəliliyinin artırılması, həmçinin idarəetmənin, maliyyələşmənin təkmilləşdirilməsi və ali təhsildə beynəlxalq standartların, innovasiyaların tətbiqi, elm və təhsilin vəhdəti  kimi məsələlərin hüquqi bazası müəyyən edilir.

Sonra Elm və təhsil naziri Emin Əmrullayev “Ali təhsil haqqında” qanun layihəsinin geniş müzakirələrinin keçirilməsini təqdir edərək sənədin kifayət qədər əhatəli hazırlandığını bildirib. Qanunun qəbulunun ali təhsil sahəsinin daha da inkişafında həlledici rol oynayacağını deyən nazir, ali təhsilin əmək bazarının müasir tələblərinə cavab verməsi, elmi nailiyyətlərə, yeni tələbatlara uyğun proqramların hazırlanması, təhsil səviyyələri və pillələri arasında sistemliliyin təmini, ali təhsil müəssisələrinə akademik muxtariyyətin verilməsi, akkreditasiya kimi məsələlərlə bağlı fikirlərini bölüşüb.

İctimai müzakirədə parlamentin Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı, komitə üzvləri Ceyhun Məmmədov, Etibar Əliyev, Kamilə Əliyeva, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, təhsil ekspertləri Asif Cahangirov və Şahlar Əsgərov çıxış edərək ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi, onların maliyyə dayanıqlığının artırılması, əmək bazarının tələbləri əsasında yenilikçi, peşəkar kadrların hazırlanması, xarici diplomların tanınması kimi bu sahədə qarşıda dayanan vəzifələr barədə fikirlərini bildiriblər, qanun layihəsi ilə bağlı qeyd və təkliflərini səsləndiriblər.

Elm və təhsil naziri Emin Əmrullayev və komitə sədri Bəxtiyar Əliyev müzakirələrdə qaldırılan məsələlərə aydınlıq gətiriblər, səslənən sualları cavablandırıblar.

Dinləmədə deputatlar Tamam Cəfərova, Rafael Hüseynov, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Aqiyə Naxçıvanlı, Müşfiq Məmmədli və digər rəsmi şəxslər iştirak ediblər.

⤵️

⤵️

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir