Milli Məclisdə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış”mövzusunda dinləmə keçirilib
Martın 3-də Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə keçirilib. Dinləmədə Milli Məclisin deputatları, alim və tədqiqatçılar, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak ediblər.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc belə önəmli mövzuda geniş formatda tədbirin keçirilməsinə göstərdiyi hərtərəfli dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü ifadə edib.
Dinləmənin əvvəlində müzakirəyə çıxarılan mövzuya həsr olunmuş video-çarx nümayiş etdirilib. Burada Ümummilli lider Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpası, soydaşlarımızın öz doğma torpaqlarına qayıtmaları ilə bağlı vaxtilə söylədiyi fikirlər, onun bu istiqamətdə gördüyü işlər, keçirdiyi görüşlərə dair kadrlar öz əksini tapıb.
Filmdə, habelə Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə, digər keçirdiyi görüşlərdə Azərbaycan həqiqətlərini dilə gətirməsi, azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı ilə bağlı qoyduğu hədəflər və bu hədəflərə nail olmaq üçün atılan addımlar barədə etdiyi çıxışlardan fraqmentlər göstərilib.
Video-çarx toplantı iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Sonra tədbiri davam etdirən komitə sədri Zahid Oruc bildirib ki, Qərbi Azərbaycan idealının milli gündəliyin önünə çıxdığı 2023-cü ilin Ulu öndərin anadan olmasının 100 illik yubileyi ilə üst-üstə düşdüyünü, hər iki hadisənin tarixi, mənəvi, siyasi tellərlə bir-birinə bağlı olduğunu deyib. O, Azərbaycan Prezidentinin xalqımızın qarşısında qoyduğu yeni hədəflərdən, ölkə başçısının verdiyi mesajların düzgün dəyərləndirilməsinin vacibliyindən danışıb.
Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycan icması ilə görüşündən sonra ictimai fikirdə köklü dəyişikliklər baş verir. Dövlət başçısının tarixi missiyasının dövlətçiliyimizi həm coğrafi, həm də mənəvi yaddaşda birləşdirmək olduğunu, İrəvana, Göyçə mahalına, Zəngəzura qayıdışın qısa vaxtda mümkün olacağını söyləyib.
Zahid Oruc çıxışında 200 ildən artıq bir zamanda Qərbi azərbaycanlıların müxtəlif siyasi quruluşlarda ermənilərin etnik təmizləmə və soyqırımları nəticəsində yaşadığı fəlakətlərdən bəhs edib. O, Qərbi azərbaycanlıların ziyalı, intellektual, mədəni, siyasi, hərbi elitası sayılan on minlərlə görkəmli nümayəndələrinin məhv edildiyini deyib. Qeyd edib ki, nəhayət, 1988-ci ildə Qərbi Azərbaycan torpaqlarından əhalinin tamamilə deportasiyası ilə ermənilər tam etnik təmizləməni başa vuraraq Azərbaycan ərazilərinə keçiblər.
Komitə sədri diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi ata-baba torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalayıb, hadisələrə deportasiya və soyqırım cinayəti kimi qiymət verib, müvafiq dövlət komissiyası yaradıb. O, Prezident İlham Əliyevin tarixin saxtalaşdırılması, İrəvanın verilməsi ilə heç vaxt barışmadığını, Qərbi Azərbaycana Qayıdış vəzifəsini bütövlükdə xalqımızın qarşısında irəli sürdüyünü deyib.
Zahid Oruc Qərbi Azərbaycan icmasının yaradılması, onun təsis edilməsində dövlət başçısının xüsusi rolunu qeyd edib. O, Qərbi Azərbaycan məsələsinin tarixi, mədəni, mənəvi kökləri ilə yanaşı, siyasi, ideoloji, geopolitik və hüquqi aspektləri olduğunu söyləyib. Qeyd edib ki, qayıdış kursunun bir qolu kimi Qərbi Azərbaycana dinc və layiqli dönüş bütün xalqımızın torpağa və kökə bağlılığını saxlayan tükənməz mənəvi sərvətdir.
Komitə sədri 2020-ci ilin 8 noyabrından sonra regionda baş verən mühüm dəyişikliklərdən danışıb. Bildirib ki, milli və hərbi özünəinam artıb, geosiyasi qüvvələr nisbəti Azərbaycanın xeyrinə dəyişib, qayıdış ruhu möhkəmlənib. İndi Qərbi Azərbaycan məfkurəsinin dirçəlişinə ehtiyac var. O, Ermənistandan yüz minlərlə azərbaycanlının deportasiyasının xaricdə tanıdılması və qayıtma haqqına hüquqi qiymət verilməsi üçün beynəlxalq mexanizmlərin işə salınmasının vacibliyini qeyd edib. Qərbi Azərbaycana təhlükəsiz qayıdış üçün bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığın önəmli olduğunu deyib.
Sonra tədbirdə Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov çıxış edib. O, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşünü xatırlayaraq, dövlət başçısının proqram xarakterli çıxışında yeni milli hədəfimizi – tarixi torpaqlarımıza qayıdışı müəyyən etdiyini deyib. Bildirib ki, bu qayıdışın bütün detalları Prezidentin tapşırığı ilə hazırlanmış Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında öz əksini tapıb.
Millət vəkili qeyd edib ki, son 200 ildə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın hüquqları davamlı olaraq pozulub, onlar dəfələrlə deportasiyaya, soyqırımlara məruz qalıblar. O, bununla bağlı müxtəlif vaxtlarda baş vermiş tarixi hadisələr barədə məlumat verib, 44 günlük Vətən müharibəsində əldə edilmiş Qələbə nəticəsində tarixi torpaqlarımıza qayıdış üçün yeni imkanlar yarandığını deyib.
Əziz Ələkbərli diqqətə çatdırıb ki, öz torpaqlarından didərgin düşmüş soydaşlarımızın problemlərinin həlli ilə məşğul olan Azərbaycan Qaçqınlar Cəmiyyətinin 2022-ci ilin avqustunda keçirilmiş toplantısında Qərbi Azərbaycan İcması təsis edilib. O, bildirib ki, İcma qarşısında duran əsas məsələ 200 ildə Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar barədə həqiqətlərin, onlara qarşı törədilən cinayətlərin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımızın hüquqlarının müdafiəsini təşkil etməkdir.
İcma rəhbəri Prezidentin Qərbi azərbaycanlılarla görüşdə bir sıra mühüm məsələlər, o cümlədən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ilə bağlı qarşıya vəzifələr qoyduğunu söyləyib. O, Konsepsiyanın bir ay müddətində hazırlanaraq, təsdiq edildiyini deyib. Bildirib ki, sənəddə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın tarixi torpaqlarına qayıtması prosesində İcmanın fəaliyyətinin ümumi prinsipləri öz əksini tapıb. O, soydaşlarımızın həmin ərazilərə qayıtdıqdan sonra təhlükəsiz yaşaması məsələsinin həll olunmasının vacibliyindən də danışıb. Qeyd edib ki, Qərbi azərbaycanlıların qayıdışı tələbi beynəlxalq hüquqa tam uyğundur. Bu istiqamətdə beynəlxalq müstəvidə də ardıcıl iş aparılmalıdır. Bu mənada, Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətinin Birləşmiş Millətlər Təşkilatının rəsmi sənədi kimi yayılması mühüm əhəmiyyət kəsb edir. İcma sədri bu istiqamətdə Qərbi Azərbaycan İcmasının səmərəli fəaliyyət göstərdiyini söyləyib.
Tədbirdə xarici işlər nazirinin müavini Xələf Xələfov çıxış edərək, müzakirəyə çıxarılan mövzunun mühüm siyasi-hüquqi xarakter daşıdığını deyib. O, məsələnin Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən sonra yaranmış yeni reallıqlar kontekstində vacibliyindən bəhs edib. Nazir müavini soydaşlarımızın öz əzəli torpaqlarına qayıdışının bütün Azərbaycan xalqının hədəfi olduğunu, bu mənada aparılan müzakirələrin milli həmrəyliyin daha da möhkəmlənməsinə xidmət etdiyini söyləyib.
Xələf Xələfov Qayıdış Konsepsiyası ilə bağlı təşəbbüsün Prezident tərəfindən vaxtında irəli sürüldüyünü, həm daxili, həm beynəlxalq müstəvidə bunun üçün lazımi imkanların yaradıldığını bildirib. O, xalqımızın yaşadığı humanitar faciənin fəsadlarının aradan qaldırılmasının, insanlarımızın pozulmuş hüquqlarının bərpasının, bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. O, böyük potensiala malik olan Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını layiqincə həyata keçirəcəyinə inamını ifadə edib.
Xələf Xələfov bildirib ki, beynəlxalq normalara əməl olunaraq öz yurdlarına qayıdacaq soydaşlarımızın hüquqlarının bərpası, sosial və iqtisadi təminatı ilə bağlı öhdəliklər Ermənistan tərəfindən yerinə yetirilməlidir və bu baxımdan Qərbi Azərbaycan İcmasının üzərinə böyük məsuliyyət düşür. O, qayıdışla bağlı məsələlərin həllinə dair yol xəritəsinin hazırlanmasının önəmli olduğunu deyib. Qeyd edib ki, milli hədəfə nail olmaq üçün Prezidentin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq səylərimizi birləşdirməli, həmrəyliyimizi nümayiş etdirməliyik.
Sonra çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov ermənilər tərəfindən əsrlərdən bəri törədilmiş və özündə cinayət tərkibi ehtiva edən məsələlər barədə danışıb. O, bildirib ki, azərbaycanlıların indiki Ermənistandan qanuni əsaslarla yaşadıqları ərazilərdən sistemli və irimiqyaslı formada qovulması 200 ildən artıq bir müddətdə xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin bariz nümunəsidir. Düşünülmüş şəkildə reallaşdırılan və ən ağır cinayətləri özündə ehtiva edən bu proses 1905-1920, 1948-1953, 1988-1992-ci illəri əhatə edən üç mərhələni keçib. Bunların nəticəsində Qərbi Azərbaycanın etnik tərkibi dəyişdirilib və burada monoetnik bir dövlət yaradılıb.
Millət vəkili 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında tarixdə baş verən dəhşətli hadisələrə adekvat siyasi qiymət verildiyini və “31 mart Azərbaycanlıların soyqırımı günü” elan edildiyini bildirib. Qeyd edib ki, bununla yanaşı, Prezident İlham Əliyevin 12 yanvar 2018-ci il tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamında erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar həyata keçirdiyi əks olunub.
Nizami Səfərov ermənilər tərəfindən törədilmiş cinayətlərin beynəlxalq hüquq baxımından qiymətləndirilməsi, milli qanunvericilikdə bu məsələlərin əks olunması ilə bağlı bəzi məqamlara toxunub. Qeyd edib ki, Azərbaycan xalqına qarşı uzun müddət ərzində ən ağır beynəlxalq cinayətlər törədilib və Qərbi Azərbaycana qayıdışın ən mühüm komponentlərindən biri bu cür cinayətlərin beynəlxalq müstəvidə tanınmasına nail olmaqdır.
İctimai dinləmədə çıxış edən parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli, üzvləri Fazil Mustafa, Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Razi Nurullayev, Naqif Həmzəyev, Elman Nəsirov, “Azərbaycan Naminə” İctimai Mərkəzinin prezidenti Eldar Namazov, “Hüquq və İnsan Haqları İnstitutu”nun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Hüseynova, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev, Əməkdar jurnalist Xalid Niyazov, hüquq müdafiəçisi Çingiz Qənizadə, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanov, A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, politoloq Niyaməddin Orduxanlı, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev soydaşlarımızın Azərbaycan xalqının tarixi torpaqlarına qayıdışının təmin edilməsinin vacibliyini bildiriblər. Çıxış edənlər Qərbi Azərbaycana qayıdışla bağlı məsələnin dövlətimizin əsas hədəflərindən biri olduğunu deyiblər, Qərbi Azərbaycan İcmasının bu istiqamətdə həyata keçirdiyi işləri təqdirəlayiq hesab ediblər. Müzakirələrdə bir sıra təkliflər də səsləndirilib.
Bununla da Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə keçirilən “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə başa çatıb.
⤵️
⤵️
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI