Milli Məclisin sədri Sahibə Qafarova Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb 

0

Milli Məclisin sədri Sahibə Qafarova fevralın 21-də Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı yeni səfiri Ralf Horlemann ilə görüşüb. 

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən spiker, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə qeyd olunub ki, Azərbaycan və Almaniya dost və tərəfdaş ölkələrdir. Ölkələrimiz arasında ikitərəfli münasibətlər siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə uğurla inkişaf edir və əlaqələrimizin bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanlar var. Bildirilib ki, ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olub. Bu illər ərzində ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlər, görüşlər müstəsna rol oynayıb. Vurğulanıb ki, Azərbaycan Almaniya ilə həm ikitərəfli qaydada, həm də Avropa İttifaqı çərçivəsində uğurla əməkdaşlıq edir. 

Görüşdə, həmçinin ölkələrimiz arasında əməkdaşlığın inkişafında parlamentlərimizin rolunun əhəmiyyəti, qarşılıqlı səfərlərin və səmərəli dialoqun bu istiqamətdə önəmi ifadə edilib. Həmçinin dostluq qruplarının fəaliyyəti, onların parlamentlərarası əlaqələrin inkişafında rolu qeyd olunub. Vurğulanıb ki, dostluq qrupları müntəzəm dialoq, görüşlər vasitəsilə parlamentlər arasında körpü rolunu oynaya bilərlər.

Spiker Sahibə Qafarova Azərbaycanda mövcud olan tolerantlıq, multikultural dəyərlər barədə məlumat verərək, qeyd edib ki, 2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi tamam olub. 200 il bundan əvvəl Azərbaycanda məskunlaşmış almanların mədəni irsinə dövlətimiz tərəfindən qayğı göstərilir. Bu da Azərbaycanda mövcud olan tolerantlıq mühitinin, multikultural dəyərlərin səviyyəsinin bariz göstəricisidir.

Görüşdə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə, ərazi bütövlüyümüzün bərpa olunması, hazırda işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycanın sülhün əldə olunması istiqamətində səyləri və Ermənistanın bu prosesə maneə yaradan təxribatları barədə də geniş məlumat verilib. Milli Məclisin sədri xatırladıb ki, fevralın 18-də Almaniyanın Münxen şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşündə də sülhün əldə olunması ilə bağlı danışıqlar aparılıb və ölkəmizin beynəlxalq hüquqa, tarixi ədalətə söykənən mövqeyi bir daha diqqətə çatdırılıb. 

Həmçinin son dövrlər Laçın yolu ətrafında mövcud olan vəziyyətlə bağlı məlumat verən spiker Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan Laçın yolu boyunca hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə təminat verir. Buna baxmayaraq, Ermənistan iki ildən artıqdır ki, Laçın yolundan mina, hərbi sursat, şəxsi heyət və talan edilmiş təbii sərvətlərin daşınması üçün istifadə edir. Laçın yolunun, guya Azərbaycan tərəfindən bağlanması, Azərbaycan torpaqlarında yaşayan erməni sakinlərin blokadaya məruz qalmaları, guya humanitar böhran yaranması ilə bağlı Ermənistan tərəfinin bəyanatları tamamilə əsassızdır və Ermənistan beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə manipulyasiya ilə məşğuldur.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

⤵️

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir