Azərbaycan vətəndaşlarına BƏƏ-də sürücülük vəsiqəsi ilə bağlı güzəşt ediləcək layihə ilk oxunuşda qəbul olunub
Azərbaycan vətəndaşları Birləşmiş Ərəb Əmirliklərində sürücülük vəsiqəsini dəyişdirdikdə nəzəri və praktiki imtahandan azad ediləcəklər.
“Turanın səsi ” in xəbərinə görə, bu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb. Layihə Milli Məclisin bugünkü plenar iclasında ilk oxunuşda müzakirəyə çıxarılıb və qəbul olunub.
“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumu 2022-ci il noyabrın 16-da Əbu-Dabi şəhərində imzalanıb.
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı mövcud ikitərəfli əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olub.
Bu günə qədər iki dövlət arasında çoxsaylı sənədlər imzalanıb. Bunlardan biri olan hazırki Anlaşma Memorandumu tərəflərin dövlətinə səfər edərkən və ya orada yaşayarkən öz dövlətinin müvafiq səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsinin sahibi olan vətəndaşların hərəkətini asanlaşdırmaq məqsədilə hazırlanıb.
Memorandumda qeyd olunan nəqliyyat vasitələrinin kateqoriyalarına uyğun olaraq (minimum yaş həddini nəzərə alaraq) yaşamaq məqsədi olmadan gələn vətəndaşlara verilmiş etibarlı sürücülük vəsiqəsi iki ölkə tərəfindən də tanınır. Yaşamaq məqsədilə gələn vətəndaşlara münasibətdə isə tərəflərin səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsini dəyişdirmək məqsədilə müraciət olunduqda həmin vətəndaşlar nəzərdə tutulan nəzəri və praktiki imtahandan azad edilirlər.
Bu Memorandumun icrası üçün əlaqələndirmə tərəflərin səlahiyyətli orqanları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adından Baş Dövlət Polis İdarəsi, Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi adından isə Nəqliyyat vasitəsinə və sürücülərə vəsiqələrin verilməsi üzrə Federal Baş İdarə həyata keçirir.
Memoranduma əsasən tərəf dövlətlərin müvafiq milli qanunvericiliyinə edilən hər hansı əlavə və ya dəyişikliklər barədə təxirəsalınmadan diplomatik kanallar vasitəsilə digər tərəfə məlumat verilməlidir. Eyni zamanda hər hansı fikir ayrılığı tərəflər birbaşa danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Bu Anlaşma Memorandumu bütün prosedurların tamamlanmasını təsdiq edən sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Hazırki Memorandum qeyri-müəyyən müddətə bağlanılır. Ərəb və ingilis dillərində iki əsl nüsxədə imzalanıb. Memorandumun təsvirində hər hansı fikir ayrılığı olduğu təqdirdə, ingilis dilində olan mətnə üstünlük veriləcək.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI