İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş

0

Fevralın 16-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri arasında görüş keçirilib.  

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Tədbiri giriş sözü ilə açan komitə sədri Tahir Mirkişili  bildirib ki, VI çağırış Milli Məclisin yaz sessiyasının iş planına daxil olan məsələlərdən biri də ictimai sektorla görüşlərin keçirilməsi və ictimai iştirakçılığın artırılmasıdır. O, bildirib ki, qanunverici aktların hazırlanması və müzakirəsində ictimaiyyətin iştirakının təmin edilməsi diqqətdə saxlanılır və bu, aktların müzakirəsi zamanı ictimaiyyətin rəyi xüsusi qiymətləndirilir. 

Komitə sədri İqtisadiyyat Nazirliyi yanında İctimai Şura ilə kifayət qədər konstruktiv əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirərək belə formatda görüşün ilk dəfə təşkil olunduğunu qeyd edib, qanunvericiliyin təkmilləşdirilməsi və yeni təkliflər baxımından əlaqələrin genişləndirilməsi zəruriliyindən danışıb. 

Onun sözlərinə görə, “İctimai iştirakçılıq haqında” Qanunun tələblərinə əsasən, iştirakçılığın əsas məqsədlərindən biri də dövlət siyasətinin hazırlanmasında və icra edilməsində ictimaiyyətin fəal iştirakının təmin edilməsidir. İctimai Şuranın potensialını yüksək qiymətləndirən Tahir Mirkişili birlikdə əməkdaşlığın qanundan irəli gələn vəzifələrin yerinə yetirilməsinə, iştirakçılığın tam təmin edilməsinə töhfə verəcəyindən əminliyini ifadə edib. 

Tahir Mirkişili qeyd edib ki, ictimai sektorun iştirakçılığı, islahatların davam etdirilməsi ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsinə töhfə verə bilər. İctimai Şuralarla bağlı Türkiyənin təcrübəsindən bəhs edən komitə sədri cəmiyyətdə və idarəetmədə ictimai təşkilatların rolunu xüsusi qeyd edib. Komitə sədri bu sahədə görüləcək işlərdən danışaraq, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə görüşlərin nəzərdə tutulduğunu da diqqətə çatdırıb. 

Görüşdə çıxış edən İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib ki, şura bir il yarımdır ki, fəaliyyətə başlayıb. O, qeyd edib ki, “İştirakçılıq haqqında” Qanunun tələblərinə uyğun olaraq, İctimai Şuranın qarşısında duran ən mühüm məsələ sahibkarların normativ hüquqi sənədlərin hazırlanmasına cəlb edilməsidir. Bu istiqamətdə mexanizmlərin hazırlanmasının vacibliyini vurğulayan İctimai Şuranın sədri bildirib ki, sahibkarların əksəriyyəti şuranın fəaliyyətindən xəbərsizdirlər. O, diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq, İctimai Şuranın mandatı ondan ibarətdir ki, vətəndaşların marağı çərçivəsində fikirlər öyrənilir və iqtisadiyyat naziri bu barədə məlumatlandırılır. 

Şura sədri bu prosesə qoşulmaq üçün diferensiallaşma və rəqəmsallaşmasının zəruriliyini qeyd edib. O, bildirib ki, birgə fəaliyyət ümumi işimizə, qanunvericiliyin təkmilləşdirilməsinə öz töhfəsini verəcək.   

Görüşdə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, deputatlar Vahid Əhmədov, Ziyad Səmədzadə, Məşhur Məmmədov, Rüfət Quliyev, Vüqar Bayramov, Elnur Allahverdiyev və Aydın Hüseynov fikirlərini bildiriblər, təkliflərini səsləndiriblər. 

 İctimai Şuranın katibi Fərhad Qaraşov, Dövlət Vergi Xidmətinin, Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin sədri Səkinə Babayeva, İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Rəşad Həsənov, “Şəffaflıq – Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin sədri Əliməmməd Nuriyev  çıxış edərək iştirakçılıqla bağlı rəylərini ifadə ediblər, qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar. 

Söhbət zamanı İctimai Şuranın üzvlərini maraqlandıran suallara aydınlıq gətirilib.

Görüşdə Milli Məclisin deputatları İqbal Məmmədov, Anar Məmmədov, Mahir Abbaszadə və digər rəsmi şəxslər də iştirak ediblər.

⤵️

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir