“Qardaş köməyi” platforması çərçivəsində toplanmış yardım Türkiyəyə yola salınıb
Türkiyədəki zəlzələdən zərər çəkənlər üçün “Qardaş köməyi” platforması çərçivəsində toplanmış yardım Lökbatandakı “Agro” terminaldan qardaş ölkəyə yola salınıb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Məlumata görə, növbəti günlərdə yardım aparan daha bir neçə TIR Türkiyəyə göndəriləcək.
“Türkiyənin Azərbaycandakı səfirliyi ilə əlaqələndirilməklə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan şöbəsi (MÜSİAD Azərbaycan), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB), eləcə də bir sıra ictimai birliklərin dəstəyi ilə təsis olunmuş “Qardaş köməyi” platforması kimi təşəbbüsləri KOBİA olaraq dəstəkləyir və sahibkarları fəal iştiraka dəvət edirik”, – deyə məlumatda deyilir.
Qeyd edək ki, fevralın 8-də “Bakı KOB evi”ndə Türkiyənin Azərbaycandakı səfirliyi ilə əlaqələndirilməklə, ASK-nın təşkilatçılığı ilə, “MÜSİAD Azərbaycan”, ATİB, TÜİB, eləcə də bir sıra ictimai birliklərin dəstəyi ilə təsis olunmuş “Qardaş köməyi” platformasının təqdimatı keçirilib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
⤵️
⤵️
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI