Azərbaycanın növbəti çevik xilasetmə qüvvələri Adanadadır, onlar Kahramanmaraşa gedəcəklər
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Adanaya çatıb.
“Turanın səsi ” xəbər verir ki , bu barədə Adanada olan FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev məlumat verib.
O bildirib ki, qüvvələrin tərkibinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq şəxsi heyəti daxildir.
Nazirlik rəsmisi vurğulayıb ki, heyətin Kahramanmaraşda fəaliyyət göstərmələri planlaşdırılır.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 957 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 38 224 nəfər yaralanıb.
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.