Deputat : “İran dərhal Azərbaycandan üzr istəməli və təzminat ödəməyə hazır olduğunu bildirməli idi”
“Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən hücum iki ölkə arasındakı münasibətlərdə iz qoyacaq. Bu hadisə həm siyasi, həmdə iqtisadi, həm də mədəni əlaqələrimizə mənfi təsir edəcək”.
“Turanın səsi ” xəbər verir ki , bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
O bildirib ki, İran baş vermiş terror aktına görə məsuliyyət daşıyır: “Bu terror aktının baş verməsində İran dövləti bilavasitə günahkardır. 1961-ci ildə qəbul olunan Vyana Konvensiyasının 22-ci maddəsində açıq şəkildə qeyd olunur ki, səfirliklərin, diplomatik korpus nümayəndələrinin, konsulluqların təhlükəsizliyi fəaliyyət göstərdikləri ölkələr tərəfindən tam təmin olunmalıdır. İran isə beynəlxalq qanunlara riayət etmir, hətta daha da irəli gedərək hadisəni törədən şəxsin hərəkətinə haqq qazandırmağa çalışır. Guya ki, hadisə ailə-məişət zəminində baş verib. Bu, absurddur. Heç dünya praktikasında bele bir şey yoxdur ki, kimsə ailə-məişət zəminində səfirliyə hücum etsin. İran dərhal Azərbaycandan üzr istəməli və təzminatı ödəməyə hazır olduğunu bildirməli idi. Lakin bu addımı atmadı. Belə olduğu halda İranla müsbət münasibətlərin yaranacağını qeyri-mümkün hesab edirəm”.
Deputat Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətininin tam dayandırılmasına da münasibət bildirib: “Bu addım tam qanunauyğun və anlaşılandır. Çünki bir ölkənin səfirliyinə hücum etmək o ölkənin sərhədlərini pozmaq deməkdir. Səfirliyimizin fəaliyyətinin gələcəkdə bərpası bilavasitə İranın atacağı addımlara bağlıdır. Ümumiyyətlə, İran xüsusən də 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana olan düşmənçiliyini açıq büruzə verdi. Hətta deyərdim ki, Ermənistandan daha çox məğlubiyyətin acısını yaşayır. Bu baxımdan mən indiki halda İranla normal münasibətləri istisna edirəm”.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09