Aqrar siyasət komitəsinin iclasında

0

Yanvarın 26-da Milli Məclisin Aqrar siyasət komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Tahir Rzayev yaz sessiyasının başlaması münasibəti ilə deputatları təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Turanın səsi” xəbər verir ki, Komitə sədri bildirib ki, 2022-ci il Azərbaycan dövləti və xalqı üçün uğurlu il olub. Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş dövlətlər sırasında öz layiqli yerini tutur. Azərbaycan parlamenti də milli maraqlara və ölkənin inkişafına xidmət edən səmərəli fəaliyyət göstərir. Tahir Rzayev hazırda işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərinin sürətlə həyata keçirildiyini, yeni infrastrukturun yaradıldığını diqqətə çatdırıb. O, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini vurğulayaraq, bu ildə də qarşıda mühüm vəzifələrin olduğunu qeyd edib.
Tahir Rzayev bildirib ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib. Bunlar 2022-ci ilin payız sessiyasında komitədə görülən işlər barədə hesabat, 2023-cü ilin yaz sessiyası üçün komitənin iş planının layihəsi və bir sıra qanun layihələridir.
Sonra komitə sədri 2022-ci ilin payız sessiyası dövründə Aqrar siyasət komitəsində görülən işlər barədə hesabatı təqdim edərək, qeyd edib ki, hesabat dövründə komitənin 24 iclası keçirilib, 14 məsələyə baxılıb. Müzakirə olunan sənədlər barədə məlumat verən Tahir Rzayev ötən sessiya ərzində komitə üzvlərinin qanunların hazırlanması, təkmilləşdirilməsi və qəbul olunması prosesində yaxından iştirak etdiyini söyləyib. Onların ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi hadisələrə öz münasibətlərini bildirdiklərini, aktual məsələlər, habelə iqtisadiyyatda olan yeniliklərlə bağlı mətbuatda mütəmadi çıxışlar edərək ölkə ictimaiyyətini məlumatlandırdıqlarını deyib.
Bildirilib ki, payız sessiyasında komitə üzvləri tərəfindən təmsil etdikləri regionlarda seçicilərlə görüşlər keçirilib, onları narahat edən məsələlərin həlli istiqamətində lazımi addımlar atılıb. Qeyd edilib ki, ötən sessiya ərzində komitənin ünvanına 103 məktub, təklif, ərizə və şikayət daxil olub. Gələn müraciətlərlə bağlı müvafiq işlər görülüb, aidiyyəti qurumlara məktublar göndərilib. Bununla yanaşı, komitənin sədri və üzvləri Vətən müharibəsində şəhid olmuş qəhrəmanların anım tədbirlərində iştirak ediblər, şəhid ailələri və qazilərlə görüşüblər, onların sosial-məişət şəraiti ilə maraqlanıblar.
Sonra Tahir Rzayev komitənin 2023-cü il yaz sessiyası üçün iş planının layihəsini təqdim edib. O, bildirib ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, o cümlədən mövcud qanunlara dəyişikliklərin müzakirəsi nəzərdə tutulub.
Komitə sədri diqqətə çatdırıb ki, yaz sessiyasında “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin zəngin irsinin təbliği istiqamətində bir sıra tədbirlərin və görüşlərin keçirilməsi planlaşdırılır.
Qeyd olunub ki, bununla yanaşı, aqrar sahədə işlərin gedişi və yeni vəzifələrin müəyyənləşdirilməsi ilə bağlı aidiyyəti qurumların nümayəndələri, bu sektorda çalışan sahibkarlar və mütəxəssislərlə görüşlərin keçirilməsi kimi məsələlər də yaz sessiyasının iş planına daxil edilib.
Sonra iclasda gündəlikdəki qanun layihələri müzakirəyə çıxarılıb.
Komitə sədri Tahir Rzayev Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edərək bildirib ki, təklif olunan dəyişikliklər dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadənin təmin edilməsi ilə bağlıdır və ölkədə sahibkarlığın inkişafına xidmət edəcək.
Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov bu qanun layihələri barədə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, sənədlər kənd təsərrüfatı təyinatlı torpaqlardan, o cümlədən örüş, otlaq və biçənək üçün torpaq sahələrindən istifadə sahəsində mövcud problemlərin aradan qaldırılması, torpaqların icarəyə və istifadəyə verilməsi mexanizminin təkmilləşdirilməsi və bu sahədə nəzarətin gücləndirilməsi məqsədilə hazırlanıb. Dəyişikliklərə uyğun olaraq, kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə əlaqədar prosesin “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub. Qeyd edilib ki, hazırda bu sahə üzrə torpaq istifadəçilərinin və təsərrüfatların qeydiyyatı EKTİS vasitəsilə aparılır, həmçinin dövlət dəstəyinin tətbiq edilməsi üçün zəruri informasiyaların sistemə daxil edilməsi təmin olunur. Beləliklə, torpaqların istifadəsi ilə bağlı ayrı-ayrı qurumların işinin EKTİS üzərindən vahid yanaşma ilə əlaqələndirilmiş formada təşkili həyata keçiriləcək, torpaqların icarəyə verilməsi ilə əlaqədar müvafiq məlumatların daşınmaz əmlakın dövlət reyestrindən EKTİS-ə real vaxt rejimində ötürülməsi təmin ediləcək, müddəti on bir aydan az olan icarə və istifadə hüquqlarının tanınması daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tələbi götürülməklə, birbaşa EKTİS-ə daxil edilməklə tənzimlənəcək.
Müzakirələr zamanı komitə üzvləri Eldar İbrahimov, Cavanşir Paşazadə, Novruzəli Aslanov, Azər Badamov, Emin Hacıyev, Aydın Hüseynov, Müşfiq Cəfərov komitənin 2022-ci il payız sessiyasının hesabatı və 2023-cü il yaz sessiyası üçün iş planı barədə fikirlərini açıqlayıblar, təqdim edilən qanun layihələrinin vacibliyini söyləyiblər. Deputatlar bir sıra qeyd və təkliflərini də səsləndiriblər.
İclasda iştirak edən Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və icra intizamı şöbəsinin müdiri Nicat Əfəndiyev, Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev qanun layihələri ilə bağlı fikirlərini bölüşüblər, deputatların qaldırdıqları bəzi məsələlərə aydınlıq gətiriblər.
Sonra komitə sədri Tahir Rzayev gündəlikdəki digər qanun layihələrini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Banklar haqqında” və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş) ilə əlaqədar bildirilib ki, sənəd “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə uyğun olaraq hazırlanıb və uyğunlaşdırma xarakteri daşıyır. Layihədə adları çəkilən qanunlarda Mülki Məcəllənin tələblərinin nəzərə alınması təklif olunur.
Komitə sədri daha sonra Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Prosessual Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində və Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi barədə, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Coğrafi obyektlərin adları haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Arıçılıq haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Fərdi məlumatlar haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” və “İnvestisiya fondları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Torpaq bazarı haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti” haqqında”, “Su təchizatı və tullantı suları haqqında” və “Taxıl haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim edib.
Bildirilib ki, bu sənədlər “Media haqqında” 2021-ci il 30 dekabr tarixli Qanunun icrası ilə əlaqədar hazırlanıb. Adları qeyd olunan qanunlarda bir sıra uyğunlaşdırma xarakterli düzəlişlərin edilməsi nəzərdə tutulur. Həmin qanunların müvafiq maddələrində “kütləvi informasiya vasitələri” sözlərinin “media” sözü, “teleradio” sözünün “televiziya və radio” sözləri ilə əvəz edilməsi təklif olunur.
İclasda Aqrar siyasət komitəsində 2022-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabat qənaətbəxş hesab edilib, komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planının layihəsi məqbul sayılıb. Gündəliyə daxil edilən qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub.

⤵️

⤵️

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir