20 Yanvardan Qarabağa 33 illik azadlıq yolu

0

Arzu Nağıyev: “Gənclər elə başa düşürdü ki, əgər fövqəladə hal yoxdursa, hər hansı qadağa qoyula bilməz”

“1988-ci ildən başlayaraq SSRİ-nin dağılması istiqamətində bir sıra addımlar atılırdı. Əsas məqam da ondan ibarət idi ki, Ermənistan və onun havadarları cidd-cəhdlə çalışırdı ki, Dağlıq Qarabağ muxtar vilayətini Azərbaycanın ərazisindən qoparıb özlərinə birləşdirsinlər və ya “qurum” kimi tanıtsınlar”.

Bu fikirləri millət vəkili Arzu Nağıyev “Turanın səsi ” nə 20 Yanvar terroruna gətirib çıxaran səbəbləri şərh edərkən bildirdi.

Millət vəkili xatırlatdı ki, SSRİ rəhbərliyi üçün Azərbaycanı təxribatçı, öz vətəndaşına qarşı problemli siyasət aparan dövlət kimi xarakterizə edən sənədlər hazırlanmalı idi: 

“Ən mühüm məsələ də ondan ibarət idi ki, bütün bunları həyata keçirmək üçün mütləq lidersizləşdirmə siyasəti aparılmalı idi ki, problemləri qabardan öndər olmasın. Heydər Əliyev Azərbaycanda deyildi. Ermənilər bu fürsətdən yararlana bildilər. Bütün bu problemlərə baxmayaraq, Azərbaycanda müstəqilliyin işartıları var idi. Bunun qarşısını almaq üçün problem yaratmaq lazım idi. Prosesi Sumqayıt hadisələri ilə başlatdılar. Nəticədə Ermənistan ərazisində yaşayan azərbaycanlıların deportasiyasına, qovulmasına nail oldular. Eyni zamanda Qarabağ və həmsərhəd kəndlərdə problemlər başladı. O zaman ordu yox idi. Dövlət Təhlükəsizliyi Komitəsi olaraq xüsusi təyinatlı qruplarımız var idi. Polis, yerli özünümüdafiə batalyonları bu kəndlərin qorunmasında iştirak edirdi. Bir müddətdən sonra iğtişaşlar yaratmaq üçün SSRİ xüsusi xidmət orqanları nümayəndələri problemi şişirtməyə başladılar və 1990-cı ilin 20 Yanvar terroruna zəmin yaratdılar. Guya ermənilərin zorakılığa məruz qaldığı görüntüsünü yaratmaq üçün evlərə hücum edilirdi. Bunu da xüsusi xidmət orqanları həyata keçirirdi. Nəticədə heç bir fövqəladə vəziyyət elan edilmədən Bakıya SSRİ qoşunları yeridildi. Qoşunlar bir neçə istiqamətdə – rayonlardan, 20 Yanvar, Qala aerodromu istiqamətindən Bakıya hücum etdi. Yerli əhali, o cümlədən gənclər elə başa düşürdü ki, əgər fövqəladə hal yoxdursa, hər hansı qadağa qoyula bilməz. Təəssüf ki, dinc əhaliyə qarşı silah işləndi. Tanklardan istifadə edərək dağıntılar törətdilər. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. 1990-cı ilin yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” var.  Bu informasiyanın dünyaya yayılmaması üçün Azərbaycan Dövlət Televiziyasının enerji bloku partladıldı. Bununla da informasiya məkanını bağlamağa çalışdılar. Buna baxmayaraq, radio kanallar, kütləvi informasiya vasitələri (KİV) məlumatları çatdıra bildilər. 1990-cı il yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək SSRİ rəhbərliyini günahlandırdı”.


A.Nağıyev qeyd etdi ki, məhz bundan sonra ictimai fəalların, gənclərin həbs edilməsi istiqamətində ciddi addımlar atıldı:
 “Paralel olaraq Azərbaycana məxsus olan gəmilərin hərəkətinə qadağa qoyuldu. Ümumiyyətlə, çox ciddi problemlər yaşandı. Bundan sonra ermənilər bu və ya digər şəkildə baş qaldırmağa başladılar ki, azərbaycanlılar ermənilərə qarşı vəhşiliklər törədiblər, qoşun bunun qarşısını almaq üçün yeridilib. Qoşunun tərkibində Krasnodar və yaxın ərazilərdən gətirilmiş ehtiyatda olan əsgər və zabitlərdən istifadə edilib. Gənclər, tələbələr, azyaşlılar həlak oldu. Bu, Azərbaycanın müstəqilliyinə gedən yolda dirçəliş nöqtəsi idi. Bundan sonra Azərbaycan müstəqillik yoluna qədəm qoymaq üçün ciddi addımlar atdı, çünki bunun qarşısını almaq mümkün deyildi. Proseslər SSRİ-nin respublikalarına yayılmağa başlamışdı.  Həbs olunan gənclərdən itkin düşənlər də oldu, azad olunanlar da”.

Onu da nəzərə çatdıraq ki, 90-cı illərdə Azərbaycan xalqına qarşı kütləvi qətliam Bakı ilə yanaşı, Qarabağda –  Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərində də ermənilər tərəfindən törədilib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir