İcra başçıları ilə bağlı sorğunun nəticələri açıqlanıb
Azərbaycanda respondentlərin 65.6%-i hesab edir ki, yerli icra hakimiyyəti başçısı cəmiyyətin üzvü kimi olmalı və yüksək nüfuzlu şəxs kimi hər kəsdən yuxarıda dayanmamalıdır.
“Turanın səsi ” xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin regionlarda dövlət hakimiyyətinin təmsilçisi, ictimai-siyasi fiqur, eləcə də son illər aparılan islahatların başlıca tərəflərindən biri olmasını nəzərə alaraq, yerli icra hakimiyyəti başçıları ilə bağlı keçirdiyi rəy sorğusunun nəticəsində məlum olub.
Sorğuda iştirak edənlərin 30.3%-i isə icra hakimiyyəti başçısının yüksək statusu ilə hər kəsdən yuxarıda dayanması mövqeyini bölüşüb. Respondentlərin 4.1%-i bu fikrə münasibət bildirməkdə çətinlik çəkib.
Bildirilib ki, bu sahədəki beynəlxalq tədqiqatlarda yerli idarəetmənin ayrı-ayrı aspektləri arasında şəxsiyyət amilinin əhəmiyyətinə xüsusi yer verilir. Ali, yuxarı və mərkəzi instansiyalardan sonrakı pillədə dayanan yerli icra hakimiyyəti başçıları daşıdıqları hüquqi status baxımından yerlərdə digər vəzifəli şəxslərin, sosial qrupların müqabilində yüksək mövqedə qərarlaşır. Lakin bəzi hallarda bu statusdan sui-istifadə müxtəlif neqativ halların, məmur özbaşınalığı ilə bağlı xəbərlərin yaranması ilə nəticələnir.
Xatırladaq ki, 2019-cu ildən başlayan islahatların yeni mərhələsində dövlət başçısı tərəfindən məmurlara müntəzəm çağırışlar edilib.
STM-in keçirdiyi sorğularda yerli icra hakimiyyəti başçılarının cəmiyyət daxilində formalaşan qeyri-rəsmi nüfuzunu, statusunu, başqa sözlə, ictimai təsəvvürdə rəhbər şəxs profilini müəyyən etmək məqsədilə bu istiqamətdə respondentlərə müxtəlif fikirlər ünvanlanıb və onlara olan münasibət təhlil edilib.
Sorğu nəticələrini respondentlərin yaş qrupları üzrə nəzərdən keçirdikdə, aşağı yaş qruplarından yuxarı yaş qrupuna doğru bu fikirlə razılaşanların sayında azalan, razılaşmayanların sayında artan dinamika qeydə alınıb. Başqa sözlə, nəticələr yuxarı yaş qruplarını təmsil edən respondentlərin keçmiş sovet təcrübəsindən, inzibati amirlik sistemindən irəli gələn rəhbər şəxs təsəvvürünün əhəmiyyətli ölçüdə qaldığını, gənc nəsli təmsil edənlərin mövqeyinin bu mənada fərqləndiyini göstərib.
Həmçinin sorğuda iştirak edən kişilərin 32.8%-i, qadınların 27.8%-i bu fikirlə razılaşmadığı halda, şəhərdə məskunlaşan təqribən hər dörd nəfərdən üçü, kənddə məskunlaşan hər iki nəfərdən biri bu fikirlə razılaşdığını bildirib.
Sorğu 2022-ci il ərzində 18 yaşından yuxarı 1068 respondent arasında kompüter dəstəkli şəxsi müsahibə üsulundan istifadə olunmaqla keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib, ehtimallı seçmənin klaster üsulundan istifadə olunub və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 3%-ə bərabərdir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09