Milli Məclisin Mədəniyyət komitəsindəAzərbaycanın mədəni diplomatiyası haqqında ictimai müzakirə keçirilib
Noyabrın 13-də Milli Məclisin Mədəniyyət komitəsi “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda ictimai müzakirə keçirib.
Bülbül Fondunda təşkil olunan tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının, ali təhsil müəssisələrinin, yaradıcılıq təşkilatlarının nümayəndələri, tanınmış elm və incəsənət xadimləri iştirak ediblər.
İctimai müzakirəni açan Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu Azərbaycanın mədəniyyətlərarası diplomatiyasının regional və beynəlxalq əməkdaşlığın inkişafına, dünyada sülh və həmrəyliyin möhkəmləndirilməsinə verdiyi töhfələrdən danışıb. O, Bakı Prosesinin və bu çərçivədə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanın sivilizasiyalar arasında qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində fəal rolunun bariz göstəricisi olduğunu vurğulayıb. Komitə sədri, cənab Prezident İlham Əliyevin VII Forumdakı çıxışının mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsi, dialoq və etimad mühitinin gücləndirilməsi, Azərbaycanın beynəlxalq təşəbbüslərinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Arzu Paşaqızı